XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2021 - 23:01

Sülhəddin Əkbərin partiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı:"Tanrı bizə Xocalıda haqq-ədaləti bərpa etməyi nəsib etsin"

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı ölkədə fəaliyyət göstərən müxtəlif ictimai, siyasi təşkilatlar, o cümlədən müxalifət partiyaları da bəyanatla çıxış edərək, beynəlxalq təşkilatlardan bu qətliamı törədənlərin layiqli cəzalarını almaları üçün qəti addımlar atmağı tələb edirlər.

Strateq.az xəbər verir ki, daha bir siyasi təşkilat – Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının (AzDP) Siyasi Şurası da bu haqda bəyanatla çıxışı edib.

AzDP-nin yaydığı bəyanatda deyilir:

“Əziz həmvətənlər!

Bu gün bütün Azərbaycan xalqı müharibədə zəfər çalmasına rəğmən, 29 il bundan öncə işğalçı Ermənistanın və separatçı ermənilərin qeyri-qanuni hərbi birliklərinin neoimperialist Rusiyanın 366-cı alayının iştirakı ilə törətdiyi Xocalı soyqırımını – insanlığa qarşı törədilən bu cinayəti qarışıq hisslərlə yad edir. Bir tərəfdən 44 günlük II Qarabağ Müharibəsində əldə etdiyimiz zəfərin sevinci və qürurunu, digər tərəfdən isə bu soyqırımı törədənlərin hamisi olan Rusiyanın tam və qəti qələbəmizin qarşısını almaq, iki əsrlik tarixi strategiyasının “nailiyyətlərindən” olan keçmiş DQMV və “DQR”-i əldən verməmək, yenidən diriltmək üçün “sülhməramlı” adı ilə növbəti dəfə ölkəmizə soxulmasından doğan məyusluq, qayğı və narahatlıqları yaşayırıq”.

Bəyanatda daha sonra vurğulanır ki, Azərbaycan üçün ağır tarixi travma olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib; 8 ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib; 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb; 1275 nəfər əsir götürülüb; əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil: “Bu gün biz soyqırımı qurbanlarının yaralı və qanlı əziz xatirəsini dərin kədərlə yad edərkən, “Xocalıya ədalət!” hayqırarkən, təbii ki, ağır qış şərtlərində zorla yurd-yuvasından didərgin salınan zərərçəkənləri də unutmuruq. Şübhəsiz, heç unuda da bilmərik. Tam əksinə, Şuşa kimi, Xocalının da düşmən tapdağından azad edilməsini və əziz xocalıların da öz yurd-yuvalarına dönmələrini öncəlikli aktual məsələ hesab edirik. Çünki Şuşa Azərbaycan üçün strateji, tarixi və mədəni baxımdan xüsusi önəm kəsb etdiyi kimi, Xocalı da strateji əhəmiyyət daşımaqla birlikdə, böyük və həssas simvolik önəm kəsb edir. Təbii, Azərbaycanın hər bir qarış torpağı müqəddəsdir, toxunulmazdır. Ancaq unutmamalıyıq ki, məsumların qanı ilə suvarılan Xocalı torpağı azad olunacağı, “Qiyamət günü”nü görən xocalılar da öz əziz ata-baba yurdlarına dönəcəkləri günü dərin həsrət və səbirsizliklə gözləyirlər. Eyni zamanda bu günün uzaqda olmadığına bütün qəlblərilə inanırlar. Ən azı, inanmaq istəyirlər”.

Bəyanatda daha sonra deyilir:

“Əziz həmvətənlər! Xalqımızın, xüsusilə də xocalıların bu qarışıq və ağır hisslərlə yaşadığı, lakin gələcəyə inamla baxdığı bu günlərdə təkrar ölkəmizə soxulan neoimperialist Rusiyanın düşmən Ermənistan ərazisindəki 102 saylı hərbi bazasını genişləndirməyi və onun bir hissəsini qərb sərhədlərimizin yaxınlığında yerləşdirməyi intensiv müzakirə etməsini, eyni zamanda Ermənistan-Azərbaycan sərhəddinin yenicə azad edilmiş hissəsini qeyri-rəsmi, faktiki qorumağa başlamasını əsəblə qarşılamaqdayıq. Təbii, bütün xalqımızın da eyni hissləri yaşadığını düşünməkdə və görməkdəyik.

Millət olaraq tarixi sınaqlardan keçdiyimiz, səbrimizin sınandığı bu günlərdə bir an belə unutmamalıyıq ki, Xocalı ədalət gözləyir. Xocalı haq etdiyi ədaləti tələb edir. Yeri gəlmişkən, bunu beynəlxalq birlik də unutmamalıdır. Haqqın öz yerini tapması da yalnız II Qarabağ Müharibəsi dövründə nümayiş etdirdiyimiz fenomenal milli birliyimizi qorumaqla, demokratik inkişaf yolu tutmaqla, daxili gücümüzü durmadan artırmaqla, başda qardaş Türkiyə olmaqla, bütün təbii və potensial müttəfiqlərimizlə mövcud münasibətlərimizi davamlı inkişaf etdirməklə, nəhayət, beynəlxalq münasibətlər sistemində layiqli, dayanıqlı və davamlı yer tutmaqla mümkündür. Biz buna inanırıq, sizin də inandığınızdan əminik.

Biz eyni zamanda milli maraqların siyasi maraqlardan üstün olduğuna, milli məsələ və problemlərin siyasətüstü məsələ və problemlər olduğuna inanırıq, sizin də bizdən məhz bunu gözlədiyinizdən əminik.

Tanrı inamınızı və inancınızı kamil etsin. Tanrı bizə Xocalıda haqq-ədaləti bərpa etməyi nəsib etsin. Tanrı Sizi, millətimizi və dövlətimizi – Azərbaycanımızı qorusun! Tanrı Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və konstitusiya quruluşunu tam bərpa etmək və müstəqilliyinə geridönməz xarakter vermək üçün bizə səbr və güc versin”.