XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 22:33

Elxan Şükürlü yazır:"KEÇMİŞƏ İLİŞİB QALAN GƏLƏCƏKDƏN UZAQ DÜŞƏR"

Elxan ŞÜKÜRLÜ,

“Strateq.az” saytının baş redaktoru

 

Müsəlman Şərqinin ən qüdrətli hökmdarları saray idarəçilik ənənələrinə uyğun olaraq, həmişə yanlarında sədaqətinə və ağlına tam güvəndikləri tamahsız bir şəxsi Baş vəzir təyin edərdilər.

Hökmdardan sonra ikinci səlahiyyətli şəxs sayılan Baş vəzirin ən ümdə vəzifəsi, heç bilirsiniz, nə idi? Padşaha gerçəkləri demək, onu xalqın həyat tərzi və əhvalı barədə doğru-dürüst məlumatlandırmaq, yanlış qərarlardan çəkindirmək və arayıb-araşdırıb, ölkənin ən ləyaqətli adamlarını tapıb idarəetməyə cəlb etmək üçün Hökmdar hüzuruna çıxarmaq!

Baş vəzir üçün şəxsi maraq və istəkləri yox, səltənətin, dövlətin taleyi əsas meyar olduğundan, Padşah da ciddi bir qərar alanda mütləq Vəzirin rəyinə önəm verərdi. Çünki o dövrün padşahları qəbul edrdilər ki, onlar Allah deyillər, insandırlar – səhvləri, yanlışlıqları, kədərli və sevincli anları ola, hissləriylə davrana və hissləri də dövlətin adından verilən qərarlara təsir edə bilər… Dövlətin nüfuzdan düşməməsi və çökməməsi üçünsə Padşahın hissləri qətiyyən qərarlarına təsir etməməliydi!

Dostlar, bunu ona görə xatırladıram ki, 44 günlük savaşdan sonra dövlətimizin bütün istiqamətlərdə yaxşıya doğru dəyişəcəyinə, əvvəllər idarəçilikdə yol verilən nöqsanların bundan sonra təkrarlanmayacağına, ən əsası, bu 44 gün ərzində ölkədə yaranmış milli və siyasi həmrəyliyin qorunub saxlanacağına çox böyük ümidlərin yarandığı bir vaxtda, yenə də hakimiyyətin yanlış addımları gözlərimizi deşir!

Açıqca görünür ki, bu cür həssas bir dövrdə dövlət başçısının da, dövlətdə ciddi qərarların qəbulunda iştirak edən ali vəzifəli şəxslərin də hər birinin yanında orta əsrlərin o ağıllı vəzirləritək gerçəyi deyə biləcək tamahsız və cəsarətli insanlara hədsiz dərəcədə çox ehtiyac yaranıb.

İnanın, belə olmasaydı, dövlət başçımızın hökumətin son toplantısında müxalif düşərgənin bəzi simalarının ünvanına səsləndirdiyi sərt və qəzəbli ifadələr qətiyyən efirə getməz, 44 gün ərzində yaranmış milli birliyimizdən sevinən, fərəhlənən insanlarımız yenidən məyusluq əhvalına köklənməzdi!

Mən o qənaətdəyəm ki, ölkənin informasiya-təbliğat siyasətini yürüdən, ideoloji işə başçılıq edən adamlar cəmiyyətin əhvalı və belə çıxışlara verilən reaksiyalar haqqında Prezidentə doğru-dürüst məlumat verməkdən ya çəkinir, qorxurlar, ya da gerçəkləri deməkdə qətiyyən maraqlı deyillər!

Yoxsa millətin, hətta müxalif siyasi təşkilatların belə, Prezidentin arxasında birləşdiyi və milli birliyə də hədsiz dərəcədə ehtiyac duyduğumuz indiki məqamda anti-sovet hərəkatının və ölkədəki türkçü-millətçi kəsimin dəyişməz lideri, avtoriteti olan rəhmətlik eks-prezident Əbülfəz Elçibəyin ünvanına deyilmiş ifadələrin efirə getməsinə, informasiya resurslarında yayılmasına nə ehtiyac vardı?! Axı bu, canlı yayım deyildi!!!

28 il əvvəl baş verənlərin və geri qaytarılması bir daha mümkün olmayanların efirlər vasitəsiylə təzədən dilə gətirilməsi, ictimai müzakirəyə təqdimatı kimə, nəyə gərək idi?! İmperialist siyasətindən əl çəkməmiş Rusiya ilə dəyişən münasibətlərə görəmi?! İnanmıram!

Lap Prezident qəzəblənmişdi, arqumentlərində də tam haqlı idi, müqayisə üçün hansısa gerçəkləri dilə gətirmiş, paralellər aparmışdı… Məgər söylənən hər gerçək mütləq efirəmi verilməliydi?!

Axı dövlət başıçısının çıxışı üzərində dövlətin gələcək siyasəti qurulur. Dövlət bir tərəfdən “siyasi dialoq” deyir, o biri tərəfdən də bu siyasi dialoqda cani-dildən iştirak edən əksər partiyaların mənəvi liderini “fərari”, “torpaqsatan” adlandırırsa, bu, nə dialoq olur?!

Bu millətçi kəsimi, bu Elçibəysevərləri niyə axı hər dəfə zorla itələyib öz düşmənlərinizin ətrafına toparlayır, onlarla eyni cığırın yolçuları edirsiniz?!

Bilə-bilə ki, Qarabağdakı uğurumuzu heçə çevirmək istəyən xarici güclər, ilk növbədə, 44 gün ərzində yaranmış milli birliyimizi hədəf seçəcəklər, o halda niyə onlara fürsət verir, düşmənlərimizin lal olmuş dillərini açırsınız?!

Axı heç birimiz Allah deyilik, hər kəsin səhvi var və xüsusən uzaq keçmişdəki səhvlərin müzakirəsinə başlasaq, ölkə yenidən qaçmağa çalışdığımız o 92-93-cü illərə qayıtmazmı?! Qayıdar, vallah, qayıdar və ondan da pis hala düşər!

Nə qədər ki, biz Mütəllibova da, Elçibəyə də, Heydər Əliyevə də, İlham Əliyevə də… müstəqil Azərbaycan dövlətinin rəhbərləri kimi yanaşıb, bütün səhvləri və doğrularıyla bərabər onlara hörmət bəsləməyi öyrənməyəcəyiksə, hər gələn gedənin dalınca danışacaqsa, onu təftişə başlayacaqsa, tərəfdarlarını üz-üzə gətirəcəyiksə, bu ölkənin axırı olmaz. Başımız qarışar keçmişə, bir də görərik, gələcəyimizi itirmişik!

Gələcək üçünsə tarixdən dərs çıxarmalıyıq: baxın, İslam ümmətinin evi onda yıxıldı ki, fərqli xarakter və tərcümeyi-hala malik 4 xəlifəsini təftişə, birini o birindən üstün tutmağa, bölücülüyə başladı və düz, 1400 ildir ki, bu səhvin fəsadlarını və onun yaratdığı faciələri hələ də aradan qaldırmaq olmur!

Məncə, hakimiyyətin ideoloji işinə məsul olan şəxslər, informasiya-təbliğat işini aparan adamlarımız o əyridimdik kepkalarını da qarşılarına qoyub, bir yaxşı-yaxşı fikirləşməli, qoca tarixdən dərs çıxarmalıdırlar. Sonra çox gec olacaq, vallah, gec olacaq…

Atalarımızsa deyib: “Sonrakı peşmançılıq kimsəyə fayda verməz!”