XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 16:53

YAP İdarə Heyətinin iclası keçirilib –Partiya gəlir və xərcləri ilə bağlı hesabat verib

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2020-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti haqqında hesabat, partiyanın 2020-ci il üzrə maliyyə hesabatı, eləcə də İdarə Heyətinin 2021-ci ilin birinci rübünə dair iş planı müzakirə olunaraq qəbul edilib.

İdarə Heyətinin iclasında vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biri olmuşdur. Vətən müharibəsi dövründə YAP milli həmrəyliyə səsləyən bir sıra bəyanat və müraciətlər qəbul etmiş, Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Youtube”, “Twitter”, “Facebook”, “İnstagram” və “Telegram” üzərindən çoxsaylı aksiyalar keçirmiş, 55 beynəlxalq təşkilata, 75 beynəlxalq KİV-ə, 197 parlamentə, onların sədrlərinə və deputatlarına, 97 dövlət və hökumət başçısına, 187 siyasi partiyaya, 165 ölkənin xarici işlər nazirliklərinə, ümumilikdə 800-ə yaxın ünvana təxminən 500 minədək e-mail göndərib.

İdarə Heyətinin iclasında 2020-ci il fevral ayının 9-da Milli Məclisə seçkilərin keçirilməsində, habelə koronavirus pandemiyasına qarşı mübarizənin aparılmasında Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Prezidentin sərəncamı ilə könüllülər ili elan edilən 2020-ci ildə partiyanın könüllüləri pandemiya ilə mübarizə çərçivəsində 70 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının,  eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ayrılmış yardımların çatdırılmasını təmin edib.

İdarə Heyətinin iclasında, həmçinin YAP-ın 2020-ci ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manatdır. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Quvvələrin Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının  alınmasına,  162 621 manatı təmir işlərinə, 457 566  manatı kommunal və təsərrüfat xərclərinə,  80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə,  57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.