Rusiya və Azərbaycan ilk dəfə olaraq Xəzər dənizində onlarla hərbi gəminin iştirakı ilə birgə hərbi təlimlər keçirəcək. Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
“Hərbi nümayəndə heyətləri arasında aparılan məsləhətləşmələr zamanı sentyabrda “Xəzər dənizində iqtisadi fəaliyyət obyektlərinin müdafiəsi üzrə birgə fəaliyyət” mövzusunda təlimlərin keçirilməsi razılaşdırılıb”, – deyilən məlumatda qeyd olunub ki, Rusiya və Azərbaycanın Xəzər donanmaları arasında Xəzər dənizində gəmiçiliyin və beynəlxalq dəniz fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, dəniz və hava hədəflərinə birgə artilleriya atəşləri, qəzaya uğramış gəmilərə yardım edilməsi və digər birgə təlimlər həyata keçiriləcək.
Hərbi ekspert üzeyir Cəfərov açıqlamasında məsələni aşağıdakı kimi şərh etdi:
“Bu günə qədər Azərbaycanla Rusiya Federasiyası arasında hərbi, hərbi-texniki sahədə bir sıra sazişlər, müqavilələr mövcud olduğunu hamımız yaxşı bilirik. Hər il ölkələrimiz arasında bütün sahələrdə yeni-yeni əlaqələrin yaranması və münasibətlərimizin daha da genişləndirilməsi üçün ayrı-ayrı sah
ələrdə tədbirlər həyata keçirilir. Bu mühüm tədbirlər sırasına daha biri – Xəzər dənizində ilk dəfə Rusiya və Azərbaycan hərbi gəmilərinin iştirakı ilə birgə təlimlər keçirilməsi əlavə olunub ki, bu da, zənnimcə, çox diqqətçəkən hadisədir. İndiyə qədər tərəflər Hərbi Dəniz Qüvvələri səviyyəsində bir-birinə qonaq ziyarətləri həyata keçirirdilərsə, artıq ölkələrimiz su hövzəsində birgə təlimlərə də başlayırlar. Rusiya siyasi və hərbi rəhbərliyinin də çox önəm verdiyi Cənub Hərbi Dairəsinə daxil olan Donanmanın şəxsi heyəti və texnikasının cəlb olunacağı bu praktik məşğələlər zamanı bir sıra tapşırıqlar yerinə yetiriləcək. Bura gəmi və digər vasitələrin iştirakı ilə birgə məşqlər və fəaliyyət istiqamətlərinin uzlaşdırılması məsələləri daxildir. Xatırladım ki, iki ölkə hərbi nümayəndələri arasında məsləhətləşmələr zamanı qərara alınıb ki, 2015-ci ilin sentyabrında “Xəzər dənizində iqtisadi fəaliyyət obyektlərinin müdafiəsi üzrə birgə fəaliyyət” mövzusunda təlimlər keçirilsin və bu təlimlərdə yuxarı ranqlı siyasi və hərbi rəhbərliyin də olacağı istisna olunmur. Təlimlərdə Xəzər dənizində gəmiçiliyin və beynəlxalq dəniz fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, dəniz və hava hədəflərinə birgə artilleriya atəşləri, qəzaya uğramış gəmiyə yardım göstərilməsi və digər vəzifələrin yerinə yetirilməsi kimi praktik məşğələlər sınaqdan keçiriləcək.Şəxsi qənaətimə görə, istisna deyil ki, belə təlimlərin gələcəkdə təkcə ikitərəfli deyil, eyni zamanda üçtərəfli, hətta ola bilsin Xəzərətrafı region ölkələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) ilə birgə keçirilməsi də gündəmə gəlsin.
çünki yuxarıda sadaladığım təlim proqramına daxil olan məsələlər təkcə Rusiya və Azərbaycana deyil, eyni zamanda, bizə qonşu olan İran, Qazaxıstan və hətta, ola bilsin ki, Türkmənistanın da diqqətini cəlb etsin. Birgə fəaliyyət üçün gələcəkdə planlar və praktik məşğələlər həyata keçirilsin.
Bunu region dövlətlərinin hamısı çox yaxşı başa düşür ki, Xəzərlə bağlı bir çox məsələlər hələ də tam həllini tapmadığı üçün məhz HDQ arasında əlaqələrin olması ümumi işə xeyir verə bilər”.
Məhəmmədəli QƏRİBLİ