XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 23:15

Sülhəddin Əkbər Bayden dönəminə hazırlıqdan yazdı:"Azərbaycan Respublikasının görünən geopolitik inkişaf perspektivləri"

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının

və Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri

 

Sabah – Yanvarın 20-də Co Baydenin and içərək prezident vəzifəsinin icrasına başlaması ilə ABŞ-da, eyni zamanda dünyada, dünyamızın inkişafında yeni bir mərhələnin başlanması gözlənilir.

Putin Rusiyasına və kökləri Rusiyaya dayanan yəhudi güclərinə yaxın olan, yevangelist-xristian və yəhudi sionist qüvvələrinə arxalanan, oturuşmuş  nizama, “dərin dövlət”ə, ABŞ-ın uzun illər ərzində qurduğu beynəlxalq və regional münasibətlər sisteminə, o cümlədən Avro-Atlantik sistemə qarşı gedən Tramp dövrü rəsmən başa çatır.

Co Baydenin hakimiyyətə gəlməsilə Vaşinqtonun yenidən oturuşmuş  nizama, “dərin dövlət”ə, ABŞ-ın uzun illər ərzində qurduğu bu münasibətlər sisteminə üz çevirməsi gözlənilir.

Co Baydenin öz komandasını ObamaKlinton administrasiyalarında çalışan təcrübəli kadrlardan formalaşdırması da bu ehitimalı gücləndirir. Hətta Co Bayden dövrünün “III Obama dövrü” olacağı haqqında fikirlər də dilə gətirilir.

Yeri gəlmişkən, yüksək səviyyəli və təcrübəli intellektuallardan ibarət olacaq bu komandanın “ağıllı güc”ə, ilk növbədə siyasət, diplomatiya və kəşfiyyata öncəlik verəcəyi də gözləntilər sırasında yer alır.

Yeni dünya nizamı quruculuğunun və bu səbəblə, geopolitik, geostrateji, geoekonomik və geokültürəl qarşıdurmanın qlobal və regional miqyasda, təbii, həm də postsovet məkanında, o cümlədən Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaz və Xəzər regionunda həlledici mərhələyə daxil olduğu bir vaxtda dünyanın yeganə əsl qlobal gücü olan ABŞ-da hakimiyyət dəyişikliyinin baş verməsi və onunla birlikdə geopolitik və geostrateji öncəliklər, eyni zamanda əsas milli strateji və təhlükəsizlik təhdidləri sırasında dəyişikliyin edilməsinin və (Obama dövründə olduğu kimi) Rusiyanın başlıca təhdid hesab edilməsinin, böyük ehtimalla, gözlənilməsi gözardı edilə bilməz. Əks halda, bu, beynəlxalq hüququn digər subyektlərinə, ələlxüsus da Azərbaycan kimi kiçik dövlətlərə çox baha başa gələ bilər.

Azərbaycanın dünyada gedən geopolitik savaşın bir istiqaməti və tərkib hissəsi olan II Qarabağ Müharibəsindən yenicə çıxdığı, bu savaşda Birləşmiş Krallıq-İsrail-Çin-Türkiyə-Pakistan xəttində hərəkət etdiyi, bu xəttin ənənəvi Avro-Atlantik xəttinə dönəcəyi, böyük ehtimalla, gözlənilən ABŞ-AB tandemi ilə maraqların münaqişəsinə girəcəyi, eyni zamanda “ağıllı güc”ə öncəlik verəcək (hər halda, gözlənti bu yöndədir) Co Bayden administrasiyasının ilk öncə öz ənənəvi strateji müttəfiqləri olan Birləşmiş Krallıq və İsraillə, həmçinin NATO üzrə müttəfiqi Türkiyə ilə strateji dialoqa başlayacağı nəzərə alınmalıdır.

O da qeyd edilməlidir ki, bunu nəzərə alan qardaş Türkiyə artıq həm İsraillə, həm AB ilə, həm də bu ittifaqın iki aparıcı dövlətindən biri olan Fransa ilə pozulmuş münasibətlərini normallaşdırmaq yoluna girib, ABŞ-la münasibətləri normallaşdırmaq üçün də səbirsizliklə Co Baydenin öz vəzifəsinin icrasına başlamasını gözləyir.

Şübhəsiz, Azərbaycan da bütün bunları nəzərə almalı və qardaş Türkiyə ilə öz geopolitik, geostrateji, geoekonomik və geokültürəl siyasətini, eyni zamanda xarici, müdafiə və təhlükəsizlik siyasətini koordinasiya etməli, ABŞ, AB və NATO ilə münasibətlərini yeni strateji şəraitə uyğun olaraq yenidən qurmalıdır.

Görünən odur ki, Azərbaycan özünə yönəlik bütün mövcud təhlükələrlə birlikdə, yeni dövrün çağırış, sınama, meydan oxuma və risklərini də nəzərə alaraq, vaxt itirmədən öz geopolitik, geostrateji, geoekonomik və geokültürəl siyasətini işləyib hazırlamalı, heç olmasa, bu siyasətlərin əsas istiqamətlərini müəyyən etməlidir.

Təbii ki, bu zaman rəsmi Bakı öncəlikli olaraq təməl coğrafi amilləri – Azərbaycan Respublikasının coğrafiyasını, coğrafi gücü və çatışmazlıqlarını, fiziki-coğrafi, coğrafi-siyasi (geopolitik), coğrafi-strateji (geostrateji), coğrafi-iqtisadi (geoekonomik) və coğrafi-mədəni (geokültürəl) mövqeyi və gücünü, bu sahədə olan bütün əsas müsbət və mənfi yönləri, amilləri nəzərə almalıdır.

Mövzumuz “Azərbaycan Respublikasının görünən geopolitik inkişaf perspektivləri” olduğundan, öncə milli coğrafiyamıza və coğrafi-siyasi (geopolitik) mövqeyimizə qısa baxış keçirilməli və mövcud durum dəyərləndirilməlidir.

Milli coğrafiyamıza baxış

Milli coğrafiyamıza baxış dar və geniş mənada ola bilər. Milli coğrafiyamıza dar baxış dedikdə, müasir Azərbaycan Respublikasının coğrafiyasına, geniş baxış dedikdə isə Azərbaycan türklərinin tarixi coğrafiyasına baxış nəzərdə tutulur. Başqa sözlə, dar baxış Vətən coğrafiyasını, geniş baxış isə tarixi Vətən coğrafiyasını nəzərdə tutur.

Burada əsasən Vətən coğrafiyasına baxacaq, tarixi Vətən coğrafiyasına isə çox qısaca göz atacağıq. Bu, Azərbaycan türklərinin tarixi-coğrafi inkişaf, eyni zamanda coğrafi, coğrafi-siyasi və coğrafi-strateji şüurunun formalaşması prosesinin anlaşılması baxımından faydalı olardı.

Coğrafiya (məkan), tarix (zaman) və etnogenezlə (milli-etnik gücün yaranması, formalaşması və inkişafı) birlikdə millətləşmə və dövlətləşmə prosesində ilkin təməl – ontoloji başlanğıc rolunu oynayır. Yəni, millətləşmə və dövlətləşmə prosesinin 3 zəruri ilkin təməl ünsüründən biridir. Çünki hər bir etnosun yaranmağa başlaması, formalaşması və inkişaf etməsi prosesi müəyyən zaman (tarix) və məkan (coğrafiya) tələb edir. Millətləşmə və dövlətləşmə də müəyyən tarixi zaman və coğrafi məkan tələb edir.

Biz burada məsələyə millətləşmə və dövlətləşmə ilə birlikdə, öncəliklə geopolitika və geopolitik inkişaf perspektivləri prizmasından baxacağıq.

Coğrafiyanın əhəmiyyəti və rolu

Birincisi, qeyd edildiyi kimi, coğrafiya, tarix və etnogenez prosesi ilə birlikdə millətləşmə və dövlətləşmə prosesində ilkin təməl – ontoloji başlanğıc rolunu oynayır. Yəni, ilkin təməllərdən – ontoloji başlanğıclardan biridir.

İkincisi, fərdə, millətə və dövlətə məkan dərinliyi verən və böyük güc mənbəyi olan coğrafiya eyni zamanda milli strateji gücün əsas sabit ünsürlərindən biridir. Coğrafiya millətin və dövlətin fiziki-coğrafi, iqtisadi-coğrafi, demoqrafik-coğrafi, coğrafi-siyasi, coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni gücünün təbii mənbəyidir. Millət və dövlət bu təbii strateji güc mənbəyindən tam səmərəli və effektli istifadə etməli, eyni zamanda öz fəaliyyəti ilə bu gücünü davamlı olaraq artırmalıdır.

Üçüncüsü, coğrafiya bərpaolunan təbii güc mənbəyidir. Türklər bunu ən qədim dövrlərdən qavramış və anlamışlar. Məhz bu səbəblə türklərdə ekoloji şüur ən erkən tarixi dövrlərdə yaranmış və formalaşmışdır.

Dördüncüsü, coğrafiya eyni zamanda insanların düşüncə və inanclarına, düşüncə və inanc sistemlərinə yön vermişdir. Bəşər tarixinin erkən dövrləri, bütpərəstlik dövrü bunu çox açıq şəkildə göstərməkdədir. Bu mənada, türk tarixi də, türklər də istisna təşkil etmir. Əksinə, türklər təbiətə müqəddəs, toxunulmaz varlıq kimi baxmış, sitayiş etmiş, eyni zamanda özlərini təbiətin ayrılmaz, üzvi tərkib hissəsi hesab etmişlər. Bu da tarixin lap ilkin dövrlərindən türklərdə “bütövlük” anlayışının, varlığa, kainata, təbiətə, coğrafiyaya – məkana bir bütöv halında baxışın yaranmasına, formalaşmasına və zamanla inkişaf edib möhkəmlənməsinə səbəb olmuşdur.

Beşincisi, coğrafiya milli siyasətə milli təhlükəsizlik və milli inkişaf siyasətinə, eyni zamanda müdafiə, təhlükəsizlik və xarici siyasətə aktiv təsir edən, yön verən amillərdən biridir. Coğrafiya milli siyasət strategiyasının, xüsusən də geostrategiyanın müəyyənedici amillərindən biridir. Çünki dövlətin strateji açılım və inkişaf istiqamətlərini müəyyən edən başlıca amillərdən biri məhz coğrafiyadır.

Altıncısı, coğrafiya, geopolitik siyasətə isə nəinki aktiv təsir edir, yön verir, əslində, öz şərait və şərtlərini ona (geopolitik siyasətə) diqtə edir. Coğrafiya, “geopolitik bələdçi”dir, geopolitik siyasəti işləyib hazırlayanlara və həyata keçirənlərə yol göstərir. Coğrafiya geopolitik siyasətin təməlində yatır. Hər bir dövlətin, ələlxüsus milli dövlətin geopolitik siyasətini müəyyən edən, ona yön verən iki başlıca amil vardır: coğrafiya və həyati milli maraqlar.

Yeddincisi, ümumiyyətlə coğrafiya insan, cəmiyyət və dövlət həyatında kritik rol oynayır. Coğrafiya, insan və insan birlikləri yaranandan dövlətin yaranmasına, o gündən də bu günə onların həyatında kritik rol oynamış və bu gün də oynamaqdadır. Belə ki, bu gün də fərdin, millətin və dövlətin həyatı, həyatda qalması və həyatını davam etdirməsi coğrafiyasız düşünülə bilməz.

Nəhayət, coğrafiya həyat məkanı və ya həyati məkandır. İnsanların, cəmiyyət və dövlətlərin mövcudluğu, həyatda var olması yalnız müəyyən bir coğrafiyada – həyat məkanında mümkündür.

İnsanlar, cəmiyyətlər və dövlətlər hər hansı bir coğrafiyanı özlərinə həyat məkanı olaraq seçərkən və onun sərhədlərini müəyyən edərkən, ilk növbədə aşağıdakı həyati və həyati vacib amilləri:

– müdafiə və təhlükəsizliyi;

– həyat üçün əlverişliliyi – yararlılığı, təbii zənginliyi (yeraltı və yerüstü), münbitliyi və məhsuldarlığı;

– coğrafi dərinliyi və yetərliliyi;

– və hərəkət azadlığını nəzərə almışlar.

Bu amillər insanların, etnosların, millətlərin coğrafi şüurunun yaranmağa başlaması və formalaşmasında, eyni zamanda dövlətlərin coğrafiyasının və təbii sərhədlərinin, şübhəsiz, həm də geopoltikasının müəyyən edilməsində həlledici rol oynamışlar. Çünki seçilən coğrafiya və müəyyən edilən təbii sərhədlər:

– fərdin, millətin və dövlətin təbii müdafiəsini və təhlükəsizliyini təmin etməli;

– həyat üçün əlverişli, yeraltı və yerüstü sərvətləri zəngin, torpaqları münbit və məhsuldar olmalı;

– strateji baxımdan dərin, fərdin, millətin və dövlətin həyati və həyati vacib tələbləri baxımından yetərli olmalı;

– fərdə, millətə və dövlətə hərəkət sərbəstliyi verməlidir.

Daima güvənli, qida və ərzaqla zəngin münbit torpaqlar və su hövzələri axtarışında olan qədim insanlar da, insan cəmiyyətləri də, onların qurduqları ilk dövlətlər də bu təbii coğrafi amilləri və tələbləri nəzərə almışlar. Buna görə də tarix boyu bitmək bilməyən mübarizələrə və müharibələrə girmiş və qurduqları dövlətləri öz təbii sərhədlərinədək genişləndirməyə çalışmışlar. Bu tarixi mübarizələr və müharibələr nəticəsində də dövlətlərin tarixi və bugünkü coğrafiyaları, eləcə də sərhədləri müəyyən olunmuşdur.

Unudulmamalıdır ki, siyasi-coğrafi sərhədlər milli iradə və güclərin rəqabəti, mübarizəsi, toqquşması və döyüşü nəticəsində ortaya çıxar. Bu səbəblə, siyasi-coğrafi sərhədlər eyni zamanda milli iradənin, milli strateji güc və hazırlığın sərhədləri hesab edilməlidir. Bu sərhədlər üst-üstə düşməyəndə yeni böhranlı durumlar, böhranlar, münaqişələr yaranar və müharibələr çıxar, çünki milli strateji gücünə və hazırlığına əmin olan dövlətlər tarixi fürsət yaxalarkən ortaya milli iradə qoyar və öz siyasi-coğrafi sərhədlərini dəyişməyə, genişləndirməyə cəhd edərlər.

Azərbaycanın tarixi coğrafiyasına, eyni zamanda babalarımızın müasir tarixi dövrdə qurduğu böyük dövlətlərin coğrafiyasına baxdıqda, onların da məhz bu coğrafi imperativlərlə hərəkət etdiyini görməmək, sadəcə, mümkün deyildir. Çünki tarixi-coğrafi xəritələrinə ilk baxışdan belə, Azərbaycan Atabəyləri (1136-1225), Qaraqoyunlu (1375/1380-1469) və Ağqoyunlu (1378-1503/1508) dövlətlərinin də, Səfəvilər (1501-1736), Əfşarlar (1736-1796) və Qacarlar (1796-1925) imperiyalarının da məhz bu coğrafi imperativlərlə hərəkət etdiyi açıq və aydın şəkildə görünməkdədir.

Qacarlar İmperiyası, XIX əsrin başlanğıcı

Çox təəssüf ki, Azərbaycanda tarixi coğrafiya elminin inkişafı çox gec, əsasən, XX əsrin 80-ci illərindən başlamışdır. Ümumiyətlə isə Azərbaycanın tarixi coğrafiyasına həsr olunmuş müasir anlamda ilk elmi tədqiqat əsəri başqırd tədqiqatçısı Əhməd Zəki Vəlidi Toğanın XX əsrin 20-30-cu illərində yazdığı “Azərbaycanın tarixi coğrafiyası” adlı əsəri hesab edilir. Bu əsər də, əslində, alimin 1928-1931-ci illərdə İstanbul universitetində oxuduğu 4 mühazirədən ibarətdir və əsasən Azərbaycanın şimal bölgəsinin – Şirvanın, Şəkinin və başqa yaşayış məntəqələrinin tarixi-coğrafi vəziyyətindən bəhs edir.

Çox təəssüf ki, sürətli qloballaşmanın getdiyi, qlobal və regional inteqrasiyanın inkişaf etdiyi, siyasi-hərbi və siyasi-iqtisadi birliklərin, azad ticarət zonalarının və vahid iqtisadi məkanların yarandığı, milli sərhədləri və gömrükləri aşmanın yeni yollarının açıldığı müasir dövrdə də insanlıq bu tarixi-siyasi, tarixi-coğrafi inkişaf tendensiyalarından, bununla bağlı böhran, münaqişə və müharibələrdən hələ də xilas ola bilməyib. Mövcud qlobal, regional və lokal durum da göstərir ki, görünən (eyni zamanda uzaq) gələcəkdə də bu inkişaf tendensiyaları davam edəcəkdir.

Buna görə də milli siyasət strategiyası və dövlət siyasəti, eyni zamanda geopolitik siyasət hazırlanarkən və həyata keçirilərkən, ölkəmizin coğrafiyasının və coğrafi mövqeyinin, eyni zamanda ətraf coğrafi mühitin Azərbaycan Respublikasına, onun milli təhlükəsizliyinə və milli inkişafına təsirləri geniş (siyasi, hərbi, sosial-iqtisadi və mədəni) və dərin öyrənilməli və nəzərə alınmalıdır. Coğrafiyanın, ələlxüsus coğrafi mövqenin Azərbaycan Respublikasına, onun milli siyasətinə təsirlərinin hərtərəfli dəyərləndirilməsi, aydınlaşdırılması və qiymətləndirilməsi baxımından ölkəmizin coğrafi mövqeyinin şərti olaraq fiziki-coğrafi, coğrafi-siyasi (geopolitik), coğrafi-strateji (geostrateji), coğrafi-iqtisadi (geoekonomik) və coğrafi-mədəni (geokültürəl) mövqelərə bölünməsi daha düzgün yanaşma olardı.

Təbii ki, mövzumuzun tələbinə uyğun olaraq, burada ancaq ölkəmizin fiziki-coğrafi və coğrafi-siyasi mövqeyinə baxacağıq.

Azərbaycan Respublikasının fiziki-coğrafi mövqeyi

İnsanların, cəmiyyətlərin və dövlətlərin hər hansı bir coğrafiyanı həyat məkanı olaraq seçərkən və sərhədlərini müəyyən edərkən, ilk növbədə, nəzərə aldığı təbii amilləri və tələbləri bilmədən və nəzərə almadan Azərbaycanın tarixi coğrafiyasını, onu bilmədən və anlamadan da bugünkü Azərbaycan Respublikasının coğrafiyasını, coğrafi mövqeyini, eyni zamanda fiziki-coğrafi mövqeyini strateji baxımdan anlamaq mümkün deyildir.

Müasir Azərbaycan dövlətçiliyinin erkən dövrünün başlanğıcı Səfəvilər Dövlətindən götürüldüyündən, tarixi dərinliyi olan müasir (bütöv) Azərbaycan milli geopolitik və geostrateji baxışının dərin əsasında da Səfəvilər Dövləti [3], onun tarixi coğrafiyası, geopolitikası və geostrategiyası dayandığından, babalarımızın qurduğu bu böyük dövlətə, qısa olsa da, baxaq.

Səfəvilər Dövləti də, ondan öncə qurulan digər böyük dövlətlərimiz (Azərbaycan Atabəyləri, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri) də ilk növbədə yuxarıda qeyd edilən təbii coğrafi amilləri və tələbləri nəzərə almışdır. Belə ki, təbii coğrafi müdafiə və təhlükəsizliyi, coğrafi əlverişliliyi və torpaqların münbitliyini, tutulan ərazinin coğrafi-strateji dərinliyini və yetərliliyini, eyni zamanda fiziki coğrafiyanın verdiyi hərəkət azadlığını nəzərə alan böyük babalarımız:

– cənubda Bəsrə körfəzinə və Hind okeanına, şimalda Xəzər dənizinə, qərbdə isə Qara dənizə çıxmış və Aralıq dənizinə çıxmağa yönəlmiş;

– şimalda aşılması çox çətin Böyük Qafqaz sıra dağlarına və keçilməsi çətin Qaraqum səhrasına, qərbdə Dəclə və Fərat çaylarına və keçilməsi çətin Suriya və cənubi-qərbi İraq səhrasına, Hicarə səhrasına, şərqdə də təbii sərhədlərə – dik, qarlı Hindquş dağlarına (Əfqanıstan) və Taftan səhrasına (Pakistan) dayanmış;

– yaşayış, ovçuluq, heyvandarlıq və əkinçilik üçün əlverişli iqlim şərtləri və münbit torpaqları olan geniş coğrafi əraziləri ələ küçirmiş və minilliklər ərzində Vətən etmişlər.

Səfəvilər Dövlətinin varisi olan Əfşarlar Qacarlar dövlətləri də, təbii ki, bu təbii coğrafi amilləri və tələbləri nəzərə almışdır.

Beləliklə, uzun təbii tarixi, eyni zamanda tarixi-coğrafi inkişaf yolu keçən, böyük dövlətlər quran əcdadlarımız öz tarixi coğrafiyalarını formalaşdırmışlar.

Yeri gəlmişkən, Azərbaycanın şimalında (Quba, Dərbənd, Bakı, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan) və cənubunda (Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa, Ərdəbil, Maku, Sərab) müstəqil xanlıqların yaranması ilə bərabər, onun tarixi-siyasi coğrafiyası və gələcək milli dövlətin təbii sərhədləri də formalaşırdı.

İlk milli dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) də, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilən Azərbaycan Respublikası da bu böyük tarixi, tarixi-siyasi və tarixi-coğrafi miras üzərində qurulmuşdur. Lakin təəssüflər olsun ki, Şimali Azərbaycan zorla öz tarixi ana coğrafiyasından qoparıldığından və təbii tarixi inkişaf yolundan çıxarıldığından, hər iki milli dövlətimiz də fiziki-coğrafi baxımdan natamam təbii və ya qismən təbii dövlət olmuşdur. Belə ki, Rusiya İmperiyası Şimali Azərbaycanı Qacarlar Dövlətindən, eyni zamanda Cənubi Azərbaycandan qoparmış, həmin dövrdən onun inkişafı yad tarixi-siyasi və tarixi-coğrafi mühitdə, fərqli inkişaf yolunda davam etmişdir. Bu gün Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etsə də, Cənubi Azərbaycanla bütövləşə bilmədiyindən, nə tam təbii tarixi inkişaf yoluna dönə bilmiş, nə də tarixi ana coğrafiyası ilə qovuşub öz təbii sərhədlərinə çıxa bilmişdir.

Üstəlik, Şimali Azərbaycan Dərbənd və İrəvan xanlıqlarını, Naxçıvan xanlığının bir hissəsini, Qərbi Zəngəzuru və faktiki olaraq Dağlıq Qarabağın böyük hissəsini itirmişdir. Nəticədə, təbii şərq və şimal (əsasən)  sərhədlərini qoruya bilsə də, qərb torpaqlarını və şimal torpaqlarının bir hissəsini itirən və ən başlıcası cənubda öz tarixi ana coğrafiyasından qoparılan natamam təbii və ya qismən təbii Azərbaycan Respublikası dövləti qurulmuşdur. Çox təəssüf ki, öz tarixi coğrafiyasının (ərazisinin) yalnız kiçik bir hissəsində və millətin (əhalisinin) də kiçik bir hissəsi ilə qurulan bu dövlət tam təbii dövlət tələblərinə cavab vermir. Bu amillər həm millətləşmə və dövlətləşmə, həm də geopolotik inkişaf prosesinə mənfi təsir edən ən böyük və ya başlıca tarixi-coğrafi və fiziki-coğrafi amillərdir.

Avrasiya materikinin ən mürəkkəb və strateji əhəmiyyətli üç regionundan birində, Avropa qitəsi ilə Asiya qitəsinin sərhəddində, strateji dördyol ayrımında və ya qovşağında yerləşən müstəqil, lakin kiçik və natamam təbii və ya qismən təbii Azərbaycan Respublikasının bu mürəkkəb coğrafiyada təkbaşına uzun müddət (tarixi baxımdan) ayaqda qalması, davamlılığını sürdürməsi qeyri-mümkündür. Müasir dövr Azərbaycan tarixi də, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyi də, Azərbaycan Respublikasının tarixi də, bugünü də bunu əyani şəkildə göstərməkdədir. Müstəqilliyini tarixi baxımdan yeni bərpa etmiş Azərbaycan Respublikasının böyük bir hissəsinin (RF-nin ölkəmizə qarşı ER və “DQR” vasitəsilə apardığı) vəkalət müharibəsi nəticəsində işğal edilməsi (1991-1994) də, onun demokratik hakimiyyətinin massiv, əzici böyük güc olan RF tərəfindən devrilməsi (1993) də, ölkəmizin II Qarabağ Müharibəsində tam və qəti qələbə çalmasının, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsinin qarşısının alınması (09 noyabr 2020-ci il) da “təbii” və gözləniləndir. Baş verən bu tarixi hadisələrin də, bu gün yaranmış olan mövcud durumun da başlıca səbəblərindən biri Azərbaycan Respublikasının böyük fiziki-coğrafi çatışmazlıqlarının olması və bu səbəbdən də onun coğrafi, coğrafi-strateji gücünün yetərsiz qalmasıdır.

Azərbaycan Respublikasının ən böyük fiziki-coğrafi çatışmazlıqları:

– öz tarixi ana coğrafiyasından qoparılması;

– ərazicə çox kiçilməsi;

– coğrafi dərinliyini və yetərliliyini;

– qərbdə və cənubda təbii sərhədlərini;

– açıq dənizlərə və dünya okeanlarına çıxışını;

– eyni zamanda qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, türk dünyası ilə birbaşa quru əlaqəsini;

– beləliklə də, hərəkət sərbəstliyini itirməsidir.

Coğrafi dərinliyini, açıq dənizlərə və dünya okeanlarına çıxışını və qardaş Türkiyə ilə birbaşa quru əlaqəsini itirən Azərbaycan Respublikası strateji dərinliyini və geniş strateji manevr qabiliyyətini də itirmişdir.

Bütün bunlara rəğmən, Avropa ilə Asiyanın sərhəddində, Avrasiyanın mürəkkəb və həssas, eyni zamanda enerji daşıyıcıları ilə zəngin bir regionunda, strateji dördyol qovşağınada – Qərb-Şərq və Şimal-Cənub dəhlizlərinin kəsişməsində, “İpək yolu” üzərində, eyni zamanda Türkiyə Cümhuriyyəti ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında yerləşən Azərbaycan Respublikasının mövcud fiziki-coğrafi gücü və mövqeyi, eyni zamanda getdikcə artan strateji əhəmiyyəti, – xüsusilə də Naxçıvanla Azərbaycanın qərb rayonları arasında təhlükəsiz nəqliyyat əlaqəsi bərpa olunduqdan sonra, – gözardı edilməməli, nəzərə alınmalı və adekvat qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının coğrafi, fiziki və iqtisadi coğrafi gücü qiymətləndirilərkən onun:

– gözəl və zəngin təbiəti, ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi, təbii şəraiti və sərvətləri (yeraltı və yerüstü), münbit torpaqları, onların iqtisadi əhəmiyyəti;

– coğrafiyasının qlobal və regional iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiya üçün artan əhəmiyyəti;

– böyük fiziki-coğrafi çatışmazlıqlarının və coğrafi, coğrafi-strateji gücünün yetərsizliyinin ortadan qaldırılmasının, coğrafi dərinliyinin artırılmasının müasir dövrdə mümkün olduğu (birbaşa və tam olmasa da) da nəzərə alınmaldır.

Azərbaycan Respublikasının coğrafi-siyasi mövqeyi

Azərbaycan Respublikasının coğrafi-siyasi mövqeyi dedikdə, ona, siyasi sferasına, eyni zamanda milli siyasətinə – milli təhlükəsizlik və milli inkişaf siyasətinə siyasi təsir göstərən coğrafiya və dövlətin bu coğrafiyadakı yeri nəzərdə tutulur. Azərbaycan Respublikasının ona siyasi təsir edən coğrafiyada tutduğu yer onun coğrafi-siyasi mövqeyini müəyyən edir.

Sürətlə gedən qloballaşma şəraitində Azərbaycan Respublikasının regional və qlobal inteqrasiya səviyyəsi, ətraf coğrafi mühitlə qarşılıqlı əlaqə və təsir, o cümlədən siyasi təsir səviyyəsi yüksəldikcə, bu coğrafiyanın sərhədləri də genişlənməkdə və qloballaşmaqdadır.

Azərbaycan Respublikasına coğrafi-siyasi təsir dedikdə, ölkənin yerləşdiyi coğrafiyanın – ətraf coğrafi mühitin dövlətə, onun siyasi sferasına və milli siyasətinə, təbii, həm də geopolitik siyasətinə göstərdiyi siyasi təsirlər nəzərdə tutulur.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasına siyasi təsir göstərən coğrafiyanın sərhədləri durmadan genişlənir. Genişlənməkdə olan bu coğrafiyaya Azərbaycan Respublikasına quruda həmsərhəd olan qonşu ölkələr (RF, TC, İİR, Gürcüstan və Ermənistan), yerləşdiyimiz region (müxtəlif geopolitik baxışlara görə ölkəmiz Qafqaz, Cənubi Qafqaz, Cənubi Qafqaz və Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər və ya Yaxın Şərq regionuna aid edilir), qonşu regionlar (postsovet məkanı, Avropa, Yaxın və Orta Şərq) və ABŞ daxildir. Əslində, bu gün qlobal miqyasda baş verən hər bir ciddi siyasi hadisə, hərəkət və ya proses bu və ya başqa səviyyədə, birbaşa və ya dolayı yolla Azərbaycan Respublikasına da təsir göstərməkdədir. Yəni, dünyamız qloballaşdıqca hər bir dünya dövlətinə olan coğrafi-siyasi təsirlər də qloballaşır. Məsələn, uzun müddət ərzində özümüzə çox uzaq hesab etdiyimiz, geopolitik təsirini, demək olar ki,  hiss etmədiyimiz Çinin, onun təkcə “Bir kəmər, bir yol” layihəsinin belə, bu gün Azərbaycan Respublikasına, onun geopolitik inkişafına necə təsir etdiyini artıq adi gözlə görməkdəyik. Bunun üçün yenicə başa çatmış II Qarabağ Müharibəsinə və onun nəticələrinə – Naxçıvanla, eyni zamanda qardaş Türkiyə ilə Azərbaycan Respublikasının qərb rayonları arasında təhlükəsiz nəqliyyat, enerji, kommunikasiya, iqtisadi-ticarət yollarının açılması perspektivlərinə baxmaq kifayətdir.

Azərbaycan Respublikası bir tərəfdən imperiya ambisiyalarından və qlobal güc olma iddiasından əl çəkməyən, massiv geopolitik regional güc olan Rusiya Federasiyası (RF) ilə aqressiv xarici siyasət aparan, böyük regional güclərdən biri olan İran İslam Respublikası (İİR) arasında, digər tərəfdən də ABŞ və AB başda olmaqla, demokratik dünya ilə antidemokratik RF və İİR arasında sıxılmış və bir qədər də “əzilmiş” vəziyyətdə yerləşir.

Xüsusilə nəzərə almaq lazımdır ki, tarixi Azərbaycan əsasən məhz Rusiya və İran arasında bölünüb. Bu səbəbdən, neoimperialist RF və teokratik İİR Azərbaycan Respublikasının nə müstəqil milli dövlət kimi baş tutmasında, nə də demokratik inkişaf yolu seçib Avropa və Avro-Atlantik institutlara inteqrasiya olunmasında qətiyyən maraqlı deyil. Çünki azad, demokratik rifah dövləti olacağı halda, Azərbaycan Respublikası həm postsovet respublikaları, xüsusən də Mərkəzi Asiyanın türk dövlətləri, həm də Cənubi Azərbaycan üçün çox çəkici bir nümunə ola bilər.

Açıq göründüyü kimi, avtoritar RF və teokratik İİR milli dövlətimizin coğrafi-siyasi inkişafına mənfi təsir edən başlıca xarici amillərdir. RF-nin Azərbaycan Respublikasına qarşı vəkalət müharibəsi aparması, onun hərtərəfli dəstəyi ilə Ermənistan Respublikasının ölkəmizin torpaqlarının böyük bir hissəsini işğal etməsi, bir hissəsini hələ də işğal altında saxlaması, Rusiyanın II Qarabağ Müharibəsinin gedişinə hərbi müdaxilə etməsi, ölkəmizin tam və qəti qələbə çalmasının qarşısını alması və bu regional münaqişənin həllinə imkan verməməsi, eyni zamanda İİR ilə bərabər ölkəmizin demokratikləşməsinə, Avropaya və Avro-Atlantik məkana inteqrasiyasına qəti və sərt qarşı şıxması isə geopolitik inkişafımız qarşısında duran başlıca konkret maneələrdir.

Onu da qeyd edək ki, Rusiyanınn tarixi Azərbaycan torpaqlarında yaratdığı süni oyuncaq dövlət olan, Cənubi Qafqazda forpost rolunu oynayan Ermənistan Respublikasına ayrıca geopolitik faktor kimi deyil, “yaradanı”na (Rusiyaya) əlavə olan bir coğrafi-siyasi amil kimi baxmaq lazımdır.

Regionumuzun geopolitik keçid dövründə olması, geopolitik taleyinin həll edilməməsi, region ölkələrinin müxtəlif geopolitik seçimlər etməsi Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması, Gürcüstanın AB-yə inteqrasiya yolu tutması, Azərbaycanın isə Qoşulmama Hərəkatına üzvlük yolu seçməsi və hazırda Cənubi Qafqazda həlledici mərhələyə daxil olan geopolitik qarşıdurmanın kəskinləşməsi də Azərbaycan Respublikasına mənfi təsir göstərən coğrafi-siyasi amillərdəndir.

Əslində, hazırda Cənubi Qafqazda yeni geopolitik durum, qeyri-rəsmi geopolitik kondominium (birgə nəzarət və idarəçilik) yaranıb. Buna faktiki geopolitik ikihakimiyyətlilik də demək olar. Geopolitik baxımdan, Gürcüstan AB və ABŞ-la (NATO) RF, Azərbaycan TC (NATO) ilə RF, Ermənistan isə ABŞ-la (NATO) RF arasında “paylaşılıb”. Dayanıqlı və davamlı olmayan bu həssas, gərgin geopolitik durumun yaxın perspektivdə daha da gərginləşməsi və kəskinləşməsi qaçınılmaz görünür.

Regionda öz geopolitik maraqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarını tapdalamaqdan və II Dünya Müharibəsi sonrası formalaşan beynəlxalq nizamı, eyni zamanda beynəlxalq səviyyədə tanınan sərhədləri zorla dəyişməkdən çəkinməməsi, demokratik inkişaf, Avropaya və Avro-Atlantik məkana inteqrasiya yolu seçən Gürcüstanın tərkib hissələri olan Abxaziya və Cənubi Osetiyanı faktiki olaraq ilhaq etməsi, digər region ölkələrini – Ermənistan və Azərbaycanı bu istiqamətdə seçim etməmələri üçün təhdid etməsi və ölkəmizə qarşı vəkalət müharibəsi aparması səbəbindən RF region, eyni zamanda Azərbaycan Respublikası üçün başlıca aktual coğrafi-siyasi təhdiddir.

Azərbaycan Respublikasına qarşı yönəlik olan bu aktual coğrafi-siyasi təhdid mürəkkəb təhdiddir. Belə ki, neoimperialist RF-nin Cənubi Qafqazda faktiki geopolitik eksklavları olan işğalçı Ermənistan Respublikası və separatçı qondarma “DQR” də onun üzvi tərkib hissələridir.

Avropa, postsovet məkanı, Yaxın və Orta Şərqdə ABŞ və RF arasında gedən və vəkalət müharibələri ilə müşayət olunan (Ukrayna və Suriyada) sərt geopolitik mübarizə, qonşu regionlarda – Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Şimali Qafqazda “islam dövləti” qurmaq məqsədilə silahlı mübarizə aparan və dövlətimizi də təhdid edən beynəlxalq terrorçu qrupların aqressiv fəaliyyəti, genişlənməyə və yayılmağa meylli olan beynəlxalq terrorizm isə Azərbaycan Respublikasının geopolitik inkişafına ciddi mənfi təsir göstərən aktuallaşmağa meylli qlobal və regional coğrafi-siyasi təhdidlərdir.

Azərbaycan Respublikasının coğrafi-siyasi inkişafına müsbət təsir edən əsas xarici amillər isə:

– mövcud şəraitdə yeganə əsl qlobal güc olan ABŞ-ın postsovet ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və demokratik inkişafını müdafiə etməsi;

– Azərbaycan Respublikasının dinc, demokratik və bölünməz Yeni Avropaya aid edilməsi, ATƏT və Avropa Şurasına üzv olması, AB-nin Avropa Qonşuluq Siyasətinə daxil edilməsi;

– AB-nin region ölkələri ilə siyasi və iqtisadi inteqrasiyada maraqlı olması, bu məqsədlə “Şərq Tərəfdaşlığı” proqramını təklif etməsi, Gürcüstan, Ukrayna və Moldova ilə assosiativ üzvlük və azad ticarət zonası haqqında müqavilə imzalaması (2013-2014);

– AB və NATO-nun – demokratiya, sülh, sabitlik və təhlükəsizlik məkanının şərqə doğru genişlənməsinin, ağrılı və yavaşlamış olsa da, davam etməsi;

– ölkəmizin qardaş demokratik Türkiyə Cümhuriyyəti və təbii müttəfiqimiz olan, demokratik inkişaf yolu seçən Gürcüstanla qonşu olması, hər iki dövlətlə münasibətlərin ikitərəfli və üçtərəfli formatda davamlı olaraq inkişaf etdirilməsi;

– eyni zamanda, şərqdə qonşularımız olan qardaş türk dövlətləri – Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanla Xəzər dənizi vasitəsilə sərbəst əlaqələr yaratmaq imkanının olmasıdır.

XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranan mütərəqqi tarixi-siyasi, siyasi-mədəni və mədəni ənənələrin daşıyıcıları olan kontrelitanın (əsl milli elitanın) və cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də gənclərin azadlıq, demokratiya, müasirləşmə və islahatlara meylli olması və ədalətə susaması da Azərbaycan Respublikasının coğrafi-siyasi inkişaf perspektivinə müsbət təsir göstərən başlıca daxili amillərdir.

Ukrayna böhranından (2014) sonra coğrafi-siyasi qarşıdurmanın qlobal və regional miqyasda kəskinləşdiyi və həlledici mərhələyə daxil olduğu bir vaxtda Azərbaycan Respublikasının siyasi rəhbərliyinin RF və İİR-dən çəkinərək, eyni zamanda öz siyasi maraqlarını əsas tutaraq, demokratik strateji seçim etməməsi isə ölkəmizin coğrafi-siyasi inkişafına mənfi təsir edən ən əsas daxili amildir. Məhz bu səbəbdən qarşı duran hər iki geopolitik mərkəz – həm RF, həm də ABŞ və AB ölkəmizə yönəlik təzyiqləri artırmışdır.

Yeri gəlmişkən, II Qarabağ Müharibəsindən sonra regionda yaranmış həssas, dayanıqsız, gərgin yeni geopolitik durum və onun görünən inkişaf perspektivləri, tez və ya gec, Azərbaycan Respublikasını da strateji seçim etməyə zorlayacaqdır.

Azərbaycan Respublikasının coğrafi-siyasi inkişafına mənfi təsir edən digər əsas daxili amillər isə ölkəmizdə RF-nin 5-ci kolonunun güclü mövqeyə sahib olması, siyasi və iqtisadi gücün bir əldə cəmlənməsi, demokratik inkişafda maraqlı olan milli iqtisadi elitanın (milli burjuaziya) və orta təbəqənin formalaşmasına imkan verilməməsi, cəmiyyətdə azadlıq və demokratiya istəyinin zəif olması, geniş yayılmaması, tarixdən qaynaqlanan və bu coğrafiyanın insanında əsrlər ərzində formalaşan tarixi-siyasi uyğunlaşma refleksinin müqavimət göstərmə refleksini, başqa sözlə, fərdin özünüqoruma instiktinin risk və fədakarlıq tələb edən azadlıq istəyini hələ də üstələməsidir.

Coğrafiyasına, fiziki-coğrafi və coğrafi-siyasi mövqeyinə qısa təhlili baxışdan da aydın görünür ki, çox mürəkkəb, həssas, qeyri-sabit, dinamik dəyişən və xarici təsirlərə açıq bir coğrafiyada yerləşən Azərbaycan Respublikası strateji əhəmiyyəti hələ də artmaqda olan fiziki-coğrafi mövqeyə sahib olsa da, əlverişsiz coğrafi-siyasi mövqeyə və ciddi çatışmazlıqları olan kiçik coğrafiyaya, bütövlükdə isə kiçik coğrafi gücə malikdir.

Azərbaycan Respublikasının coğrafiyasının əsas çatışmazlıqları və onların aradan qaldırılması yolları

Azərbaycan Respublikasının milli strateji gücünün sabit ünsürlərindən biri olan coğrafiyası – milli gücün coğrafi komponenti kiçik olmaqla yanaşı, bir sıra əlverişsiz cəhətlərə və ciddi çatışmazlıqlara sahibdir.

Azərbaycan Respublikasının coğrafiyasının, həmçinin coğrafi mövqeyinin – yerləşdiyi coğrafiyanın və bu coğrafiya daxilindəki yerinin əlverişsiz cəhətləri və əsas çatışmazlıqları onun:

– Avrasiya materikinin strateji əhəmiyyəti yüksək olan ən mürəkkəb və həssas üç geostrateji regionundan birində – Cənubi Qafqazda yerləşməsi;

– belə geostrateji regionda ayaqda qalmaq üçün böyük strateji güc, potensial və yüksək hazırlıq səviyyəsinin tələb olunmasına rəğmən, strateji gücü və potensialının kiçik, strateji hazırlığının isə aşağı səviyyədə olması;

– Avropanın periferiyasında, eyni zamanda nəhəng Avrasiya materikinin dərinliyində – “əlçatmaz yerdə” yerləşməsi və ona dost olmayan iki böyük antidemokratik güc – neoimperialist avtoritar RF ilə teokratik totalitar İİR arasında, “sıxılmış və əzilmiş” vəziyyətdə qalması;

– qlobal və regional geopolitik, geostrateji, geoekonomik və geokültürəl maraqların, bu maraqların daşıyıcıları olan köhnə (Rusiya, İran və Türkiyə) və yeni (ABŞ, AB, NATO və Çin) regional oyunçuların toqquşduğu mürəkkəb, həssas və xarici müdaxilələrə açıq bir coğrafiyada – Cənubi Qafqaz və Xəzər regionunda yerləşməsi;

– azad dünya (ABŞ, BK və AB) ilə birbaşa fiziki-coğrafi bağının olmaması, ondan uzaqda, antidemokratik coğrafiyada yerləşməsi;

– tarixi coğrafiyasından qoparılması, ardınca coğrafi ərazisinin hissə-hissə əlindən alınması və tarixi coğrafiyasının yalnız kiçik bir hissəsini əhatə etməsi;

– bu tarixi, tarixi-siyasi səbəblərdən coğrafi dərinliyini, təbii sərhədlərini (cənubda, qərbdə və qismən şimalda), ayrılmaz parçası olan Naxçıvan MR-lə, həmçinin təbii müttəfiqi və yeganə strateji tərəfdaşı olan qardaş Türkiyə ilə birbaşa fiziki-coğrafi bağlantısını, eyni zamanda açıq dənizlərə, dünya okeanlarına birbaşa çıxışını itirməsi;

– bu mürəkkəb coğrafiyada strateji dərinliyi və açıq dənizlərə çıxışı olmayan kiçik ərazidə yerləşməsi;

– üstəlik, bu kiçik ərazinin də bir hissəsinə (RF, ER və “DQR”-in nəzarətində olan ~ 3 min km2-lik ərazi) hələ ki, nəzarət edə bilməməsidir.

Strateji xarakterli bu çoxsaylı coğrafi çatışmazlıqları və əlverişsiz cəhətləri qapatmaq, kompensasiya etmək və ortadan qaldırmaq üçün Azərbaycan Respublikası təbii perspektiv inkişaf strategiyası və “çoxyönlü açılma və strateji dərinlik qazanma” geostrategiyası həyata keçirməlidir. Əks təqdirdə, Azərbaycan Respublikasının coğrafiyasını – milli strateji  gücünün coğrafi komponentini nə böyütmək, nə də çoxsaylı çatışmazlıqlarını və əlverişsiz cəhətlərini aradan qaldırmaq mümkün olar.

Azərbaycan Respublikasının geopolitik inkişaf strategiyasının təməlində də məhz bu iki strategiya – təbii perspektiv inkişaf strategiyası və “çoxyönlü açılma və strateji dərinlik qazanma” geostrategiyası dayanmalıdır.

Azərbaycan Respublikasının təbii perspektiv inkişaf strategiyasının əsas hədəfləri perspektiv inkişaf mərhələlərinə uyğun olaraq, demokratikləşmə, bütövləşmə (və sahiblənmə), böyümə və gələcək zaman yolçuluğuna böyük dövlət kimi davam etmə olmalıdır.

Azərbaycan Respublikasının “çoxyönlü açılma və strateji dərinlik qazanma” geostrategiyanın əsas hədəfləri isə azad dünyaya, öz tarixi, milli, dini və mədəni coğrafiyasına, eyni zamanda açıq dənizlərə, dünya okeanlarına açılma və strateji dərinlik qazanma olmalıdır.

Azərbaycan Respublikasının təbii perspektiv inkişaf strategiyası və “çoxyönlü açılma və strateji dərinlik qazanma” geostrategiyası, səmərəli və effektli olmaları üçün, eynizamanlı və paralel olaraq həyata keçirilməlidir.

Azərbaycan Respublikasının azad dünyaya açılması

Bu hədəfinə nail olması üçün Azərbaycan Respublikası, qeyd edildiyi kimi, eynizamanlı və paralel olaraq demokratikləşmə strategiyası və azad dünyaya açılma geostrategiyası həyata keçirməlidir. Bu strateji tələb də onun milli siyasətdə demokratik inkişaf strategiyası – “demokratikləşmə, azad dünyaya inteqrasiya və qloballaşmaya aktiv uyğunlaşma” strategiyası izləməsini diqtə edir. Bu halda Azərbaycan Respublikası hər şeydən öncə, –  çox gec olsa da, strateji zaman itkisinə yol versə də, – demokratik strateji seçim və avtoritarizmdən demokratiyaya keçid etməli, eyni zamanda demokratik açılım geopolitikası izləyərək Avropaya və Avro-Atlantik məkana tam inteqrasiya AB və NATO-ya üzvlük və sürətlə qloballaşan dünyaya aktiv uyğunlaşma yolu tutmalıdır.

Demokratik inkişaf strategiyasının həyata keçirilməsi:

– Azərbaycan Respublikasının azad dünyaya açılmasına, sülh, sabitlik və təhlükəsizlik məkanına – AB və NATO-ya daxil olmasına və beynəlxalq təhlükəsizlik təminatı almaqla antidemokratik güc mərkəzlərindən (avtoritar RF-dən və teokratik İİR-dən) etibarlı qorunmasına;

– təbii müttəfiqi və strateji tərəfdaşı olan qardaş Türkiyə ilə, eyni zamanda ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR ilə bu strateji inkişaf yolunu seçmiş, təbii müttəfiqi olan qonşu Gürcüstan üzərindən etibarlı, qırılmaz coğrafi bağlantı qurmasına;

– açıq dənizlərə (Qara dəniz və Aralıq dənizi) və okeanlara (Atlantik okeanı) açılmasına;

– Avrasiyanın dərinliyindəki “əlçatmaz yer”dən, antidemokratik güclər arasındakı “sıxılmış və əzilmiş” vəziyyətdən qurtulmasına;

– Avropanı da içinə alan, nəhəng coğrafi dərinliyi olan Avro-Atlantik məkana qovuşmaqla, – dolayısilə olsa da, – çox böyük strateji dərinlik qazanmasına;

– sürətlə qloballaşan və dəyişən dünyaya geniş və dərin açılmasına və aktiv uyğunlaşmasına;

– nəhayət, formalaşmaqda olan yeni dünya düzənində öz layiqli və etibarlı yerini tutmasına imkan verəcək.

Avropanın periferiyasında yerləşən Azərbaycan Respublikasının azad dünyaya, açıq dənizlərə, dünya okeanlarına, həmçinin öz tarixi, milli, dini və mədəni coğrafiyasına açılmasının və strateji dərinlik qazanmasının, eyni zamanda Avrasiyanın dərinliyində yerləşən “qapalı geostrateji zona”dan, neoimperialist Rusiyanın işğalçı ER, qondarma “DQR” və teokratik İİR-lə birgə qurduğu “qapalı qüsurlu geostrateji dairə”dən (və ya geostrateji “tələ”dən) qurtulmasının digər alternativ və köməkçi yolları isə:

– qardaş Türkiyə ilə Azərbaycan Respublikası arasında birliyin (bu, AB-yə bənzər, konfederativ və ya federativ birlik ola bilər) yaradılmasının strateji hədəf seçilməsi və ilk öncə hərbi-siyasi ittifaq başda olmaqla, ikitərəfli strateji müttəfiqliyin yaradılması;

– Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası və Azad Ticarət Sazişinin imzalanması;

– Azərbaycan Respublikasına ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsi;

– birinci variantın baş tutduğu halda, üçlü ABŞ-Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının, ikinci varinatda isə ittifaqının yaradılması (bu halda hər iki qonşu dövlətə və təbii müttəfiqə ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusu verilməlidir);

– Azərbaycan Respublikasının AB ilə assosiativ üzvlük və azad ticarət zonasının yaradılması haqqında saziş imzalaması, assosiativ birlik və azad ticarət zonası yaratması;

– Azərbaycan Respublikasının (uzunmüddətli, açıq elan olunmamış strateji hədəf olaraq) AB və NATO-ya üzvlük və Gürcüstanla sıx strateji – uzunmüddətli, geniş və dərin inteqrasiya yolu seçməsi;

– üçlü TC-Gürcüstan-AR strateji müttəfiqliyinin və ya tərəfdaşlığının qurulması;

İİR-in demokratikləşməsi və təbii, bu, baş tutarsa, Azərbaycan Respublikası ilə sıx strateji inteqrasiyası ola bilər.

Bu strateji inkişaf yolları da Azərbaycan Respublikasına azad dünyaya açılma, qardaş Türkiyə ilə və öz ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-lə etibarlı, qırılmaz coğrafi bağlantı qurma, qərbdə açıq dənizlərə etibarlı, sərbəst çıxış əldə etmə və strateji dərinlik qazanma imkanı verəcəkdir. Sonuncu strateji inkişaf yolu isə Azərbaycan Respublikasına öz tarixi, milli, dini və mədəni coğrafiyasına açılma, cənubda açıq dənizlərə etibarlı, sərbəst çıxış əldə etmə və strateji dərinlik qazanma imkanı verəcəkdir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının geopolitik və geostrateji inkişaf perspektiv(lər)i baxımından, onun demokratik inkişaf strategiyası ilə alternativ və köməkçi inkişaf yolları bir-birinə zidd deyildir, əksinə bir-birini tamamlayır. Bu səbəblə, əsas, alternativ və köməkçi inkişaf yolları eynizamanlı, paralel olaraq da, müxtəlifzamanlı, ardıcıl olaraq da izlənə bilər.

Azərbaycan Respublikasının öz tarixi, milli, dini və mədəni coğrafiyasına açılması

Bu hədəfinə nail olması üçün isə Azərbaycan Respublikası, eynizamanlı və paralel olaraq, bütövləşmə strategiyası və öz tarixi, milli, dini və mədəni coğrafiyasına açılma geostrategiyası həyata keçirməlidir.

Azərbaycan Respublikasının bütövləşmə strategiyasının və çoxyönlü geostrategiyasının bu istiqamətlərinin həyata keçirilməsi ona:

– öz tarixi coğrafiyası ilə bütövləşmə, öz tarixi coğrafiyasına, tarixi coğrafi-siyasi, coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni hövzəsinə açılma, tarixi təbii coğrafi sərhədlərinə çıxma;

Azərbaycanla bütövləşmə, Naxçıvan MR-lə və qardaş Türkiyə ilə birbaşa (Cənubi Azərbaycan üzərindən) etibarlı fiziki-coğrafi bağlantı qurma;

türk dünyasına, Mərkəzi Asiyaya və Avrasiyanın dərinliklərinə açılma;

– eyni zamanda, geniş müsəlman dünyasına açılma;

açıq dənizlərə (Bəsrə və ya Fars körfəzi, Ərəbistan dənizi), dünya okeanlarına (Hind və Cənub və ya Antarktika okeanı) birbaşa və ya dolayısilə çıxma;

– beləliklə, birbaşa (bütöv İranla – tarixi Qacarlar Dövlətilə bütövləşmə olarsa) və ya dolayısilə (yalnız Cənubi Azərbaycanla bütövləşmə olarsa) böyük strateji dərinlik qazanma imkanı verəcəkdir.

Azərbaycan Respublikasının açıq dənizlərə, dünya okeanlarına açılması

Azərbaycan Respublikasının azad dünyaya (Qərb istiqaməti) və öz tarixi, milli, dini və mədəni coğrafiyasına (Cənub və Şərq istiqaməti) açılması eyni zamanda ona açıq dənizlərə və okeanlara açılma və böyük strateji dərinlik qazanma imkanı da verəcəkdir. Belə ki, azad dünyaya açılma geostrategiyası ona Qara dənizə və Aralıq dənizinə, ordan da Atlantik okeanına açılmağa, öz tarixi, milli, dini və mədəni coğrafiyasına açılma geostrategiyası isə birbaşa və yaxud Bəsrə (Fars) körfəzi vasitəsilə Ərəbistan dənizinə, ordan da Hind və Cənub (Antarktika) okeanlarına çıxmağa və böyük strateji dərinlik qazanmağa imkan verəcək.

Azərbaycan Respublikasının çoxyönlü geostrategiyasının bütövlükdə həyata keçirilməsi isə ona, birbaşa və dolayısilə olmaqla, çox böyük və çoxyönlü strateji dərinlik qazandıracaq.

Mövcud qlobal, regional və lokal şərait

Azərbaycan Respublikasının yaxın və ya görünən gələcək üçün mümkün geopolitik inkişaf perspektivləri dəyərləndirilərkən, heç şübhəsiz, mövcud qlobal, regional və lokal şərait də nəzərə alınmalıdır.

Mövcud qlobal, regional və lokal şəraitə baxışdan çıxan əsas nəticələr aşağıdakılardır:

1. Mövcud şəraitdə dünyamız nizam və sabitlikdən uzaq görünür. Çünki köhnə dünya nizamı dağı(dı)lıb, yenisi isə, – başını RF-nin çəkdiyi qeyri-demokratik avtoritar və totalitar rejimlərin sərt müqavimət göstərməsi və çoxsaylı maneələr yaratması üzündən, – hələ ki, qurulub başa çatmayıb.

2. Ukrayna böhranından (2014) sonra həlledici mərhələyə daxil olan yeni dünya nizamı quruculuğu və qlobal geopolitik qarşıdurma, Trampın hakimiyyətə gə(tiri)lməsinədək ABŞ-ın liderlik etdiyi azad dünyanın açıq üstünlüyü şəraitində getdiyi və kəskinləşdiyi halda, Tramp dövründə ABŞ-ın liderlikdən faktiki imtina etməsi, (başda Vaşinqton, London, Brüssel, Berlin, Paris və üstəlik, yəhudi güc mərkəzləri olmaqla) çoxqütblülüyün yaranması və maraqların toqquşması səbəbilə, azad dünyanın açıq üstünlüyü şübhə altına düşmüş və proses əhəmiyyətli dərəcədə səngimişdir.

ABŞ və Qərbin liderliyilə gedən yeni dünya nizamı quruculuğu çoxsaylı problemlərlə üzləşmiş, ciddi şəkildə yavaşlamış və qlobal geopolitik durum daha da mürəkkəbləşmişdir. Belə ki, həm ABŞ “dərin dövlət”i, həm də Qərb parçalanmış, qlobal liderlik uğrunda qızışan mübarizədə Birləşmiş Krallıq və Çin kimi yeni iddiaçılar ortaya çıxmışdır. Üstəlik, gah təkbaşına, gah da AB daxilində siyasi-hərbi liderlik rolunu üzərinə götürməyə cəhd edərək (məsələn, Avropa Ordusunun yaradılması ideyasını irəli sürərək), Birliklə birlikdə hərəkət etməklə öz hədəflərinə nail olmaq istəyən Fransanın yerli-yersiz liderlik iddiaları da bitib-tükənmək bilmir.

Rusiya isə öz təsir, eyni zamanda geopolitik təsir sferalarını genişləndirməyə Ukrayna böhranından sonra da, – Suriya, Liviya və Azərbaycana hərbi müdaxilə etməklə, – davam etdirməkdədir.

3. Başlıca qlobal geopolitik qarşıdurma istiqamətləri Afro-Avrasiya və Asiya-Sakit okean hövzəsidir.

Afro-Avrasiya istiqamətində başlıca qlobal geopolitik qarşıdurma xətləri (və ya böyük qlobal geopolitik çatlar) isə:

– şimalda Arktikadan başlayıb, cənubda Hind okeanınadək uzanan Şimal-Cənub xətti;

– qərbdə Moldovadan başlayıb, şərqdə Azərbaycana – Xəzərədək uzanan Qərb-Şərq və ya GUAM xətti;

– məqribdən başlayıb, məşriqdən keçməklə Pakistanadək uzanan (Ş. Afrikanı, Yaxın və Orta Şərqi əhatə edən) Böyük Orta Şərq xətti;

– və cənubda Hind okeanından və ya Bəlucistandan başlayıb, şimalda Sibirədək uzanan (Əfqanıstan, Tacikistan və Özbəkistan mərkəzli) Asiya xəttidir.

4. Afro-Avrasiya istiqamətində mövcud olan bu dörd böyük qlobal geopolitik çatın hər biri üzərində gedən geopolitik qarşıdurma, burada gedən proseslər birbaşa və ya dolayı yolla, bu və ya başqa dərəcədə Azərbaycan Respublikasına təsir edir.

Belə ki, birincisi, onlardan üçü (Şimal-Cənub, GUAM və Mərkəzi Asiya çatları) Azərbaycan Respublikasının da daxil olduğu postsovet məkanından, ikisi (GUAM və Böyük Orta Şərq çatları) isə onun fiziki-coğrafi olaraq yerləşdiyi Cənubi Qafqazdan və coğrafi-mədəni baxımdan aid olduğu Yaxın və Orta Şərqdən keçir.

İkincisi, Azərbaycanın böyük hissəsi – Cənubi Azərbaycan fiziki-coğrafi olaraq da Yaxın və Orta Şərqdə yerləşir.

Üçüncüsü, dördüncü xəttin keçdiyi Mərkəzi Asiyaya gedən və Rusiyadan yan keçən iki başlıca strateji yoldan biri də Azərbaycan Respublikası üzərindən keçir.

5. Afro-Avrasiya istiqamətində mövcud olan bu başlıca qlobal geopolitik qarşıdurma xətləri, Əfqanıstan, İraq, Gürcüstan, Ukrayna, Suriya, Liviya, Azərbaycan kimi,bir sıra yerlərdə artıq geopolitik qarşıdurma cəbhələrinə çevrilmişdir.

6. Sürətli qloballaşma, xüsusən də dünyanın “kiçilməsi”, məsafələrin “qısalması” və sürətin artması özünün müsbət təsirləri ilə bərabər, mənfi təsirlərini də sürətlə dünya üzrə yaymaqda, genişləndirməkdədir.

Geopolitik qarşıdurmanın qlobal, eyni zamanda regional səviyyədə həlledici mərhələyə daxil olduğu bir dövrdə sürətli qloballaşmanın mənfi təsirləri daha sürətlə yayılmaqda, genişlənməkdə və daha ağır nəticələr verməkdədir. Belə ki, geopolitik məqsədli uğursuz xarici müdaxilələr üzündən bir tərəfdən milli, dini radikalizm və ekstremizm, milli, etnik, dini, məzhəbi və mədəni zəmində qarşıdurmalar, digər tərəfdən də millətçilik, irqçilik, şovinizm, milli, irqi, dini və mədəni ayrı-seçkilik, ksenofobiya, xüsusən də türkofobiya və islamafobiya, eyni zamanda proteksionizm və özünütəcrid – özünəqapanma meylləri güclənir. Sürətli qloballaşma da mənfi təsirli bu amillərin, hal, hadisə və proseslərin, eyni zamanda beynəlxalq terrorizmin sürətlə yayılmasına və “böyük köçlər”in yaranmasına şərait yaradır. Bu da özünüqoruma instinkti işə düşən millətləri və milli dövlətləri qloballaşmadan və geniş inteqrasiyadan çəkindirir.

7. Dünyanın sürətlə qloballaşması, başlıca qlobal qarşıdurma istiqamətindəki – Afro-Avrasiyadakı başlıca geopolitik qarşıdurma xətləri və cəbhələrinin postsovet məkanı, GUAM, Cənubi Qafqaz və Xəzər regionu, Yaxın və Orta Şərq, eyni zamanda Azərbaycan Respublikası və İİR-dən (həm də Cənubi Azərbaycandan) keçməsi səbəbindən, qlobal geopolitik qarşıdurma, xüsusən də bu regionlardakı geopolitik qarşıdurmalar həm Azərbaycan Respublikasına, həm İİR-ə, həm də Cənubi Azərbaycan məsələsinə birbaşa və dolayısı ilə təsir etməkdədir.

8. Başlıca qarşıdurma tərəfləri (ABŞ, AB və NATO – RF və İİR) arasında gedən coğrafi-siyasi və coğrafi-strateji qarşıdurma bu regionlarda da həlledici mərhələyə daxil olub. Təbii, burada ciddi şəkildə qlobal liderliyə hazırlaşan, böyük və iddialı “Bir kəmər, bir yol” layihəsilə yola çıxan Çin və son dövrlərdə (“Brexit”-dən sonra) “Qlobal Britaniya” ideyası ilə hərəkətə keçən Birləşmiş Krallıq da unudulmamalı, gözardı edilməməlidir. Əksinə, ciddiyə alınmalıdır.

9. Qlobal və regional təhlükələr sayca artıb, miqyasca böyüyüb, eyni zamanda səviyyəcə yüksəlib.

10. Başlıca qlobal və regional, eyni zamanda Azərbaycana yönəlik aktual təhdid aqressiv xarici və hərbi siyasət aparan neoimperialist Rusiyadır. II Qarabağ Müharibəsi və ondan sonra yaranmış mövcud regional və lokal durum bunu əyani olaraq bir daha açıq və aydın şəkildə göstərməkdədir.

11. Bu səbəblərə görə, mövcud qlobal, xüsusən də mürəkkəb, ağır, həssas və xarici təsirlərə açıq olan regional şərait daha əlverişsiz hala düşübdür.

12. Qlobal və regional strateji inkişaf perspektivində, ABŞ, AB və NATO-nun uzunmüddətli “tükəndirmə strategiyası” izləməyə davam edəcəyi bu qlobal və regional geopolitik qarşıdurmada tərəflər arasında mövcud olan böyük strateji güc disbalansının getdikcə daha da artacağı səbəbindən, nə Putin Rusiyasının, nə də teokratik İİR-in şansı yoxdur.

13. II Qarabağ Müharibəsi dövründə və ondan sonra Türkiyənin Cənubi Qafqazda, ələlxüsus Azərbaycanda – Rusiyanın “arxa bağçası”nda öz hərbi-siyasi iştirakını təmin etməsi, gücləndirməsi, öz varlığını və aktivliyini artırması, geopolitik rolunu təsdiq etməsi, ən başlıcası, bunu Rusiyaya qəbul və etiraf etdirməsi bunun ilk əlaməti sayıla bilər.

14. Yeni dünya nizamının qurulması prosesinin və geopolitik qarşıdurmanın bu həlledici mərhələsində Azərbaycan Respublikası – Şimali Azərbaycan artıq Rusiya və Türkiyənin “şərikli” coğrafi-siyasi təsir sferasında, Cənubi Azərbaycan isə İİR-in tərkibində olduğundan, Azərbaycan Respublikası və İİR-in demokratikləşməsi məsələsinin, eyni zamanda Cənubi Azərbaycan məsələsinin yaxın perspektivdə və ya qısa müddətdə (beş il ərzində), yəni Bayden dövründə gündəmə gəlməsi ehtimalı əhəmiyyətli səviyyədə artmışdır.

15. Yaranmış mövcud qlobal və regional şərait, onun gözlənilən üstün inkişaf meylləri Azərbaycan Respublikası üçün böyük təhlükələrlə bərabər, başda münaqişənin həlli, demokratikləşmə və bütövləşmə – Cənubi Azərbaycan məsələsi olmaqla, böyük fürsətlər də yaradır.

Azərbaycan Respublikası bunu, eyni zamanda II Qarabağ Müharibəsi nəticəsində yaranmış nisbi (bu müharibədən öncəki şəraitə nisbətən) əlverişli regional və lokal şəraiti, qardaş Türkiyənin birmənalı yanında yer almasını xüsusilə nəzərə almalı, strateji zəkasını işə salmalı və hazırda mövcud olan əlverişsiz qlobal və nisbi əlverişli regional şəraiti, özü üçün əlverişli hala gətirməklə, lehinə çevirməyi bacarmalıdır.

16. Azərbaycan Respublikasının II Qarabağ Müharibəsində qalib gəlməsinə, işğal altında olan torpaqlarının böyük hissəsini, o cümlədən başda Şuşa olmaqla, keçmiş DQMV-nin inzibati ərazisinin bir hissəsini işğaldan azad etməsinə baxmayaraq, Rusiyanın “sülhməramlı” adı altında ölkəmizə hərbi müdaxiləsilə daha da mürəkkəbləşən, ağırlaşan və həssaslaşan mövcud regional və lokal şəraitdə çoxvektorlu regional inkişaf davam etməkdə, qeyri-müəyyənlik artmaqda, perspektiv inkişafın, eyni zamanda geopolitik inkişafın proqnozlaşdırılması, onun əsas istiqamətlərinin müəyyən edilməsi isə getdikcə çətinləşməkdədir.

17. Mübarizə, böhran, münaqişə və müharibələrin strateji xarakter aldığı, “ağıllı güc”ün və strateji gücdən ağıllı istifadənin önəminin artdığı bu şəraitdə xüsusi önəm qazanmış strateji kəşfiyyat, kəşfiyyat-informasiya mübadiləsi, preventiv siyasət və diplomatiyanın əhəmiyyəti daha da artmışdır.

18. Tarixi baxımdan yeni, strateji baxımdan kiçik və zəif milli dövlət olan Azərbaycan Respublikası, öz milli siyasət strategiyasını – milli təhlükəsizlik və milli inkişaf, eyni zamanda geopolitik inkişaf strategiyalarını işləyib hazırlayarkən, geopolitik inkişaf perspektivlərini müəyyən edərkən coğrafiyasını, coğrafi gücünü, coğrafi mövqeyini, ələxüsus fiziki-coğrafi və geopolitik mövqeyini, təbii, həm də mövcud qlobal, regional və lokal (geopolitik və geostrateji) şəraiti, gəlinən bu əsas nəticələri, xüsusən də strateji inkişaf perspektivlərini mütləq nəzərə almalıdır.

Perspektiv

Co Baydenin hakimiyyətə gəlməsilə bölünmüş ABŞ “dərin dövləti”nin yenidən birləşməsi, qlobal və regional institutlara önəm verilməsi, Avro-Atlantik xəttinin güclənməsi, ABŞ-ın AB və NATO ilə, eyni zamanda strateji müttəfiqləri olan Birləşmiş Krallıq və İsraillə birgə hərəkət etməsi, ABŞ və Qərbin təksəslə danışmağa çalışması, böyük ehtimalla, gözlənildiyindən, Ukrayna böhranından sonra həlledici mərhələyə daxil olmuş yeni dünya nizamı quruculuğu prosesinin də, qlobal və regional geopolitik qarşıdurmanın da, – ələlxüsus Rusiya mərkəzli olmaqla, postsovet məkanında, – kəskinləşməsi, qarşıdurmaların toqquşma, böhran, münaqişə və müharibələrə keçməsi ehtimalı – riski yüksələcəkdir.

Azərbaycan Respublikası, bütün digər amillərlə birlikdə bunu, eyni zamanda GUAM üzvü olmasını, bu təşkilata üzv olan digər ölkələr kimi ərazisində süni münaqişənin və rus ordusunun olmasını, süni münaqişələrin neoimperialist Rusiyanın xarici siyasətinin əsas alətlərindən biri olmasını, bunun artıq ABŞ və Qərbdə çox yaxşı dərk edilməsini də nəzərə alaraq, bu mənada, təbii müttəfiqləri olan Gürcüstan, Ukrayna və Moldova ilə birlikdə hərəkət etməyə hazır olmalıdır. Bu səbəblə, ABŞ və Qərbin yeni müstəqil dövlətlər ərazisində yaradılan süni münaqişələrə və rus ordusunun iştirakına universal yanaşmasına nail olmalıdır. Yəni, bu ümumi yanaşma Dağlıq Qarabağ məsələsinə və “sülhməramlı” adı altında burada yerləşdirilən rus ordusuna da aid edilməlidir.

Bu səbəblə, Azərbaycan Respublikası, Rusiyanın, əslində, bütün postsovet məkanının hədəf taxtasına qoyulacağı gözlənilən Bayden dövründə geopolitik keçid forması olan GUAM-dakı fəaliyyətinə məqsədyönlü şəkildə yenidən baxmalı və öz siyasətini Gürcüstan, Ukrayna və Moldova ilə koordinasiya etməlidir.

Mövcud şərait, onun üstün inkişaf meylləri, görünən perspektivlə bağlı gözləntilər, həmçinin Azərbaycan Respublikasının kiçik, çoxsaylı çatışmazlıqları və mənfi yanları olan coğrafi gücə və əlverişsiz coğrafi mövqeyə sahib olması ondan tam səmərəli və effektli milli siyasət strategiyası – bir-birini tamamlayan demokratik inkişaf və milli təhlükəsizlik strategiyası, eyni zamanda tam təbii perspektiv inkişaf strategiyası“çoxyönlü açılma və strateji dərinlik qazanma” geostrategiyası, bunların əsasında da çoxyönlü geopolitik inkişaf strategiyası həyata keçirməsini tələb edir.

Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikasının “Çoxyönlü geopolitik inkişaf strategiyası”nın təməlində məhz bu iki strategiya – təbii perspektiv inkişaf strategiyası və “çoxyönlü açılma və strateji dərinlik qazanma” geostrategiyası dayanmalıdır. Bunu həm milli, həm perspektiv inkişaf, həm də geopolitik, geostrateji, geoekonomik və geokültürəl maraqlarımz tələb edir.

Ümumiyyətlə, bu mürəkkəb coğrafiyada yerləşən Azərbaycan Respublikasının bütün maraqlarının təmin edilməsi ondan komplementar vahid dövlət strategiyası və siyasətinin həyata keçirilməsini tələb edir. Bu strategiya və siyasət, təbii, onun bütün üzvi tərkib hissələri, o cümlədən “Çoxyönlü geopolitik inkişaf strategiyası” səmərəli və effektli, bunun üçün də məqsədyönlü, rasional, adekvat və praqmatik olmalıdır.

Bu səbəblə, Azərbaycan Respublikası milli, təbii perspektiv inkişaf, geopolitik və geostrateji maraqlarını rəhbər tutmalı, demokratik siyasi inkişaf, çoxyönlü geopolitik və geostrateji açılım strategiyalarını işləyib hazırlamalı və demokratikləşmə, azad dünyaya, öz tarixi coğrafiyasına, türk və müsəlman dünyasına, açıq dənizlərə və dünya okeanlarına açılma istiqamətlərinə öncəlik verməlidir.

Bu maraqları rəhbər tutan Azərbaycan Respublikası ilk növbədə:

– demokratik siyasi-strateji seçim etməli, “Demokratiyaya yumşaq keçid strategiyası”nı qəbul etməli;

– “Demokratikləşmə, azad dünyaya inteqrasiya və qloballşamaya aktiv uyğunlaşma” xəttini seçməli;

– demokratik açılım geopolitikası izləyərək, yeganə əsl qlobal güc olan ABŞ-la NATO-dan kənar müttəfiqliyi hədəf alaraq, Strateji tərəfdaşlıq xartiyası imzalamalı; –

Avropaya və Avro-Atlantik məkana tam inteqrasiya – AB və NATO-ya üzvlük yolu tutmalı (rəsmən bəyan etməyə də bilər);

– ilk öncə AB ilə strateji tərəfdaşlıq, ardınca assosiativ üzvlük və azad ticarət zonasının yaradılması haqqında, NATO ilə də genişləndirilmiş və dərinləşdirilmiş fərdi tərəfdaşlıq haqqında saziş imzalamalı;

– ABŞ-ın strateji müttəfiqləri olan, geopolitik, geostrateji və geoekonomik xarakter daşıyan II Qarabağ Müharibəsində Azərbaycanın yanında yer alan Birləşmiş Krallıqİsraillə (Təl-Əvivdə səfirlik açaraq) münasibətləri strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə qaldırmalı, siyasi-hüquqi baxımdan təsbit etməli;

– azad dünyanın bir parçası olan qardaş Türkiyə ilə birliyin yaradılmasını hədəf alaraq, öncə hərbi-siyasi, ardınca strateji müttəfiqlik sazişi imzalamalı, ölkəmizdə onun hərbi bazalarının yerləşdirilməsinə nail olmalı;

– dost və qardaş Pakistanla strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamalı;

– müharibə dövründə əldə olunan milli birliyi qoruyub saxlamalı, daha da inkişaf etdirib möhkəmləndirməli;

– beləliklə, həm daxili gücünü artırmalı, həm də qurulacaq yeni beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalıdır.

Azərbaycan Respublikası, yalnız bu halda həlledici dövrdə, kritik mərhələ ərəfəsində olan yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın, böyük ehtimalla, gözlənilən kəskinləşməsilə bağlı yarana biləcək qlobal və regional geopolitik və geostrateji burulğandan, qopacaq fırtınadan uğurla (ən azı, minimal itki ilə) çıxa və öz milli məsələ və problemlərini həll etmək üçün hərtərəfli əlverişli (ən azı, nisbi əlverişli) şəraitin yaradılmasına nail ola bilər.