XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 11:31

Erməni müəllif Azərbaycan-Avropa Birliyi sövdələşməsindən yazdı

Brüssel indiki anda yığılmış problemləri həll etmək iqtidarında deyil

Riqada Şərq tərəfdaşlığı sammiti başa çatdı. Qarşılıqlı fəaliyyətin yekunlarının hesablanması əvəzinə, daxili problemlərin kəskinləşdiyi və Brüsselin indiki anda yığılmış problemləri həll etmək iqtidarında olmadığını gördük. Həqiqətən də, Şərq tərəfdaşlığı proqramı böhran yaşayır. Proqramın altı üzv ölkəsindən heç biri sammitdən müəyyən uğur əldə etmədi. Ukrayna və Gürcüstanla vizasız rejim qəti şəkildə müəyyən edilmədi – ilin sonuna qədər gözləmək lazım gələcək. Azərbaycan, Ermənistan və Belorusla münasibətlər, yumşaq desək, anlaşılmaz olaraq qalır. Hələ Vilnüsdə keçən sammitdə aydın idi ki, bu ölkələrlə münasibət formatının dəyişikliklərə ehtiyacı var, bu ölkələrin Rusiya ilə münasibətlərinə görə fərdiləşdirilmiş yanaşma lazımdır.

AB-nin rəhbərliyi Riqada bu cür yanaşmadan danışsa da, nə AB-nin, nə də üç üzv ölkədən heç birinin bunun necə baş verəcəyi haqda təsəvvürü var.

Və bu, təbiidir, çünki AB ilə münasibətləri konkretləşdirməkdən ötrü əvvəlcə həm siyasi, həm də iqtisadi planda Rusiya ilə münasibətlərin dəqiqləşdirilməsi nəzərə alınmalıdır. Avrasiya İqtisadi Birliyinin (AİB) üzvləri Ermənistan və Belorus Rusiyanın maraqlarına toxunmamaqdan ötrü özlərini necə aparmalı olduğunu başa düşmür.

Sammit başlanana qədər gözlənilirdi ki, Ermənistan-AB çərçivə sazişinin hazırlanması üzrə danışıqların başlanması haqda bəyannamə imzalanacaq. Lakin tərəflər bəyannamədə ancaq bunu etməyə hazır olduqları ifadəsi ilə kifayətləndi. Belorus və Azərbaycanla da durum eynidir.

Lakin qeyri-müəyyənliyə baxmayaraq, AB-nin Ermənistanla işləməyə hazır olması İrəvana öz xarici siyasətinin iqstiqamətini nisbətən tarazlaşdırmaq imkanı verir. Əks halda Ermənistan AİB daxilində təcrid olunar və qiymətdən düşərdi.

Proqramın dalana dirənməsini yekun bəyannaməsi ətrafındakı durum da göstərdi. Ermənistanla Belorus “Krımın ilhaqı” ifadəsinə görə onu imzalamaqdan imtina etdi. Nəticədə AB güzəştə getdi: bəyannamənin mətnində Belorusla Ermənistanın bu cür ifadəyə qarşı çıxış etdiyi haqda xatırlatma verilməsi qərara alındı. Sonra Dağlıq Qarabağ barədə ifadəyə görə Azərbaycan sənədi imzalamaqdan imtina etdi. Bəyannamə yalnız Avropa Şurasının rəhbəri Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevə zəng edəndən sonra imzalandı.

Bəyannamənin Dağlıq Qarabağ hissəsində ümumiləşdirilmiş xülasələr qeyd olunub. Məsələ burasındadır ki, söhbət nizamlanma prinsipləri konkretləşdirilmədən ancaq məsələnin beynəlxalq hüquq çərçivəsində nizamlanmasından gedir.

Aydındır ki, AB elə etməyə çalışır ki, Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək Qarabağ məsələsi üzrə beynəlxalq mövqeyə zidd olmasın. çünki bu prinsiplər göstərilsəydi, AB-nin iki münaqişəyə müxtəlif cür yanaşması göz qabağında olardı. Artıq uzun müddətdir ki, AB-ni ikili standartların tətbiqində ittiham edən və Qarabağ məsələsini Ukrayna böhranı ilə eyniləşdirməyə çalışan Bakıya məhz bu xoş gəlmədi. Azərbaycan XİN başçısı Bakının güzəştə getməklə sənədi imzaladığını desə də, əslində, erməni tərəfi AB ölkələrinin Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi elan etməsi ilə barışaraq güzəştə getdi.

Gevork Ağababyan

“Yerkir”, (Ermənistan), 25.05.2015