XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 13:49

Bayden “yox” dedi, ABŞ və İran necə dil tapacaq? –Yeni mübahisə başladı

Fevralın 7-də İranla Birləşmiş Ştatlar arasında nüvə sazişilə bağlı gərginlik dərinləşib. 2015-ci ildə İranın dünya gücləri ilə imzaladığı nüvə sazişindən dolayı liderlər bir-birini birinci hərəkət etməyə çağırıblar.

Prezident Co Bayden deyib ki, o, İranın danışıqlar masasına qayıtması üçün sanksiyaları qaldırmayacaq, Tehran nüvə sazişi öhdəliklərinə əməl etməlidir. Fevralın 7-də CBS-yə müsahibəsində Baydenə sual verilib ki, İranı danışıqlar masasına qaytarmaqdan ötrü sanksiyaları dayandıracaqmı. Bayden qısaca “Xeyr” deyib. Öncə İran uranı nüvə sazişi limitindən artıq zənginləşdirməyi dayandırmalıdırmı sualına isə başını tərpədərək müsbət cavab verib. Daha öncə isə Ali dini lider Ayətulla Əli Xameneyi deyib ki, ABŞ İranın nüvə sazişi öhdəliklərinə əməl etməsini istəyirsə, bütün sanksiyaları qaldırmalıdır. “Onlar İranın öhdəliklərə dönməsini istəyirlərsə, Birləşmiş Ştatlar qüvvədə olan sanksiyaları dayandırmalıdır, sonra biz bunu təsdiqlədəcəyik, sanksiyaların düzgün şəkildə qaldırılmasından əmin olacağıq, sonra isə öhdəliklərimizə qayıdacağıq”, – Xameneyi fevralın 7-də dövlət televiziyasına deyib.

“Bu, yekun qərardır, İran rəsmilərinin hamısı buna razıdır”, – o əlavə edib. Təhlilçilərin fikrincə, ilk dəfədir Xameneyi sanksiyaların hər hansı formada yüngülləşdirilməsinin təsdiqini tələb edir. Bu isə məsələnin həssaslığını göstərir. Xatırladaq ki, 2018-ci ildə Prezident Donald Tramp nüvə sazişindən çıxaraq İrana sanksiyaların tətbiqinə başlayıb.

Trampın sazişdən çıxmasına cavab olaraq Tehran da sənədi tədricən pozmağa, az zənginləşdirilmiş uran ehtiyatını artırmağa başladı, uranı daha yüksək səviyyədə zənginləşdirməyə, bundan ötrü qabaqcıl sentrifuqalardan istifadə etməyə başladı. Qarşılıqlı tələblər diplomatik yanaşmadakı əngəlləri göstərir. Bayden Trampın rədd etdiyi sazişi dirçəltməyə çalışır. Birləşmiş Ştatlar həm də müttəfiqləri və tərəfdaşları ilə birlikdə İranın raket proqramı və regional siyasəti üzrə daha uzunmüddətli və güclü razılaşma əldə olunmasına çalışır.

İran rəsmiləri isə təkid edirlər ki, ölkənin raket proqramı və regional siyasəti danışıqlar mövzusu deyil, Birləşmiş Ştatlar əvvəlcə nüvə sazişinə əməl etməlidir. Sazişlə İranın nüvə proqramına məhdudiyyətlər əvəzinə sanksiyalar yüngülləşdirilib. Xameneyinin çıxışından sonra İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN-ə deyib ki, Vaşinqtonun sanksiyalarına görə ABŞ-dan kompensasiya almaq nüvə sazişinin bərpası üçün ilkin şərt deyil. İran parlamentinin dekabrda qəbul etdiyi qanunvericilikdə hökumətdən tələb olunur ki, ABŞ sanksiyaları fevralın 21-cən yumşaldılmasa, nüvə məsələsində mövqeyini sərtləşdirsin. BMT-nin nüvə müfəttişlərinin ölkədən çıxarılması da mümkündür.

İyunda İranda prezident seçkisidir. Mötədil prezident Həsən Ruhani daha namizədliyini verə bilməz. Parlamentə nəzarət edən mühafizəkarlar prezidentliyi də ələ ala, bununla da Birləşmiş Ştatlarla kompromis şansları azala bilər.

“Amerika nə qədər yubansa, itirəcək. Bizim danışıqlar masasına qayıtmağa ehtiyacımız yoxdur. Masaya qayıtmağın yolunu Amerika tapmalıdır”, – deyə Zərif fevralın 6-da İran qəzetinə müsahibəsində Vaşinqtonu tezliklə hərəkətə keçməyə çağırıb.

Azadlıq radiosu