XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 14:54

Zahid Oruc:"Rusiya Qarabağ münaqişənin həllində həlledici təsir imkanlarını saxlayır"

"Azərbaycanın ərazi bütövlüyünü pozmaq hesabına Qarabağda hansısa müstəqillik yaratmaq qeyri-mümkündür. Status-kvo deyilərkən, işğalın bu vəziyyətdə saxlanılması nəzərdə tutulursa, bu olmayacaq".

Bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı qərb paytaxtlarının siyasi bəyanatlar verməsinə baxmayaraq, nə ABŞ-ın, nə Fransanın, nə Almaniyanın bu bölgədə qoşunları olmadığından Rusiya münaqişənin həllində həlledici təsir imkanlarını saxlayır.

Z.Oruc bildirib ki, əməliyyatlardan sonra Rusiyanın təşəbbüsü ilə yenidən atəşkəs rejimi bərpa edildi: "Artıq müharibə siyasi və diplomatik məkana qayıtdı. İndi o döyüşü ölkənin Ali Baş Komandanı aparır. Qarabağ məsələsi artıq heç vaxt əvvəlki kimi olmayacaq. Bunu Minsk Qrupunun sərəncamına verib illərlə gözləmək lazım olmayacaq. Bu prosesin istər siyasi, istərsə də hərbi yolla cərəyan etməsinə baxmayaraq, Azərbaycanın bu məsələdə uğur qazanacağı şəksizdir".

Z.Oruc hesab edir ki, hazırkı atəşkəs 1994-cü ildə Azərbaycanın həm torpaq itkiləri fonunda, həm də dövlətçiliyimizin itirilməsi qorxusu qarşısında məcburən imzalanan atəşkəslə eyni qüvvəyə malik deyil.

Deputatın sözlərinə görə, bölgədə geniş miqyaslı müharibənin olmasını İran, Rusiya, Türkiyə də istəmədiyini bildirib.

Aprelin 2-dən 5-dək aparılan əməliyyatları II Qarabağ savaşının ilk səhifələri sayan deputat qeyd edib ki, bu əməliyyatlarla Azərbaycanın hər bir vərəndaşı Şuşaya və Xankəndinə aparan yolları sanki yenidən bir daha tapdı: "Baxmayaraq ki, bu, dünənə qədər də bəlli idi. Amma minalanmış ərazilər, hansısa ağır artilleriya qurğuları da Azərbaycan vətəndaşını dayandırmadı. Bəlli oldu ki, düşmənin uzun illər ərzində beton karkaslarla yaratdığı istehkamları yarıb keçmək mümkündür. Bu addım gələcək böyük qələbənin müjdəçisi oldu. Şəhidlərimizin qanı hesabına tutulmuş yüksəlikləri siyasi və hərbi yüksəkliklərə çevirmək lazımdır".