XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 10:43

Gəncə İcra Hakimiyyətindən deputatın ittihamına cavab gəldi: “…Başına çuval keçirilməyib”

“Gəncədəki parkda Məhəmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilməyib”.

Strateq.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, şəhər icra başçısının müavini Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, ərazidə təmir işləri getdiyi üçün büstün örtülməsi normaldır: “çünki təmir zamanı büst zədə ala bilər. İkincisi, park Gəncə şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyi Dəmir Yolları İdarəsinin balansındadır. Təmiri də onlar həyata keçirir. Bu məsələdə İcra Hakimiyyəti səlahiyyət sahibi deyil, təmirə də məsuliyyət daşımır”.

YAP rəsmisi deputatı lazımi ünvana müraciət etməyə çağırıb.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə qarşı çox böyük hörmətsizlik edildiyini dilə gətirib: “Dünən Respublika Günü qeyd edildi. Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma o büstün başına çuval keçirilib. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsinə bənzəyir. Əgər Gəncə şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Yoxsa, zəhmət çəkib, onun yeni büstünü qoysun”.