XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 07:58

AMİP-in qonaqlarına viza verilmədi – Partiya sərt bəyanat yaydı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 12 ildən artıq əməkdaşlıq etdiyi İsveçin Moderat partiyası ilə birgə 29-31 may 2015-ci il tarixlərində Bakıda birgə seminar keçirmək planında problem yaranıb.

Bu barədə Strateq.az-a AMİP funksioneri Əli Orucov məlumat verib.

Müsahibimiz deyib ki, qeyd edilən tədbirlə bağlı bütün təşkilati və logistika işlər görülmüş, təyyarə biletləri alınmış, qonaqların qalacağı və tədbirin keçiriləcəyi məkanlar sifariş edilsə də, Azərbaycanın İsveçdəki səfirliyi qonaqlara viza verməkdən yayınıb: “1 ay əvvəl AMİP sədrinin imzası ilə tədbirdə iştirak edəcək Moderat partiyasının 4 nümayəndəsinə viza alınması üçün dəvətnamə göndərilib. May ayının 11-də viza alınması üçün lazım olan bütün sənədlər həmin nümayəndələr tərəfindən Azərbaycanın Stokholmdakı səfirliyinə təqdim olunub. Mövcud qaydalara əsasən, səfirlik 10 gün ərzində müraciətlərə müsbət və ya mənfi cavab verməyə borcludur. Buna baxmayaraq, Bakıya uçuşun nəzərdə tutulduğu son günədək, yəni faktiki olaraq 18 gün müddətində Azərbaycanın Stokholmdakı səfirliyi tərəfindən təqdim olunmuş sənədlərə hər hansı bir cavab verilməyib. Son üç gün ərzində isə intensiv olaraq edilən müraciətlərə məsələ ilə əlaqədar problem olmadığı, yalnız Bakıdan təsdiq cavabi gözlədiklərini bildiriblər”.

Əli Orucov bildirib ki, mayın 26 və 27-də AMİP rəhbərliyi məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin məsul işçiləri, Nazirliyin qaynar xətti, Konsulluq idarəsinin rəhbər işçiləri, həmçinin Stokholmdakı səfirliyin nümayəndələri ilə danışıqlar aparıblar: “Lakin edilən bütün cəhdlərə baxmayaraq, nazirlik rəsmiləri məsələni ötür-ötürə salmış, problemin həllinin kimdən asılı olması isə son anadək məchul qalmışdır. Bununla da, ən sonuncu gün belə mənfi və ya müsbət cavab verilməməklə müraciət edənlərə maddi və mənəvi ziyan vurulmaqla yanaşı, dünya təcrübəsində bu sahədə biabırçı bir ilkə imza atıldır. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin dövlətin və xaıqımızın adına utanc gətirən fəaliyyətlərinə etiraz olaraq bildirir ki, adıçəkilən qurumların qanunlara məhəl qoymaması və səriştəsizliyinin nəticəsində Azərbaycan dövətinin adına və nüfuzuna, onun xarici siyasətinə ciddi zərbə vurulub. Belə münasibət xüsusilə də, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində ölkəyə daha cox əcnəbi qonaqların cəlb olunması siyasəti ilə ziddiyyət təşkil edir. Azərbaycan Milli İstiqlal Partiyası XİN rəhbərliyindən tələb edir ki, ölkənin işgüzar nüfuzuna kölgə salan belə hadisənin baş verməsinə görə məsuliyyət daşıyanların müəyyənləşdirilib cəzalandırılması ilə bağlı təcili və ciddi araşdırma aparılsın”.

Strateq.az