Baş nazirin müavini, Binəqədidəki faciəli yanğınla bağlı yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistlə kobud rəftarını AMİP Siyasi Şurasının üzvü Əli Oruclu da kəskin qınayıb.
Strateq.az-a açıqlamasında Əli Oruclu deyib ki, Abid Şərifov bəzi yüksək rütbəli dövlət məmurlarının tipik obrazıdır:
“Bu obrazda özündən yüksək vəzifəlilərin qarşısından yaltaqlanmaq, qorxmaq, çəkinmək, özünü yazıq və fağır göstərmək, yeri gələndə acımaqlıq, yanğınlıq nümayiş etdirmək, özündən aşağılarla isə qaba, kobud davranmaq, təhqir ermək, aşağılamaq, saymamazlıq kimi xüsusiyyətlər özünü biruzə verir. Baxın, 19 may faciəsi ilə prezident tərəfindən yaradılmış Dövlət Komisiyasının sədri olan Abid Şərifov hamını narahat edən suallara hansı əda və tövrlə cavab verir. Bu adam anlamaq istəmir ki, dövlət onların şəxsi mülkiyyətləri deyil ki, onun sərvətlərindən və büdcəsindən istədikləri kimi davransınlar. Açıqlıq və şəffaflıq olsaydı, ictimai nəzaratə imkan verilsəydi, qanunlar işləsəydi, belə ağır faciə də baş verməzdi.
Hesab edirəm ki, həmin komissiyada nə Abid Şərifova, nə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalibova, nə Fövqəladə Hallar Naziri Kəmallədin Heydərova, nə maliyyə naziri Samir Şərifova yer olmalıdır. Ən azından onlar vəzifələrindən uzaqlaşdırılmalı idilər. çünki onların hər birinin bu yanğında, bu faciədə birbaşa, yaxud dolayısı ilə bağlantıları və məsuliyyətləri var”.