XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2021 - 13:41

İLYAS İSMAYILOV VHP QURULTAYINI TƏBRİK ETDİ:"Qarşıdakı mərhələdə vətəndaş həmrəyliyinə daha çox ehtiyacımız olacaq"

Xəbər verildiyi kimi, bu gün Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası özünün VIII qurultayını keçirir. Partiyanın 74 rayon təşkilatından 400 nəfərədək nümayəndənin qatılmasının planlaşdırıldığı Qurultay pandemiya səbəbindən onlayn qaydada keçiriləcək.

Strateq.az xəbər verir ki, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov da müxalif düşərgədəki müttəfiqi kimi, VHP üzvlərini Qurultay münasibətilə təbrik edib.

İ.İsmayılovun VHP-nin VIII Qurultay iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir:

“Hörmətli Qurultay iştirakçıları!

Bütün dünyaya qorxu və vahimə hissinin hakim kəsildiyi bir dövrdə – COVİD-19 adlı bəşəri bəlanın ölkəmizdə də geniş yayıldığı və yüzlərlə can aldığı fövqəladə bir şəraitdə siyasi partiyalar, o cümlədən VHP üzvləri öz ali toplantılarını keçirmək məcburiyyətindədilər.

Yer üzünün əşrəfi sayılan insanlar arasında artıq canlı təmasın büsbütün kəsilərək, əlaqələrin və fəaliyyətin tamamilə yeni bir aləmdə – məsafəli və virtual şəkildə davam etdirildiyi bu fövqəladə situasiya həyatımızın qaçılmaz reallığına çevrilməklə, bir tərəfdən, bizdən bu mühitə uyğunlaşmağı, o biri tərəfdən də öz ali məqsədlərimiz sırasına yenilərini əlavə etməklə, onlar uğrunda mübarizəmizi yorulmadan davam etdirməyi tələb edir.

Hörmətli Qurultay iştirakçıları!

Mən “yeni ali məqsəd” deyərkən, onu nəzərdə tuturam ki, indi biz, ilk növbədə, sağ qalmaq – doğmalarımızı, əzizlərimizi, yaxınlarımızı, əqidədaşlarımızı, bütövlükdə xalqımızı bu bəladan necə qorumaq, xilas etmək barədə düşünməli, bir yol tapmalı və yalnız buna nail olduqdan sonra digər addımlarımızı atmalıyıq.

Hazırda bizdən tələb olunan odur ki, bu bəladan qorunmaq üçün tibbi ağılın müəyyənləşdirdiyi qaydalara ciddi şəkildə əməl etməkdə hər birimiz şəxsi nümunə göstərək və doğmalarımızı, yaxınlarımızı, partiyadaşlarımızı, bütün xalqımızı da bu qaydalara riayət etməyə çağıraq.

Şübhəsiz ki, Böyük Həzrəti Əli demiş, ölümün sahibi olduğu kimi, həyatımızın da sahibi var – Allah! Və həyatımızın bu gerçək sahibi – Allah da bütün iradələrdən üstün iradəyə, bütün güclülərdən üstün gücə, bütün elmlilərdən ən üstün elmə malik olmaqla yanaşı, həm də yaratdığına qarşı sonsuz bir mərhəmət daşıyıcısıdır. Mən əminəm ki, bədniyyətli və Şərə xidmət edən bir insan ağlının məhsulu olan koronavirus elə Allahın mərhəməti, qüdrəti və elmi sayəsində də tez bir zamanda öz dağıdıcı təsir gücünü itirəcək və həyatımız yenidən öz əvvəlki axarına qayıdacaq – həm də bu dəfə Allahın bizə necə gözəl nemətlər bəxş etdiyini daha yaxşı dərk etdiyimiz bir şəkildə!

Hörmətli Qurultay iştirakçıları!

Belə bir çətin şəraitdə mən hər birinizə, ilk növbədə, can sağlığı və öncə bu bəlayla mübarizədən qalib çıxmanızı arzulayıram! Biz artıq qorxudan daha üstün olan hisslərin – sevgi və qalibiyyətin varlığını, onların nə demək olduğunu bilən bir millətik!

44 günlük İkinci Qarabağ Savaşı bizə və bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, qalibiyyət hissi ölüm qorxusuna qalib gələn və yeni bir millət yaradan ən güclü hissiymiş! Əmin olun – koronavirusun tüğyan etdiyi bir dövrdə ən amansız düşməninə qalib gələn millət koronavirusa da qalib gələcək!

Sizin Qurultayınız həm də ona görə yaddaqalan olacaq ki, bu, məğlubiyyətini yenərək qalibiyyət duyğusu yaşayan bir millət təmsilçilərinin keçirdiyi ali toplantıdır! Təki, bundan sonra da həmişə qələbə ovqatında olasınız!

Unutmayın ki, qarşıdakı mərhələdə bizim ölkəmizin içərisində milli birliyə, vətəndaş həmrəyliyinə həmişəkindən daha çox ehtiyacımız olacaq!

Mən sizə Milli Birliyin, Vətəndaş Həmrəyliyinin yaranmasında atdığınız bütün addımlarınızda uğurlar arzulayıram!

Allah dövlətimizi və millətimizi qorusun!”