XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 04:50

BAŞ REDAKTOR SABİQ PREZİDENT KÖMƏKÇİSİNİ YIXDI-SÜRÜDÜ:"Siz Quskanın qapançılığından bu vəzifəyə gəlmişdiniz..."

Anar NİFTƏLİYEV

“Axar.az” saytının baş redaktoru

 

Hər zaman Əli Həsənovu – Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdirini ağıllı adam saymışam: hətta onu ən sərt şəkildə tənqid edəndə belə, ağlını, intellektini və savadını vurğulamışam.

Hər zaman Əli Həsənovun “qara siyahısı”nda olmuşam, hər zaman, hər vaxt – 2013-cü ilə qədər də, həyatımı dəyişən 2013 olaylarından sonra da. Amma heç vaxt etiraz etməmişəm: zatən mənim dünyaya baxışım Əli Həsənov və onun düşüncəsində olanlardan qəti şəkildə fərqlənir. Həm də ən aqressiv münasibətim olan şəxslərə qarşı belə, ədalətli davranmaq üçün özümlə mübarizə aparıram. Bəzən bir xoşlanmadığım şəxsin yazısı olanda, onu digərlərinə vermişəm ki, yaxşıdırsa, dərhal verin – maraqlı bir ideya, təklif, yazı, millətimizə, dövlətimizə yararlı bir sözün mənim şəxsi münasibətlərim ucbatından tirajlanmasının qarşısı alınmasın.

Yəni, Əli Həsənovun şəxsimə münasibətindən asılı olmadan, onun intellektini dəyərləndirmək istəmişəm.

Dərhal haşiyə çıxım: köşə yazarı olduğum yerdə belə, dərc olunmayan, ancaq dövlətimiz üçün lazımlı saydığım yazılar olub ki, onlar başqa yerdə çap olunandan sonra Əli Həsənov o məqalələri nöqtə-vergülünə qədər efirdə öz arqumenti, öz məntiqi kimi “oxuyub” – yəni, danışıb və onun adıyla da geniş yayılıb.

Buna bir çox redaktor şahidlik edə bilər: sadəcə, sevinmişəm ki, dövlətin belə ağıllı şəxsləri var və onlar, hakimiyyətə münasibətindən asılı olmayaraq, dövlətimiz və millətimiz üçün lazımlı fikirlər səsləndirənləri izləyir, onların düşüncələrindən istifadə edirlər.

Çox təəssüf edirəm ki, Əli Həsənov tam 25 ildir onun haqqında olan düşüncələrimi darmadağın etdi: az öncə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızına göndərdiyi şantaj, hədə dolu mesajla, ardınca isə öz sosial şəbəkə hesabında yazdığı təkzib statusu ilə.

Mənim təsəvvürümdə olan Əli Həsənov media nümayəndələrinə müraciət edərək, “əziz jurnalistlər”lə sözə başlamalı, ölkədə olduğunu, yanlış məlumatlara inanmamağı xahiş edərdi.

Əvəzində nə gördük? Əli Həsənovun nifrət, kin, xəbis, dardüşüncəli mövqeyini! Və əlbəttə ki, bu, artıq bir müddətdir alovlanan peşmançılığımı – onu ağıllı adam hesab etməyim haqda bir igidin ömrü qədər olan yanlışlığımı etirafa deyil, püskürməyə bəs etdi!

Başlayaq:

1. Siz 1 oktyabrdan ölkədəsinizmiş? Onda niyə Baş Prokurorluğun rəsmi məlumatında KİV DF-nin sabiq rəhbəri Vüqar Səfərliyə qarşı “Fondun maraqlarına zidd olaraq YAXIN ADAMInın ofisini həddən artıq şişirdilmiş qiymətə icarəyə götürməklə 812 min manat ziyan vurması” ittihamına cavab vermirsiniz?

Baş Prokurorluq rəsmi açıqlamasında icarəyə götürülən ofisin ünvanını da göstərib: bu, sizin obyektlərdən biridir.

Vüqar Səfərlinin başına hava gəlmişdi ki, maksimum 2 min manatlıq yerə aylıq 12 min pul ödəyirdi? Kim o ofisi götürməyə Vüqar Səfərlini məcbur edib?

2. Jurnalistlər üçün bina tikintisini həyata keçirən “Portos” şirkətinin səhmlərinin 51 faizinin sizin qohumunuzun adına olduğu bildirilir. O “Portos” ki, Baş Prokurorluğun məlumatında Vüqar Səfərlinin bütün korrupsiya əməllərini yumaqla məşğul olub. “Portos” şirkəti kimindir? Niyə “Jurnalistlərin binası”nı o şirkət tikib? Hansı tenderdə iştirak edib və o layihəni udub?

3. “Jurnalistlərin binası”na külli miqdarda vəsait necə ayrılıb? Media da, Vüqar Səfərli də birbaşa sizin kurasiyanızda idi, belədirsə, aydınlıq gətirin: niyə bu korrupsiyadan “xəbəriniz” olmayıb? Necə olub ki, Vüqar Səfərli kimi hansı intellekt və savad sahibi olduğu kimsəyə sirr olmayan şəxs sizi barmağına sarıyıb və gözünüzün qabağında onmilyonları mənimsəyib? Xəbəriniz yox idisə, o vəzifəyə layiq olmadığınızı heç olmasa, indi etiraf edin. Xəbəriniz var idisə, yalnız ofisinizi kirayə götürdüyü və cəmi 812 min manat verdiyi üçünmü susmusunuz? Kimi inandıra bilərsiniz ki, Vüqar Səfərli sizin iradənizdən kənar addım atıb?

4. Sizin ailənizə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Nə qədər şirkətiniz varmış! Hələ bunlar ləğv edilənlərdir. Siz məmur idiniz, yoxsa biznesmen?

5. “Kitab pasajı”nı hər kv/metrini bir manata özəlləşdirib, təyinatını dəyişdirib və indi 3 milyon manata satışa çıxarmısınız. O “Kitab pasajı” ki, adını yazmaq istəmədiyimiz rəhbəri bu ədalətsizlikdən həddən artıq əziyyət çəkmiş və səhhətində ciddi problemlər yaranmışdı (Allah rəhmət eləsin). “Kitab pasajı” informasiyasına niyə aydınlıq gətirmirsiniz?

6. “Kitab evi”ni, Bakıdakı qəzet köşklərini, qəzet yayımını məhv edən, öz əlinə keçirən və medianın nəfəsini kəsən kimdir?

Heç bir ağıllı adam yüzlərlə jurnalistin köçüb yaşadığı və minlərlə jurnalistin gözünü dikdiyi binalarda bu qədər yeyintiyə yol verməz, bu qədər keyfiyyətsiz materialdan istifadə etməzdi.

Heç bir ağıllı məmur, məsələn, yalnız bir media üçün ayrılan 49 min manatın 7 minini o baş redaktora verib, 42 minini cibinə qoymazdı.

Heç bir ağıllı məmur bir ictimai şəxs üçün ayrılan məbləğin tam 93 faizini basıb yeməz, o şəxsi simvolik məbləğə möhtac etməzdi.

Heç bir ağıllı məmur medianın haqqını, sərvətini bu qədər insafsızcasına çapıb talamaz, kitab evlərini, qəzet köşklərini sıradan çıxarmazdı.

Heç bir ağıllı məmur efirləri kor qoymaz, kanalları bu günə salmazdı!

Sizin ətrafınıza topladığınız troll şəbəkəsi, onlara ayrılan vəsait, onların gördükləri iş, sadəcə, heyrət doğurur.

İnformasiya müharibəsinin nə demək olduğunu çox gözəl anlayan Əli Həsənov bütün peşəkarları sistemdən uzaqlaşdırmaqla, əslində dövlətə nə boyda ziyan verdiyinin fərqindədir!

“Mən 1 oktyabrda gəlmişəm ölkəyə, 16 yanvarda yox” deyib, böyük bir kampaniya başlamaq üçün insan nə qədər intellektdən, müdriklikdən, ağıldan kənar olmalıdır.

Ölkəyə, dövlətə, millətə dəxli olan məsələlər tamamilə başqadır: 20 ildə medianın məhvi üçün niyə əlinizdən gələni də, gəlməyəni də etmisiniz?

İzah edin: Prezident İlham Əliyev sizi işdən çıxaranda niyə 25 illik xidmətinizi nəzərə alıb, heç olmasa, hörmət əlaməti olaraq, qəbul etmədi, sizə medaldan-diplomdan verib, sayğı göstərmədi?

Siz hansı xəyanəti etmisiniz komandanıza? Siz nələr etmisiniz ki, Prezident üzünüzü belə, görmək istəmədi və sizi heç bir məmurun arzulamadığı səviyyədə yola saldı?

Hansı ağıllı, müdrik şəxs öz liderinin arxasından belə işlər çevirərdi ki, axırda bu qədər hörmətsizcəsinə işdən azad edilsin?!

Dövlətə, millətə, xalqa xəyanətləri anlatmaq zamanıdır və bunlar qətiyyən korrupsiya, rüşvətlə ölçülmür. Sizin yüzlərlə variantlarınız vardı ki, “öz qocalığınızı” yüksək səviyyədə təmin edəsiniz. Niyə informasiya resurslarını məhv edirdiniz? Niyə media, niyə jurnalistlər üçün tikilən mənzillər, niyə məhz ölkənin informasiya daşıyıcıları hədəf idi?

Sizə peşəkarlar, istedadlılar, qabiliyyətlilər və bu Vətəni canından artıq sevənlər lazım deyildi: sizə kompromatı olanlar, gözükölgəlilər, ideyası olmayanlar, qabiliyyətsizlər lazım idi. Çünki ləyaqətlilərdən, istedadlılardan, peşəkarlardan, kompromatsızlardan hər zaman qorxmusunuz! Gözükölgəli olmayanları yaxına buraxmamısınız: hətta diasporda dəstək verdikləriniz də dələduz, yaramaz şəxslər idi!

İndi xələfinizə baxıb, utanırsınızmı? Sizin qoyduğunuz boşluqları adam tvitləri ilə doldururdu və sizdən fərqli olaraq, onun tvitləri beynəlxalq medianın mənbəsinə çevrilmişdi!

Halbuki siz Quskanın qapançılığından bu vəzifəyə gəlmişdiniz – yəni, həyatın dibindən qalxmışdınız və sizin daha doğru düşünmək fürsətiniz vardı.

Sizə həm də qat-qat daha artıq imkan, şərait və fürsət verilmişdi!

Siz sizə verilən fürsəti, sadəcə medianın məhvinə, media resurslarını mənimsəməyə, ədalətsizlik etməyə həsr etdiniz! Və min dəfə təəssüf ki, sizin 25 ildə etdiklərinizi düzəltmək mümkün deyil!

Sizə “heç olmasa, indi müdrik olun” deməyəcəm! Oğurladıqlarınızın hesabını Allaha verərsiniz, ya da dövlətə – bu da mənlik deyil!

Sizə yalnız “danışmayın” deyə bilərəm. Çünki siz bu sualların heç birinə ətraflı və etiraflı cavab verə bilməyəcəksiniz!

Heç olmasa, indi mediadan əl çəkin! Baxın, media sizin haqqınızda yazanda da sizdən açıqlama almağı lazım bilmir. Çünki sizin özünüzün özünüz haqqında danışmaq səlahiyyətiniz bitib. İndi “Jurnalistlərin binası” danışır, “Kitab pasajı” danışır, “Kitab evi” danışır, Baş Prokurorluq danışır…

Bir azdan “Xətai klinikası”nda əməliyyat zamanı ölənlərin ruhları danışacaq sizinlə – ya yuxuda, ya da o dünyada!

Qətiyyən bu sözə sizə ölüm arzulamaq kimi daşlaşmış stereotiplə yanaşmayın: mənim ölümə münasibətim də fərqlidir və bir gün mütləq gedəcəyik – tez və gecin isə heç bir fərqi yoxdur. Amma necə gedəcəyimiz, arxamızca deyilən və bizim orda necə qarşılanacağımız əsasdır!

Bir də sizə ona görə “susun” deyərdim ki, danışdıqca “ağıllı adam” obrazınızı başqalarının gözündə də məhv edə bilərsiniz – bilmirəm, elə adam ümumiyyətlə qalıb, yoxsa mən tək idim…

P.S. Sizi 25 ildir “ağıllı adam” zənn etdiyimə və ən sərt tənqidlərimdə belə, “ağıllı adam” sözünü ünvanınıza işlətdiyimə görə, sizdən və oxuculardan üzr istəyirəm!