XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 16:31

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu:"YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Əhməd QƏŞƏMOĞLU, sosioloq

 

Təbii ki, indiki vaxtda qarşımızda duran əsas məsələ, müharibədə qazandığımız böyük uğurdan sonra ölkəmizi hər cür təhdidlərdən, mənfur siyasətlərin həyata keçirilməsindən qorumaq və yeni bir yüksəliş, tərəqqi dövrünün başlaması üçün çalışmaqdır. Bu məsələdə uğur qazanmağımız üçün bütün imkanlarımızdan, bacardığımız qədər, geniş şəkildə istifadə etməyimizə ehtiyac vardır. 

Şükür ki, imkanlarımız olduqca çoxdur. İndi bu imkanlardan səmərəli şəkildə istifadə etməyimiz lazımdır.

Qarabağa qarşı mənfur siyasətin açıq şəkildə fəallaşdığı 1987-ci ildən bu günə qədər böyük bir təcrübə əldə etmişik. Artıq Qarabağı əlimizdən almaq üçün kimlərin nə siyasət yürütdüyünü, hansı metodlardan istifadə etdiyini aydın bilirik. Dostlarımızı da yaxşı tanıyırıq, düşmənlərimzi də.

Yaranmış problemlərin ortadan götürülməsi üçün olduqca qiymətli təcrübəni həm də 44 günlük İkinci Qarabağ savaşımızda qazandıq. Bu təcrübə bizə uğur qazanmaq üçün açarın tapılmasına kömək etdi.

Bu savaşda biz ona görə belə möhtəşəm qələbə çaldıq ki:

1) xalq öz hökuməti, öz prezidenti ilə birlikdə idi. Hakimiyyətlə xalq arasında qarşılıqlı anlaşma vardı.

2) Türkiyə bizim yanımızda idi;

3) müzəffər bir ordumuz vardı;

4) ölkədə heç bir etnik, dini, siyasi və s. qarşıdurma yox idi. Hamı üçün bir ümumi məqsəd vardı – qalib gəlmək!

5) beynəlxalq aləmdə gedən prosesləri lazım olduğu qədər qiymətləndirə bildik, o proseslərdə iştirak etdik, uğurlu diplomatik naliyyətlərimiz oldu.

Fikrimcə, indi biz bu təcrübədən olduqca geniş şəkildə istifadə etməliyik. İstənilən sahədəki problemlərimizin həllində bu 5 şərtin qarşılıqlı əlaqəli şəkildə yaratdığı imkan bir uğur açarı rolunu oynaya bilər.

Döyüş meydanında uduzan düşmənlərimiz indi bizə mane olmaq üçün bu şərtlərin hər birinə qarşı hələlik informasiya müharibəsinə başlayıb. Bu informasiya müharibəsində ən məkrli istiqamət türk birliyinə qarşı aparılan çirkin oyunlardır. Çünki bu sahədə saldıqları hay-küylə öz ətraflarına daha çox tərəfdaş yığmağın mümkün olduğuna inanırlar.

Təəssüf ki, artıq onlara səs verənlər də var. Bu isə beynəlxalq aləmdə müəyyən bir gərginliyin formalaşmasına səbəb ola bilər. Çünki dini, etnik məsələ çox həssas bir məsələdir və insanlara kütləvi şəkildə təsir etmək imkanlarına malikdir. Bu mexanizm dağıdıcı qüvvələrin hər zaman istifadə etdiyi bir vasitədir. Düşmən, Türkiyənin bizim yanımızda olması ilə öz gücsüzlüyünü hiss edərək, bu amildən bizim əleyhimizə iş aparmaq üçün geniş fəaliyyətə başlayıb. Bu fəaliyyəti daha çox qapalı qapılar arxasında, gizli şəkildə aparırlar. Bütün dünyada, xüsusi ilə Qərb ölkələrində “Türk birliyi”, “Osmanlı dövlətinin bərpası”, “Turan dövləti” xofu yaratmağa, bununla da özlərinə tərəfdar toplamağa çalışırlar. Türk dünyasını tarixən aralarında gərginlik olmuş bütün dövlətlərlə qarşı-qarşıya qoymaq, dünyada bir “türk təhlükəsi” yaranması fikrini formalaşdırmaqla özlərinin “xilaskar”, “qurbanlıq”, “əlaltı” obrazlarını yaradaraq, həm hərbi, həm maddi, həm də mənəvi dəstək almaq üçün dəridən-qabıqdan çıxırlar.

İkinci Qarabağ müharibəsi başlayanda da ermənilər bu istiqamətdə çox hay-küy saldılar. İstədiklərinə nail ola bilmədilər. İndi daha böyük məkrlə bu sahədə fəaliyyətlərini gücləndiriblər. Artıq Rusiyada Jirinovski və o düşüncədə olanların apardıqları iş göz qabağındadır.

Bununla onlar əhalinin həm şovinist, həm də sadəlöh insanlarını xeyli qıcıqlandırır, antitürk cəbhəsi yaratmaq üçün zəmin yaradırlar. Bu günlərdə tanınmış rus hərbi eksperti İ. Korotçenko da azərbaycanlı jurnalistə verdiyi müsahibədə ermənilərin bu sahədə ciddi fəaliyyət göstərdikləri haqda ictimaiyyətə xəbərdarlıq etdi. O, eyni zamanda doğru olaraq qeyd etdi ki, bu kampaniyanın arxasında Qərbin, başqa ölkələrin xüsusi xidmət orqanları, maraqlı dairələri də dayana bilər.

İndi Rusiyanın TV kanallarında, saytlarda bu sahədə iyrənc bir kampaniya getməkdədir. Ona görə biz də bu türk birliyi məsələsindən məkrli planlar üçün istifadə edilməsinə yol verməməliyik. Bu istiqamətdə başlanan informasiya müharibəsinə intellektual bir mövqe ilə çavab verməliyik.

İlk növbədə, tez bir zamanda beynəlxalq aləmdə fikir formalaşdırmalıyıq ki, türk birliyinin indiki vaxtda yaranması təbii-tarixi bir prosesdir və bu birlik yer üzündə gərginliyin yox, ahəngdarlığın, sülhün yaranma prosesinə ciddi kömək göstərəcəkdir. Türklərin birliyi qarşıdurma yaratmaq üçün yox, yer üzündə daha ahəngdar münasibətlərin qurulmasına xidmət edəcəkdir. Bu, həqiqətən də, belədir.

Müasir siyasətçilərin axıra qədər nəzərə ala bilmədiyi bir məsələ var: qloballaşma sürətləndikcə, cəmiyyət həm mürəkkəbləşir, həm də həssaslaşır. Bu həssaslaşma hesabına cəmiyyətin öz inkişaf qanunauyğunluqları əvvəlki dövrlərə nisbətən daha ciddi təsirə malik olur və özünün nizamını diktə etməyə başlayır. Belə bir dövrdə cəmiyyətin inkişaf qanunauyğunluqlarına zidd müdaxilə daha çox gərginlik yaradır. Bu gərginliyi yaradanın özü ciddi əks təsirə məruz qalır. İnsanlar arasında hər zaman belə bir fikir dolaşır: “Hər şeyi Allah görür, Allah cəzasını verir”.

Əslində, dərindən fikir verdikdə, cəmiyyətin qanunauyğunluqları elə o Allah deyilən böyük qüvvənin təsir vasitələridir. İndi türk birliyinin yaranması tarixdə böyük rol oynamış türk dünyasının halal bir haqqıdır.

İndi cəmiyyətdə baş verənlərin mahiyyətini ətraflı olaraq təsəvvür etmək üçün bir cərrahın bir insan üzərində apardığı əməliyyatı göz önünə gətirmək olar. Əgər cərrah həmin insanın bədəninin xüsusiyyətlərini, qanunauyğunluqlarını nəzərə əlaraq əməliyyat aparırsa, o zaman, təbii ki, bu əməliyyat uğurlu nəticə verəcəkdir. Əksinə, bədənin xüsusiyyətləri nəzərə alınmadan, cərrahın hansısa bir marağına uyğun əməliyyat aparılırsa, nəticənin nə olacağı bəllidir.

Təəssüf ki, indiki siyasətçilər bir çox hallarda bədənin xüsusiyyətlərinə əhəmiyyət vermədən, öz maraqlarına uyğun əməliyyat aparan cərrahlara bənzəyirlər.

Bəzilərinin fikrincə, indi yer üzündəki gərginlik, pandemiya qlobollaşmanın sürətini zəiflədib. Bu belə deyil, qlobollaşma prosesinə birtərəfli baxışdır. Qlobollaşma təbii tarixi bir prosesdir. Pandemiyadan, kiminsə istəyindən asılı olmayaraq bu təbii-tarixi proses müəyyən təcillə davam edir.

Türk xalqlarının bir-birinə yaxınlaşması qlobollaşmanın yaratdığı təbii-tarixi bir prosesdir. Bunu sistem nəzəriyyəsi, müasir sosiologiyanın ortaya qoyduğu nəzəriyyələrlə, məntiqlə tamamilə əsaslandırmaq olar. İndiki tarixi şəraitdə öz tarixi kökləri ilə, mənəviyyatca, mədəniyyətcə biri-birinə yaxın olan xalqların mütərəqqi, sülhsevər ideyalarla biri-birinə yaxınlaşması, bir birlik yaratması yer üzündə gələcəkdə sabitliyin yaranması üçün tarixi bir zərurətdir. Əgər gələcəkdə yer üzü belə birliklərin sülhsevər ittifaqından ibarət olarsa, indiki və gələcək bəlalardan daha uğurla qurtara bilər. Belə birliklərin yaranması yer üzünə daha ahəngdar bir nizamın gəlməsinə kömək edər. Bu prosesin alternativi yoxdur. Əks halda, hər bir azsaylı etnik mənsubiyyət “öz azadlığı uğrunda mübarizə” aparmağa başlayacaq ki, bunun nəticəsində yer üzündə, bütün ölkələrdə hərc-mərclik, qarşıdurma daha şiddətli olacaqdır. Çünki hələ müasir rasionalist, praqmatik Qərb elmi azadlıq kateqoriyasının mahiyyətini lazımi qədər izah etməyibdir. Əslində azadlıq, Qərbin indi təlqin etdiyi yox, hər kəsə öz potensialından öz ətrafında ahəngdar şəraitin yaranmasında daha çox istifadə edə bilmək imkanlarının olmasıdır.

Bəli, türk xalqları bütün dünya xalqlarını inandırmalıdır ki, onların birləşməsi, kiminləsə qarşıdurmanı dərinləşdirməyə yox, əksinə, yer üzündə əmin-amanlığın yaradılmasına xidmət edəcəkdir. Türk xalqlarının folkloru, yazılı ədəbiyyatı, tarixi keçmişi, orta əsrlərdə yaranmış elmi-bədii-fəlsəfi nailiyyətləri də belə bir fikir formalaşdırmaq üçün mühüm potensiala malikdir. Əgər türk xalqlarının yaratdığı imperiyalardan söz açsaq, bu ötən tarixi dövrün sivilaziyasına məxsus bir xüsusiyyət idi. Bu da bir tarixi faktdır ki, türk xalqları öz imperiyalarına dostcasına, yaxud zorla qatdıqları heç bir ölkədə etnik təmizləmə, dini sistemin dəyişməsi ilə, dağıdıcılıqla məşğul olmamışlar. Əksinə, həmin ölkələrdə böyük quruculuq işləri görmüşlər.

Biz ermənilərin qorxutduğu xalqlarla daha intensiv əlaqələr yaratmaqla bir fikir aydınlığı formalaşdırmalıyıq. Ermənilər hələlik öz mənfur niyyətləri hesabına yandırmadıqları körpüləri qorumalı, onlarla daha geniş əlaqələr yaratmalıyıq. Bütün türk xalqlarının görkəmli nümayəndələrinin, eləcə də Rusiyanın, Qərb ölkələrinin, Türkiyənin tarixən gərginlik yaşadığı ölkələrin nümayəndələrinin də iştirak etdiyi müxtəlif onlayn formatlı tədbirlərdə bu məsələni müzakirə etməyimiz faydalı olardı.

Bəzilərimizdə belə fikir yarana bilər ki, bu işlə ancaq siyasətçilərimiz, diplomatlarımız məşğul olmalıdır. Fikrimcə, təkcə onların məşğul olması bəs etməz. Biz bu sahədə bütün potensialımızı hərəkətə gətirməliyik. Amma bunun üçün əvvəl xüsusi bir platforma hazırlanmalıdır. Jurnalistlərimiz, diaspora fəallarımız, beynəlxalq əlaqələri olan və bu məsələlərə aydınlıq gətirə bilən alimlərimiz, bloqerlərimiz, müxtəlif sahələrdəki digər ziyalılarımız da bu işə qoşulmalıdırlar. Dünya xalqları bilməlidir ki, türk xalqları kimi isə əsarətə almaq üçün yox, özünü müdafiə, öz mədəniyyətini inkişaf etdirməklə yer üzündə əmin-amanlığın artmasına kömək etmək məqsədi ilə birlikdə fəaliyyət göstərmək istəyir.

Həqiqətən də, türk xalqlarının yer üzünü indiki ağır durumdan qurtarmaq üçün böyük potensialı vardır. Bu məsələlərə aid ciddi elmi araşdırmalar aparılmalı, filmlər çəkilməli, kitablar yazılmalıdır. Bu potensialın əsas mənbələri aşağıdakılardır:

1) Bütün tarixi sənədlərin birmənalı olaraq təsdiq etdiyi kimi, türk xalqları dünyanın ən qədim xalqlarından biridir;

2) Türk xalqlarının liderləri həm öz nümayəndələrinə, həm də bütün xalqların nümayəndələrinə bildirməlidir: cahangirlik, imperiya ideyası “qızılca xəstəliyi” kimi bir şeydir. Hər bir güclənən xalq bu xəstəliyi keçirir. O xalq dünyanın çox hissəsinə, bütün yer üzünə öz nizamını gətirməyə çalışır. Türk xalqları bu xəstəliyi çoxdan keçirmiş, bu ideyanın mənasız olduğunu öz ruhu ilə hiss etmiş, indi özünün insanlıq üçün xas olan yeni mərhələsinə başlamışdır. Bu yeni mərhələ “istila”, “işğal” prinsipləri üzərində yox, “yer üzünə qayğı” prinsipinə əsaslanır;

3) Türk xalqları indiyədək hansı ölkənin, hansı xalqın torpaqlarını tutmuşsa, həmin xalqla doğma münasibətlər qurmuş, həmin torpaqlarda abadlıq işləri aparmış və orada elmin, mədəniyyətin inkişafına kömək etmişdir;

4) Türklər özlərini təkcə Mete, Atilla, Çingiz xan, Osman Qazi, Əmir Teymur, Fateh Sultan, Şah ismayıl, Nadir şah kimi cahangir sərkərdələri ilə deyil, həm də dünyanın, formalaşan sivilizasiyaların inkişafına yön verən Əl-Xarəzmi, Əl-Fərabi, Biruni, İbn Sina, Bəhmənyar, Xətib Təbrizi, Mahmud Qaşqarlı, Yusif Balasaqunlu, Əhməd Yəsəvi, Nizami Gəncəvi, Sührəverdi, Bektaşi, Yunus Əmrə, Mövlanə, Tusi, Uluqbəy, Siracəddin Urməvi, Nəimi, Nəsimi, Fizuli, Əlşir Nəvai, Bakuvi və b. kimi bir çox böyük alimləri, mütəfəkkirləri ilə tarixdə təsdiq etmişdir. Həmin dahi insanların əsərləri müasir dünyadakı problemləri ortadan götürmək üçün olduqca böyük potensiala malikdir.

Bu potensial barədə xüsusi danışmağa ehtiyac vardır. Əvvala, belə bir potensial indi bizimlə düşmənçilik edən qüvvələrin heç birində yoxdur. İlk növbədə ermənilərdə yoxdur. Elə bu faktın özü göstərir ki, bizim ərazilərimizdə illər boyu hansı xalq yaşamışdır. Bu əraziyə iddia edilməsi tapşırılanlar, eləcə də belə bir oyun quranlar ermənilərin də keçmişdə həmin ərazidə yetişən dünya səviyyəli, yuxarıda adları sadalanan sərkərdələrə, müdrik insanlara tay tutula bilən bir şəxs göstərə bilərlərmi?

Digər tərəfdən, bu müdriklərin əsərlərinin hər zaman, elə indiki dövrdə də yer üzündəki qarşıdurmaları ortadan götürmək, dünyəvi elmlərin daha düzgün yolla inkişaf etdirilməsi üçün təkrarsız, başqa heç kimdə olmayan böyük potensialı vardır. Bu sözləri mən mübaliğə üçün yox, uzun illər apardığım təhlillərdən gəldiyim qənaətlər əsasında yazdım. Çünki orta əsr islam, xüsusi ilə türk alimlərinin əsərlərində rasional amillərlə yanaşı, rasional olmayan amillərin də elmi araşdırmaya gətirilməsi sahəsində ortaya qoyduqları müddəalar, əldə etdiyi nəticələr başqa heç kimdə yoxdur.

Doğrudur, Şərqdə çox böyük müdrik insanlar olubdur. Misirin, Yunanıstanın, Çinin, Hindistanın elmindən, mədəniyyətindən, müdrik insanlarından çox danışmaq olar. Amma onların heç birində elmdə orta əsr türk alimlərində olduğu qədər konstruktiv yanaşma olmayıbdır. Yer üzü hələ təsəvvüf, irfan fəlsəfəsinin potensialından lazımınca bəhrələnməyibdir. Əl-Fərabi, Biruni, İbn Sina, Sührəverdi kimi dahi insanlar, onların şagirdləri elmi araşdırmalarda rasional olmayan amillərdən də istifadə zəruriliyini ciddi şəkildə əsaslandırmışlar. Onların vəhyin mahiyyəti, vəhyin ortaya qoyduqları ilə rasional məntiqdən birlikdə istifadə zərurəti barədə olduqca ciddi mülahizələri barədə xeyli elmi mənbələr vardır. Əgər elm onların dediyi yolla inkişaf etsəydi, indi yer üzündə tamam başqa – ahəngdar, gözəl bir mənzərə olardı. Təəssüf ki, 14-15-ci əsrlərdən sonra dünyəvi elmlərdə diktə Qərb alimləri tərəfindən edildiyinə görə elm ancaq rasionalizm və praqmatik dəyərlər əsasında inkişaf etdi və yer üzünü bu günə qoydu.

İndiki tarixi vəziyyət bütün insanlıq üçün geriyə dönərək, orta əsr türk alimlərinin yarımçıq qalmış xəttini inkişaf etdirmək zərurəti yaradıb. Dünyəvi elmlərin indi əldə etdiyi nəticələr həmin potensialın daha dərindən açılmasına xeyli imkanlar yaradıb. Yer üzünün gələcəyinin açarı vəhşi “qızıl milyard” müddəası deyil. Daha ahəngdar inkişafın yollarını tapmaqdır. O yollarınsa əsas prinsipləri Nizaminin, Sührəverdinin, H. Bektaşinin, Y. Əmrənin, Mövlanənin, yuxarıda adlarını çəkdiyimiz digər müdriklərin əsərlərindədir. Kainatın və yer üzünün sirlərindən birlikdə bəhrələnməklə yaradılmış bu əsərlərdə orta əsr türk fəlsəfəsinin, türk mədəniyyətinin böyük potensialı saxlanmaqdadır. Türk dünyasının böyük üstünlüyü bundadır. Bu potensialın açılmasına həm daxildə türk birliyinin bütün nümayəndələrinin, həm də türkdən xoflananların böyük ehtiyac var.

Bu əsərlərin potensialı lazımi qədər açıldıqda, məlum olacaqdır ki, bütün bu indiki silah ixtiralarına, müharibələrinə xərclənən milyardlar tamamilə başqa istiqamətdə – yer üzünə ahəng gətirən elmlərin və siyasətin inkişafına yönəldilməlidir. Bu yolda türk dünyasının əvəzsiz rolu ola bilər. Bu əsərlərdəki prinsiplərin müasir həyata gətirilməsi sahəsində böyük, beynəlxalq səviyyəli elmi araşdırma mərkəzləri fəaliyyət göstərməlidir.

Türk xalqlarını sayı çoxdur. Müxtəlif qolları dünyanın hər yanına şaxələnibdir. Yəni böyük bir şəbəkəyə malikdirlər. Ona görə də türk birliyi gücləndikcə, həmin bu mütərəqqi ideyaların da dünyaya tez yayılma imkanları artacaqdır.

İndi Rusiya ermənilərin antitürk kampaniyası apardığı çox mühüm bir məkandır. Biz – alimlər, jurnalistlər, diaspora təşkilatları, iş adamları və b. Rusiyada daha doğru bir fikrin yayılmasına çalışmalıyıq. Ruslarla türklərin ittifaqı həm Rusiyanın həm də türk dünyasının gələcəyi üçün bir zərurətdir. Bunu yenə də qlobollaşma prosesi tələb edir. Rusiyanın artıq “birinci Pyotrun vəsiyyətləri” adlanan prinsiplərlə yaşamasının, siyasət qurmasının limiti bitmişdir. İndi yer üzündə nizam dəyişmişdir. İndiyə qədər fayda verən ideyaların indən sonra əks nəticələr verəcəyi aydındır. Çünki indiyə qədər Qafqazda hegemon dövlət olmaq, Azərbaycan torpaqlarını öz xüsusi mülkiyyəti kimi bölüşdürmək imkanları var idisə, artıq bu imkanlar tükənib. İndi Azərbaycana güc tətbiq etdikdə bütün türk dünyası, bir qisim islam aləmi, eyni zamanda ağlı, vicdanı yerində olan bir sıra Qərb ölkələri, dünyanın başqa ölkələri tərəfindən sərt qarşılanır. Rusiyanın öz daxilindəki türk xalqlarında rezonans yaradır. Ona görə də bundan sonrakı dövrdə türk xalqları ilə xoş münasibətlər Rusiyanın özünün möhkəmlənməsinə, tərəqqisinə xidmət edə bilər. Biz bu fikirləri Jirinovski kimilərin anlamasına çalışmalıyıq.

Biz türklüyün mahiyyətini həm də öz ölkələrimizdə daha düzgün, ətraflı izah etməliyik. Bu sahədə bir sıra qarışıqlıqlar var. Hələ də “türk” sözünə qarşı müəyyən bir müqavimət var. Belə bir vəziyyətin yaranmasında bir sıra başqa məsələlərlə yanaşı, həm də bizdə “etnik mənsubiyyət”, “milliyyət”, “xalq” anlayışları barədə aydın təsəvvür olmamasıdır. Buna son qoymaq lazımdır.

Sosiologiya elminin XX əsrdə inkişaf edən bir sıra qolları, xüsusilə strukturalizm nəzəriyyəsi bu anlayışların dəqiqləşməsinə kömək edə bilər. Belə ki, hər kəs üçün aydın olmalıdır ki, etnik mənsubiyyət əsasən genetik ortaqlığı, genetik yaxınlığı ifadə edir. Eyni etnik mənsubiyyətə malik olan insanlar bir-birləri ilə fərqli mədəniyyətin təmsilçiləri də ola bilərlər. Milliyyət anlayışı isə mənəvi yaxınlığı nəzərdə tutur. Düzdür, indi politoloqlar, filosoflar, etnoqraflar bu anlayışın başına yüz çür oyun açmaqla məşğuldurlar. Amma dərindən diqqət verdikdə, milliyyət mənəvi yaxınlığı, ortaq mənəvi dəyərlərin olmasını nəzərdə tutur. Fikrimcə, müxtəlif etnik mənsubiyyətlərin nümayəndələri ortaq mənəvi dəyərlərin təmsilçiləridirsə, onların milliyyəti eynidir. Böyük Atatürkün məşhur “Nə mutlu türkəm deyənə!” ifadəsində də elə bu fikir ehtiva olunur. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” fikri də elə bunu təsdiq edir. Etnik mənsubiyyətlərə hörmətlə yanaşmaq, onların tarixi, mədəniyyəti ilə bağlı araşdırmalara geniş yer vermək, həmin etnik mənsubiyyətin ortadan çıxmamasına çalışmaq lazımdır. Bu, hər bir millətin daha sürətli inkişafı üçün də lazımdır. Olduqca məşhur Amerika alimi U. R. Eşbinin irəli sürdüyü “zəruri müxtəliflik qanunu”ndan və sosial psixologiya elminin, sistem nəzəriyyəsinin bir sıra müddəalarından da aydındır ki, hər hansı bir sosial sistemdə sürətli inkişaf, tərəqqi olması üçün orada müəyyən bir müxtəliflik olmalıdır. Əks halda, başqa etnik mənsubiyyətlərə ögey baxan, ölkəni onlardan təmizləyən Ermənistandakı kimi mənəvi aşınma qaçılmazdır.

Ölkədəki etnik mənsubiyyətlərin hamısının müasir dünyada daha rahat yaşaması üçün ortaq olan mənəvi dəyərlər hamı tərəfindən eyni dərəcədə əziz tutulmalıdır. Bizim ortaq dəyərlərimiz bayrağımızın rənglərində öz əksini tapıb. Ən mühüm dəyərlərimiz həm də türklük dəyərləridir. Bu dəyərlər ölkədə titul etnik mənsubiyyət olan türklər üçün də, ləzgilər üçün də, talışlar üçün də, kürdlər üçün də, saxurlar, avarlar, buduqlar və b. bütün etnik mənsubiyyətlər üçün də əziz olmalıdır. Axı onların hər bir nümayəndəsi ölkəmizdə türk dünyasının – adət-ənənələrimizin, məişətimizin, folklorumuzun, yazılı ədəbiyyatımızın, musiqimizin – muğamın, aşıq musiqisinin, estrada müsiqisinin, oyun havalarının ab-havasında, əhatəsində böyüyürlər, fəaliyyət göstərirlər, yazıb-yaradırlar.

Türk mədəniyyəti hər bir etnik mənsubiyyətə öz potensialını daha da inkişaf etdirmək üçün şərait yaradır. Azərbaycan dövlətinin həyata keçirdiyi milli siyasət bunun üçün hər çür imkanlar verir. Türk mədəniyyətini hamımızın doğma bir mədəniyyət kimi qəbul etməmiz ölkəmizi daha qüdrətli edər. Məhz o zaman düşmənlər etnik fərqlilikdən istifadə edərək ölkədə qarşıdurma yarada bilməzlər.

Biz indi eyni zamanda “Türkün yeganə dostu türkdür!” şüarını doğma bir münasibətlə kənara qoyub, “Yer üzünün bütün mütərəqqi qüvvələri, haqq yolunda olanlar, haqq yolunun yolçusu olan türklərin dostudur!” şüarının potensialından istifadə etməliyik. İkinci Qarabağ müharibəsi dövründə bizə dost münasibət göstərənlər, baş verən hadisələr də bunu təsdiq etdi.

İndi türk dünyası bütün yer üzünü inandırmalıdır ki, bizim qarşımıza qoyduğumuz əsas ali məqsəd öz müqədəratımız uğrunda, yer üzünün tərəqqisinə kömək edə biləcək bir fəaliyyət göstərməkdir. Öz gücümüzlə, potensialımızla Allaha şükür etməliyik, kimləri isə qorxutmamalıyıq. Biz, ermənilərin uydurduğu kimi, qondarma bir mədəniyyətin yox, yer üzünün, indiki sivilizasiyanın memarlarından biri olan türk mədəniyyətinin nümayəndələriyik. İndi bu mədəniyyətin potensialından yer üzündə ahəngdar münasibətlərin, sülh şəraitinin yaradılmasına xidmət etmək istəyirik. Bunu əməli işlərimizlə sübut etməliyik.