XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 10:01

İQTİDAR VƏ MÜXALİFƏTİ BİR ARAYA GƏTİRƏCƏK “İSLAHAT ŞURASI”:onun yaradılmasına niyə böyük ehtiyac var?

Elxan ŞÜKÜRLÜ,

“Strateq.az” saytının baş redaktoru

 

Prezident İlham Əliyev 2019-cu ildən etibarən, cəmiyyətdə daha çox “Ramiz Mehdiyevin komandası” kimi tanınan şəxsləri – “köhnələr”i hakimiyyətdəki strateji vəzifələrdən uzaqlaşdıraraq, onların dövlətin siyasətinə təsirini minimuma endirməyə və sürətli islahatlara keçid almağa qərar versə də, 2020-ci ilin əvvəlindən yaşanan ağır pandemiya və ardınca da sentyabrda başlanan 44 günlük Qarabağ savaşı ölkəni fəlakətli sosial-iqtisadi duruma salmaqla, əhalidə bu islahatların müsbət təsirinin duyulmasının qarşısını da almış oldu.

Üstəlik, neft gəlirlərinin pik vaxtlarında korrupsiya və rüşvət yoluyla fantastik miqdarda gəlirlər əldə etmiş “köhnələr” onların yerinə gətirilən gənclərin – “yenilər”in uğur qazanmaması və cəmiyyətdə “elə köhnələr daha yaxşı idi” düşüncəsinin yaranması üçün də əllərindən gələn hər şeyi edirlər – topladıqları pullarını gizlədir, əhalini daha çox narazı salmağa çalışır, verilən göstərişləri yerinə yetirməkdən yayınır, sürüşüb aradan çıxmağa can atır və bütün təqsirlərinə, neqativ əməllərinə də birbaşa ölkə rəhbərliyini şərik etməklə məsuliyyətdən yayınmaq istəyirlər…

Nəticədə, 30 illik Qarabağ problemini həll etməsinə baxmayaraq, hakimiyyətə ictimai etimad və inam sürətlə aşağı düşür və bu durum bir müddət sonra maraqlı xarici güclərin ölkədə sabitliyi poza bilmələri üçün də potensial zəmin yaradır…

Rusiyadakı son “Navalnı olayı” bir daha təsdiqləyir ki, sərvəti bol ölkələrin yoxsullaşan əhalisində hakim elitanın dəbdəbəli həyat tərzi hakimiyyətə qarşı böyük qıcıq və qəzəb hissini körükləmək, ictimai etiraz dalğası yaratmaq və emosional gəncliyi küçələrə tökmək üçün necə təsirli silah rolu oynayır…

Deməli, indi Azərbaycan hakimiyyətinə həm xeyli pul, həm də vaxt və güc lazımdır ki, oliqarxiyanın sabotajından və çevriliş təhdidlərindən yayınmaqla yanaşı, özünə ictimai inam yaradaraq, arxayın şəkildə həm Qarabağda sürətli bərpa-quruculuq işlərini apara, həm də başladığı islahatları uğurla tamamlaya bilsin.

Şübhəsiz ki, bu cür fövqəladə durum hakimiyyətdən yeni şəraitə adekvat və hətta daha təsirli, cəsarətli addımların atılmasını tələb edir.

Tarixi təcrübə göstərir ki, belə şəraitdə ən yaxşı addımlardan ilki cəmiyyətdə müsbət reputasiyalı, nüfuzlu, korrupsiyaya və çirkli işlərə bulaşmamış təcrübəli şəxs və ya şəxslərin, xüsusən də hakimiyyətə müxalif cinahda yer almış, ancaq eyni zamanda hakimiyyətlə körpüləri də tam yandırmamış və islahatlarda maraqlı olan mütəxəssis kadrların, siyasətçilərin idarəetməyə, məsul vəzifələrə cəlbidir.

Çünki bu addım, ilk növbədə, ona yol açır ki, hakimiyyət müxalifətlə eyniməqsədli olur və məsuliyyəti onunla bölüşməklə, bir tərəfdən, oliqarxiyaya qarşı mübarizədə müttəfiq qazanır və onun sabotajçı təsirini azaldır, o biri tərəfdən də cəmiyyətin daha geniş təbəqəsinin inam və dəstəyini əldə edə bilir.

Bu faktdır ki, indiyədək hakimiyyətin “kadr bankı” funksiyasını “köhnələr”in dövründə YAP, “yenilər”in dönəmində isə Heydər Əliyev Fondu yerinə yetirib. Ancaq cəmiyyətdə böyük bir kəsim də var ki, hər ikisindən məsafəli davranıb və ictimai rəyə nüfuzetmə imkanlarına görə də YAP-ın və Fondun kadrlarından daha təsirlidirlər…

Hesab edirəm ki, mövcud durumda əhalidə islahatlara ictimai inamı bərpa etmək və kritik situasiyada oliqarxiyanın xarici təsirlərə açıq müxalifətlə birləşməsinin qarşısını almaq üçün Prezident İlham Əliyevin yanında “İslahatlar Şurası” adlı məşvərətçi bir qurum yaradıla və bu quruma ictimai rəyə təsir imkanlarına sahib müxalifət partiyalarının rəhbərləri də cəlb edilə və onların iştirakıyla reforma proqramları hazırlanıb həyata keçirilə bilər…

Məsələn, nə qədər subyektiv qarşılansa da, fikrimcə, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, ADR Hərəkatının sədri Qubad İbadoğlu, ReAl partiyasının sədri İlqar Məmmədov, Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, BAXCP sədri Qüdrət Həsənquliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, VHP sədri Sabir Rüstəmxanlı, BQP sədri Fazil Mustafa, Ağ Partiya sədri Tural Abbaslı və digərlərinin – Prezident İlham Əliyevlə işləməkdə psixoloji olaraq çətinlik çəkməyəcək müxalif partiya sədrlərinin iştirakıyla, ilkin olaraq, belə bir qurumun yaradılması və dövlət başçısı yanında açıq müzakirələrin təşkili siyasi münasibətlərin yumşaldılması və daha rəvan məcraya keçirilməsi, eləcə də sonrakı addımların atılması (mühacirlərin ölkəyə qayıdışı, siyasi məhbusların azadlığa çıxması, demokratik seçki şəraitinin yaradılması və s.) üçün çox önəmli rol oynaya bilər…

Eyni zamanda, bu quruma iniyədək heç bir siyasi təşkilata qoşulmayan, ancaq cəmiyyətdə nüfuz sahibi kimi qəbul edilən bitərəf ziyalıları, vətəndaş cəmiyyəti fəallarını, sahə ekspertlərini də cəlb etmək mümkündür.

Qısası, cəmiyyətin ən ağıllı başlarını indi dövlətin ətrafında toparlamaq, səfərbər etmək və ölkəni gözləyən təhlükələrdən birgə qorumaq üçün bu potensialdan məharətlə yararlanmaq zamanıdır.

44 günlük Qarabağ savaşı içdə həmrəyliyin nə demək olduğunu hamıya göstərdi! Kim bunu anlamayacaqsa, vay onların halına…