Bu gün cəbhə bölgəsində baş verən hadisələrlə bağlı ALP lideri Lalə Şövkət xüsusi bəyanatla çıxış edib.
Strateq.az-a daxil olan bəyanatda deyilir:
"Əziz həmvətənlər!!!
Əziz hərbçilərimiz – Əsgər, Çavuş, Zabitlərimiz!
İşğalçı Ermənistan Azərbaycanla atəşkəsi yenidən pozmuş, kəndlərimizə və şəhərlərimizə hücum etmişdir.
Bir an belə sayıqlığını itirməyən igid Azərbaycan oğulları düşmənin layiqli cavabını dərhal vermişdir. Qarşı tərəf böyük itkilərə məruz qalmışdır. Bu anda da cəbhədə şiddətli döyüşlər gedir.
Ən kədərlisi odur ki, 12 hərbçi övladımız şəhid, bir neçə dinc soydaşımız atəşin qurbanı olmuşlar, onlarla yaralı var.
Allahdan onların hamısına rəhmət, yaxınlarına səbir, yaralılarımıza şəfa diləyirik.
Bu məsul məqamda biz hamımız hər cür narazılıqları kənara qoymalı, panikaya yol verməməli və Milli Ordumuza dəstək olmalıyıq. Azərbaycan diplomatiyası bütün dünya ictimaiyyətinə birmənalı Ermənistanın provokasiya və təxribatını çatdırmalıdır.
Qoy, bizim əziz Əsgər, Çavuş, Zabitlərimiz bilsinlər ki, biz, bütün azərbaycanlılar, hər birimiz, heç nədən – siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq, onlara mənəvi arxayıq.
Sizin cəngavərliyinizə, qorxmazlığınıza, şücaətinizə, qəhrəmanlığınıza, peşəkarlığınıza və Qələbəmizə inanırıq.
Vətən sizə güvənir!
Bilin ki, Ana Vətən, Azərbaycanımızın Ən Böyük Ümidi sizlərə bağlıdır!
Mən həlak olmuş şəhidlərimizin və dinc soydaşlarımızın ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Ulu Tanrı Azərbaycan Əsgərini, Azərbaycan Milli Ordusunu Qorusun!
VƏTƏN, BAŞIN SAĞ OLSUN!"