XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 20:15

“Bu əzmin nəticəsi idi ki, Gürcüstan dövləti də…” –Əflatun Amaşovdan soydaşlarımızla bağlı iddialara sərt reaksiya

eflatun-11.jpg

"Bu gün torpağa tapşırılan qəhrəman pilotumuz Təbriz Musazadə ulu Borçalının (Dmanisi rayonu) Yaqublu kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə canından keçmiş sayca üçüncü şəhididir. Mən bu məqamı xüsusi fərqləndirmək istəməzdim. Çünki harada, hansı bölgədə yaşamasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş hər bir Vətən övladı fəxrimizdir, başımızın tacıdır".

Strateq.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Borçalı da Azərbaycan türklərinin Vətənidir: "Burada Azərbaycanla Gürcüstan arasında sərhəd xəttinin mövcudluğunun heç bir önəmi yoxdur. Çünki o xətləri aşan mənəvi bağlılıq telləri var. O tellərin nəticəsidir ki, Borçalı türkləri Azərbaycanı özlərinə Vətən bilirlər. Vətən uğrunda yaşadıqları kimi, onun üçün ölür və öldürürlər də. I Qarabağ müharibəsində Borçalılar 500-ə qədər şəhid vermişdi".

Ə.Amaşovun sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində gərginliyin yarandığı və müharibə ab-havasının yaşandığı bir dövrdə mindən çox Borçalı türkü savaş əzmini ifadə edib: "Tbilisidə, azərbaycanlılar yaşayan rayonlarda etiraz aksiyaları keçirildi… Bu əzmin nəticəsi idi ki, Gürcüstan dövləti də Azərbaycanın haqq işinə münasibətdə birmənalı həmrəylik göstərdi. Gürcüstan həm də öz vətəndaşının haqq işinə dəstək olmaqla Azərbaycanla dostluq ənənəsinə sadiqlik nümayiş etdirdi.

Əlbəttə, Borçalı türklərinin Azərbaycan və Qarabağ mütəşəkkilliyi ilə bağlı daha nələrisə də diqqətə çatdırmaq mümkündür. Digər tərəfdən, bu məqamlar deyilməyə də bilər. Çünki Vətənə xidmət mübhəm duyğudur, açıqlanmır, qabardılmır. Borçalılılar da bunu beləcə qəbul ediblər və əminəm ki, əməli fəaliyyətləri ilə Vətənlərinə bağlılıqlarını hər zaman ifadə edəcəklər. Ona da əmin olmaq istəyirəm ki, Borçalı türklərinin cəbhədə hərbi əməliyyatlar getdiyi bir vaxtda fəaliyyətsiz dayandıqlarını bildirənlər ən azından obyektiv olacaq, gələcəkdə bu sayaq fikirlər səsləndirməkdən uzaq duracaqlar".