XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 17:43

TÜRKİYƏ AYAĞINA VURULMUŞ 40 İLLİK BUXOVDAN HAÇAN QURTULACAQ? –PKK-ya qarşı mübarizənin sərtləşdirilməsi tələb edilir

Həsən Bəsri Yalçın

“Sabah”, Türkiyə, 15 fevral 2021-ci il

 

PKK terror təşkilatının nə qədər xain və yalançı bir təşkilat olduğunu görməyənlər Qaradakı hadisəyə baxsınlar. 13 mülki şəxsi başlarına güllə vuraraq şəhid edən bir qatil sürüsündən bəhs edirik. PKK 40 ildir Türkiyənin ayağına vurulmuş bir buxovdur. Sahibləri bəllidir. Hədəfləri ortadadır. Ən çox da kürdlərə zərər verib. Zəiflədikcə də daha alçaq davranırlar.

Son dörd ildir nəfəs ala bilməyən təşkilat meydanda məğlub olduğunu görür. Sərhədlərimiz daxilində hücum təşkil edə bilmir. İllərdir xəyal etdiyimiz bir strategiya dövrəyə girdi. Və təşkilat mənsubları sərhədlərimizin o biri tərəfində belə, qovalanır.

Suriyada keçirdiyimiz 3 əməliyyatla sərhədlərimizi təmizlədik. Uzun müddətdir Şimali İraqda davam edən “Qartal-Pəncə” əməliyyatları sayəsində də təhlükəsizlik qüvvələrimiz artıq 40-50 km dərinliyi olan sahəyə nəzarət edirlər.

Qara bölgəsi daha irəlidə yerləşmə strategiyasının önəmli bir halqasıdır. Terrorçuların Kandillə Suriya arasındakı keçidlərinin qarşısını almaq üçün Türkiyə Silahlı Qüvvələri (TSQ) durmadan əməliyyatlar keçirir. Təhlükəsizlik qüvvələri qarşısında əməlli-başlı zəifləyən terror təşkilatı xain sifətini bir daha göstərərək, mülki hədəflərə yönəlir.

Sosial dəstək

Dövlətin terrorla hərbi mübarizəsi, bəlkə də, tarixinin ən yüksək uğur səviyyəsinə çatdı. Bəlkə də bunun sayəsində illərdir başımıza bəla olan bir terror təşkilatından qurtara bilərik. Lakin aparılan siyasi və hərbi mübarizənin cəmiyyət tərəfindən ciddi şəkildə dəstəklənməsinə ehtiyac vardır. Ümumiyyətlə baxsaq, “Cəmiyyətdə PKK-nı lənətləməyən kimsə yoxdur” deyə bilərik. Amma sual yaranır: “Bu durum yalnız bir neçə lənətləmə mesajı ilə ötüşdürülə biləcək bir işdirmi?” Sosial hərəkətlənmə tələb etmirmi? 40 ildir canımıza qıyan, sosial bütünlüyümüzə, siyasi birliyimizə hücum edən bu təşkilata qarşı verəcəyimiz kütləvi cavab yalnız atdığımız bir neçə tvitdənmi ibarət olacaq? Siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları terrora qarşı bir müqavimət divarı inşa edə bilməzlərmi? Türrorla mübarizəni bir sosial səfərbərlik sahəsi halına gətirmək olmazmı?

Bunu qütbləşməyə qurban vermək olmaz

Normal şərtlərdə olmalı olan budur. Cəmiyyətin bütün qruplarını hədəf alan terrora qarşı sosial – kütləvi bir cavab verilməlidir. Ancaq üzülərək görürəm ki, bəzi şəxslər və qurumlar eyni həssaslığı daşımırlar. Sırf siyasi maraq naminə PKK-nı görməməzlikdən gələn və hətta onun siyasi uzantıları ilə ortaqlıq edənlər vardır.

Dərdim kimisə ittiham etmək deyil. Elə bir gündə deyilik. Dərdim yalnız diqqəti bir həqiqətə cəlb etməkdir. Terror təşkilatı və onun siyasi uzantıları yalnız hökumətə hücum etmirlər. Həm dövlətə, həm də cəmiyyətə hücum edirlər. Artıq bu xüsusda saxta ritorikadan vaz keçilməlidir.

PKK xarici ölkələrin Türkiyəyə zərər vermək üçün dəstəklədiyi bir terror təşkilatıdır. HDP də onun siyasi uzantısıdır. Bu bəsit reallığı görməməzlikdən gələn hər kəs terror təşkilatının əppəyinə yağ sürtür. Söyləyəcəklərim bu qədər. Daha artığını da söyləmək istərdim, amma belə kədəli bir gündə dərdim hesablaşmaq deyil. Sadəcə hər kəsin öz vicdanına qulaq verib düşünməsini istəyirəm.