XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2016 - 09:38

“Azərbaycan ordusu cəbhə bölgəsində xeyli irəli getsəydi…” –Elxan Şahinoğlundan Qarabağla bağlı yeni açıqlamalar

elxan-sahinoglu-esas

Rusiyanın vasitəçiliyi ilə aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin qərargah rəisləri arasında atəşkəs haqqında razılaşma əldə olunsa da, işğalçı ölkə təmas boyu atəşi davam etdirir.

Son hadisələrdən sonra Azərbaycan ordusunun malik olduğu silah-sursatın müasir tələblərə cavab verdiyini hətta Ermənistan prezidenti Serj Sərkisyan şəxsən etiraf etdi. 

Çıxılmaz vəziyyətdə qalan düşmən ölkə cəbhədə süni gərginlik yaratmaqla Moskvanın açıq şəkildə onu dəstəkləməsinə nail olmağa çalışır. Düşmən təbliğatının son günlər əsas məqsədi məhz Rusiyanın dəstəyini qazanmaqdır, elə Azərbaycan tərəfdə Türkiyə hərbçilərinin “döyüşdüyü” barədə cəfəng iddialar da buna hesablanıb. 

Şəhid hərbçilərimizlə vida mərasimində müdafiə naziri Zakir Həsənov bildirib ki, ermənilər Azərbaycana qarşı cinayət törədiblər və törətməkdə də davam edirlər. Nazir düşməni xəbərdar edib və şəhidlərin qisasının alınacağı vədini verib: “Buna heç kimin şübhəsi olmasın”. 

Göründüyü kimi, atəşkəs razılaşmasına baxmayaraq, vəziyyət kifayət qədər gərgindir, bunu Ermənistan tərəf də etiraf edir. Ona görə də düşmən ölkə çıxış yolunun tapılması üçün vurnuxmalardadır. Gah Sərkisyan müxalifət liderinin ayağına gedir, gah Ermənistan parlamentində Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınacağı hədəsi gəlir, gah da Rusiyanın ünvanına olmazın təhqirlər yağdırılır. Düşmən ölkədə anlayırlar ki, Azərbaycan hərbi baxımdan mühüm ərazilərə nəzarəti ələ keçirməklə hər an növbəti əməliyyatlara start verə bilər.  

Elə Rusiyada da atəşkəs razılaşmasının müvəqqəti olduğunu yaxşı bilirlər. Bu arada Rusiya və İsveçrə xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Görüşdən sonra S.Lavrov bu barədə açıqlama verib. Nazir tərəflərə növbəti dəfə çağırış edib: “Rusiya Dağlıq Qarabağda münaqişə tərəflərini atəşkəs barədə əldə olunan razılığa riayət etməyə çağırır. Biz İsveçrə ilə bərabər olduqca sadə olmayan münaqişənin siyasi yolla həllində maraqlıyıq”.

Çox qəribəsi odur ki, Qarabağdakı son ağır toqquşmalara Qərb dünyasının reaksiyası adekvat olmadı. Düzdür, AŞ PA sədri səviyyəsində bəzi rəsmilər torpaqların azad olunmasına çağırış etdilər, ABŞ dövlət katibinin müavini Bakıya telefon açdı. Lakin genişmiqyaslı toqquşmalara və itkilərə rəğmən, bu, normal reaksiya sayıla bilməz. Sanki Rusiya kimi, Qərb də iki tərəf arasındakı toqquşmaların nə ilə bitməsini sakitliklə izləməyə qərar vermişdi. Hər halda, 3 gündən sonra Moskvanın işə qarışmasını də ABŞ və Avropa sakit qarşıladı. Halbuki məntiqlə Qərb Moskvanın proseslərdə dominantlıq etməsinə yol verməməli idi. Düzdür, Minsk Qrupunun həmsədrləri də gəldi, ancaq onlar öz nüfuzlarını Bakıda çoxdan itiriblər. Rusiya rəsmilərinin son bəyanatlarından anlaşılan o oldu ki, Moskva status-kvonun saxlanmasında daha çox maraqlıdır. 

Qəribə situasiya yaranıb, Ermənistanda Rusiyaya həqarət püskürürlər, onu “satqın” adlandırırlar, İrəvanda Rusiya bayrağı yandırılır, Putin hakimiyyəti təhqir edilir. Ermənistan parlamentinin “İrs” fraksiyasından olan deputatı Tevan Poqosyan Rusiyanı xəyanətdə suçlayıb. “Hətta Rusiyanın yuxarı hakimiyyəti belə anlamır ki, onların strateji müttəfiqi Ermənistandır, Azərbaycan yox və bu ölkələr arasında fərq qoyulmalıdır. Doğrudan da Rusiya bilmir ki, onun müttəfiqi kimdir və o münaqişəni necə həll etməlidir?” – deyib.

Digər erməni ekspertlər də Kremlə üsyan püskürüb.   

Ancaq Bakıda da Moskvaya etibar etmir, onun sülh təşəbbüsünə şübhə ilə yanaşırlar. Hesab olunur ki, Rusiya hücum mövqeyində olan Azərbaycanın əl-qolunu bağlamaqla düşmənə revanş imkanı yaradır, həmçinin rayonların 5+2 prinsipi ilə qaytarılması təşəbbüsü ilə əslində bizi tələyə salmaq istəyir.

Bəs son hərbi əməliyyatlardan sonra diplomatik üstünlük hansı tərəfdədir, Bakıda, yoxa İrəvanda? Moskvanın özü əslində bu danışıqlarda kimin tərəfindədir?

Strateq.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a hazırkı situasiyanı şərh etdi:

“Son zamanlar belə bir fikir var ki, əgər Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonlardan bir neçəsini azad etmək istəsə, Rusiya bu prosesə qarışmayacaq, separatçılara dəstək verməyəcək. Yəni Rusiya Azərbaycana kiçik müharibə aparmağa mane olmayacaq. Bu, Rusiyaya ona görə lazımdır ki, Ermənistan hakimiyyətinə təzyiq etsin və sülh sazişi imzalansın və bununla Kreml Azərbaycanı da öz siyasi orbitinə cəlb edə bilsin. Çünki əgər Rusiya işğal altındakı torpaqların boşaldılmasına əsas dövlət olarsa, Azərbaycan Moskvanın istəyi əsasında Rusiyanın planlarında yer almalı olacaq. Rusiya rəsmiləri cəbhə bölgəsindəki gərginliyə görə Azərbaycanı tənqid etmədilər. Bu, İrəvanı narazı saldı, hətta Rusiyanın Gümrüdəki hərbi bazasındakı qüvvələrə ”hazır olun" komandası verilmədi, hərbi baza adi günlərini yaşadı. Ermənistanda düşünürdülər ki, Rusiya Azərbaycan ordusunun irərliləməsinə birinci gündən imkan verməyəcək. Ancaq ilk günlər Rusiya proseslərə qarışmadı. Moskva prosesə qarışa da bilməzdi. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinə məsuliyyət daşıyır, Dağlıq Qarabağa yox". 

Siyasi şərhçi xatırlatdı ki, Rusiya sözdə də olsa, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır: “Bu mənada Rusiya üçün iki qırmızı xətt var. Birinci qırmızı xətt odur ki, Azərbaycan ordusu Ermənistan ərazisinə təhlükə yaratmasın. Azərbaycanın onsuz da belə bir planı yoxdur. Rusiya üçün ikinci qırmızı xətt odur ki, Azərbaycan ordusu Xankəndinə daxil olmasın. Azərbaycanın hazırkı mərhələdə belə bir planı da yoxdur. Əsas vəzifə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasıdır. Bütün hallarda İlham Əliyev Kremlin istəyi ilə aprelin 6-da atəşkəsə razılaşdı. Azərbaycanın və Ermənistanın baş qərargahlar rəisləri Moskvaya dəvət olundular və Rusiya paytaxtında atəşkəs razılaşdırıldı. Bunun özü də bölgədəki nəzarətin Rusiyanın əlində olduğunu göstərdi”. 

Bu yerdə ortaya sual çıxır: Azərbaycan ordusu döyüşləri bir müddət də davam etdirə bilərdimi?

E.Şahinoğlu: “Əlbəttə, Azərbaycan ordusu cəbhə bölgəsində xeyli irəli getsəydi və bir neçə rayonun azad olunması prosesini sürətləndirsəydi, İlham Əliyev Kremlin təzyiqinə baxmayaraq, müharibəni bir neçə gün də davam etdirəcəkdi. Ancaq cəbhədəki vəziyyəti prezidentdən və müdafiə naziri Zakir Həsənovdan yaxşı bilən yox idi. Ona görə də əgər prezident atəşkəsə razılaşdısa, o, bu qərarı həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə verdi”. 

Politoloqa görə, aydındır ki, Ermənistan danışıqlarda öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməsə, atəşkəs yenidən pozulacaq və Azərbaycan ordusu yenidən irəriləməyə çalışacaq: “Hadisələrin necə inkişaf edəcəyi Moskvadan asılıdır. Əgər Kreml Cənubi Qafqazda müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağı artıq İrəvana və Kremlə bəllidir. Rusiya Cənubi Qafqazdakı proseslərə ən çox təsiri olan dövlətdir. Rusiya Ermənistanın strateji müttəfiqi, Azərbaycanın isə tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında ədalətli sülhün əldə olunması Rusiyanın maraqlarına cavab verməlidir”. 

Ekspert deyir ki, bununla Rusiya iki məqsədinə nail ola bilər: “Birinci məqsəd – Azərbaycanla Ermənistan arasında sülhə nail olan Rusiyanın bölgədəki rolu artacaq. İkinci məqsəd – Azərbaycan Rusiyanın istəyi ilə Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə üzv olacaq. Moskvanın bu iki məqsədini reallaşdırmaq üçün Ermənistan prezidentinə təsir etməsi lazımdır. Ancaq bunun məhz belə olacağı hələ bəlli deyil. Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Azərbaycana səfər etdi. Lavrov dedi ki, Moskvanın münaqişənin həlli ilə bağlı konkret təklifləri var. Belə bir təkliflərin olduğu əvvəl də bəlli idi. Ancaq təkliflərin konkret nədən ibarət olduğu açıqlanmadı. Lavrov Rusiyanın ”TASS" agentliyinə verdiyi müsahibədə iki məqama toxundu. Birincisi, Lavrov dedi ki, 7 rayonun boşaldılması Dağlıq Qarabağın statusu ilə eyni vaxtda həll olunmalıdır. Hansı statusun və bu statusun hansı yolla həll olunacağı bəlli deyil. Əgər 7 rayonun boşaldıması əvəzinə, Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək refendum tarixi sənəddə qeyd olunacaqsa, bu, Azərbaycanın maraqlarının əleyhinədir. Çünki həmin referendumla Dağlıq Qarabağın erməni əhalisi müstəqilliyə səs verəcək. Rəsmi Bakı isə işğal altındakı rayonların ilkin şərt irəli sürmədən azad olunmasını tələb edir. İkincisi, Lavrov dedi ki, cəbhə xəttindən snayperlərin geri çəkilməsini sürətləndirmək lazımdır".

Ancaq E.Şahinoğlu əlavə etdi ki, bu, yeni təklif deyil:

“Bunu Minsk Qrupu həmsədrləri də zaman-zaman dilə gətirirlər. Bu təklif də Azərbaycanın maraqlarına cavab vermir. Çünki Azərbaycanın strategiyası belədir ki, torpaqlar işğaldan azad olunmayana qədər işğalçı qoşunlar təzyiq altında olmalıdır. Məsələ burasındadır ki, snayperlərin və ağır texnikanın geri çəkilməsi Ermənistan ordusunu rahatladacaq və atəşkəsin bu şəkildə qorunması status-kvonun uzanmasına gətirib çıxaracaq. Azərbaycan isə status-kvonu dəyişmək istəyir. Kremlin daha bir təklifi Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi ola bilər. Onsuz da münaqişənin hansısa mərhələsində sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi reallaşa bilər. Sadəcə, bu qüvvələrin ancaq Rusiya hərbçilərindən formalaşdırılması Azərbaycan üçün təhlükəlidir. Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilərsə, ordan bir daha çıxmayacaq və digər bölgələrdə olduğu kimi, separatçılara dəstək verəcəklər. Buna görə də sülməramlıların tərkibi müxtəlif dövlətlərin hərbçilərindən formalaşdırılmalı və Rusiyanın payı o biri ölkələrindən payından çox olmamalıdır. Sergey Lavrovdan sonra Rusiyanın baş naziri Dmitri Medvedyev də Bakıya gəldi. Əslində bu səfər əvvəlcədən planlaşdırılmamışdı.

Medvedyev İrəvandan dərhal sonra ona görə Bakıya gəldi ki, Rusiyanın tərəfsizliyi şübhə doğrumasın. Medvedyev prezident olduğu illərdə Azərbaycan və Ermənistan prezidentlərini 10 dəfə görüşdürmüşdü. O zaman bu görüşlərdən nəticə olmadı. Görünür, Medvedyev o illərdəki təşəbbüslərini yenidən aktuallaşdırmaq istəyir. Aydındır ki, Medvedyev prezident Vladimir Putinin təlimatıyla hərəkət edir. Buna baxmayaraq, Medvedyevin Bakını tərk etdikdən sonra Rusiyanın televiziya kanalına verdiyi müsahibədə ”qan tökülməkdənsə, cəbhə bölgəsindəki indiki status-kvonun davamı yaxşıdır" sözləri ondan xəbər verir ki, Moskva münaqişənin ədalətli həllinə hələ hazır deyil. Demək, biz də doğru bildiyimizi etməliyik.

Rusiyanın təşəbbüsü ilə atəşkəs razılaşmasından və rusiyalı rəsmilərin Bakıya çoxsaylı telefon zəngləri və səfərlərindən sonra cəmiyyətin bir hissəsində belə bir təəssürat yaranıb ki, bölgədə Kremlin istəyi xaricində hərəkət etmək, hətta hansısa rayonu azad etmək çətindir. Ancaq Kremlin Cənubi Qafqazda və Azərbaycandakı maraqlarını şişirdənlər onu da anlamalıdırlar ki, başqa iki oyunçu – ABŞ və Türkiyə illərdir Azərbaycanla siyasi, iqtisadi və təhlükəsizlik sahəsindəki əlaqələrini və siyasi yatırımlarını ona görə genişləndirməyib ki, Dağlıq Qarabağ münaqişəsinin yarımçıq həlli adı altında Azərbaycanın Moskvanın nəzarətinə keçməsinə seyrçi qalsınlar".