XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 11:47

Deputatlar MM-də:“Siyasi partiyalarla dialoq daha da inkişaf etdirilməli və milli birliyimizi qorumalıyıq”

“Yeni Azərbaycan Partiyasında edilən yeniliklər və struktur dəyişiklikləri Vətən müharibəsində əldə etdiyimiz qələbəni, torpaqlarımız işğaldan azad olunduqdan sonra yaranmış yeni dövrü möhkəmləndirmək xarakteri daşıyır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bugünkü siyasi dialoqun üstünlüyü ondadır ki, bu dialoqun rəhbəri Prezident İlham Əliyevdir: “Bu proses heç bir müdaxilə olmadan, xarici qüvvələrin müdaxiləsi olmadan həyata keçirilir. Nəticədə biz milli həmrəyliyin yeni mərhələsinin şahidi oluruq. 6 siyasi partiya YAP-a birləşib. QHT sahəsində olan şəxslər YAP-ın İdarə Heyətində təmsil olunur. Əminəm ki, bütün bunlar Azərbaycanın daha güclü olması üçün yeni imkanlar yaradacaq”.

Deputat Cavid Osmanov isə qeyd edib ki, YAP VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir: “YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu qurultayın keçirilməsi torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrə təsadüf edir. Ölkədə və bölgədə Prezident İlham Əliyev tərəfindən yeni reallıq yaradılıb. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı qeyd etdi ki, milli birliyimizi qorumalıyıq. Bunları nəzərə alaraq, antimilli şuranın üzvlərindən başqa, bütün siyasi partiyalarla dialoqu daha da inkişaf etdirməliyik”/APA.