XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 14:04

Deputat beynəlxalq təşkilatların ölkəyə qaytarılmasını istəyir:"Beynəlxalq təşkilatlarla işləməliyik”

“Biz qələbə qazanmışıq. Qələbədən sonra ilk dəfədir ki, 20 Yanvar hüzn gününü qeyd edəcəyik. Bizi millət edən 20 Yanvar qurbanlarıdır”.

Bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat Qarabağa dəymiş ziyanın müəyyən edilməsi istiqamətində aparılan işlərlə bağlı bəzi təkliflərlə çıxış edib: “Biz gözlənilən gəlirlərlə bağlı da iddia qaldırmalıyıq. Vətəndaşlarımızın da bağından, bağçasından nə qədər gəlir götürməsi ilə bağlı iddia qaldırmaq hüququ olmalıdır. Ümumiyyətlə, dörd istiqamətdə iddia qaldırmalıyıq: dövlətə dəymiş maddi ziyan, vətəndaşa dəymiş maddi ziyan, vətəndaşa dəymiş mənəvi ziyan, Vətəndaşa dəymiş gözlənilən ziyan”.

Deputat Razi Nurullayev isə müharibə dövründə beynəlxalq təşkilatların müxtəlif hesabatlar verdiyini, həmin hesabatlarda erməni silahlı birləşmələrinin törətdiyi əməllərin əksini tapdığını bildirib: “Müharibə dövründə beynəlxalq təşkilatların hesabatlarının zəruriliyi ortaya çıxdı. Zamanında bəzi beynəlxalq təşkilatların ölkədə fəaliyyəti qadağan edildi. Bu təşkilatları ölkəyə gətirmək üçün qanunvericiliyə dəyişikliklər etməliyik. Onlar müharibə dövründə Azərbaycanın xeyrinə nə qədər hesabatlar yaydılar, məlumatlar hazırladılar. Bütün beynəlxalq təşkilatların ölkədən çıxarılması Azərbaycanın milli maraqlarına cavab vermir. Biz komitə olaraq beynəlxalq təşkilatlara müraciətlər etmişik. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun Beynəlxalq Cinayət Məhkəməsinə müraciətinə də cavab verildi. Bu işləri daha da genişləndirməliyik. İnsan hüquqları komitəsi olaraq, ermənilərin törətdiyi, göz qabağında olan cinayətlərlə bağlı beynəlxalq təşkilatlarla işləməliyik”.

Deputat Razi Nurullayev ehtiyacı olan dövlət qurumlarının büdcəyə pul qaytarması məsələsinə də toxunub, bunun düzgün olmadığını deyib: “Bunu şəffaflıq naminə edirlər. Amma bu vəsaiti aidiyyəti üzrə xərcləsinlər. Məsələn, Vəkillər Kollegiyası büdcəyə pul qaytarır. Yaxı olar ki, vəkillərin sayı artırılsın. Bəzi məsələləri üzbəüz oturub müzakirə etmək lazımdır. Biz komitə olaraq, prokurorluq orqanları, Konstitusiya, Ali Məhkəmə və digər qurumlarla görüşlər keçirməliyik. Mənim konkret suallarım var. Biz qanunlara düzəlişlər etdik. Prezidentin təşəbbüsü ilə humanistləşmə oldu. Biz bunun nəticələrini faktlar üzrə görməliyik”/APA.