ABŞ-ın Azərbaycandakı səfirliyi Demokratik Qüvvələrin Milli Şurasının Sədri Cəmil Həsənli ilə görüşlə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.
Xatırladaq ki, yayılan məlumatlarda Cəmil Həsənlinin ABŞ səfirliyində məxfi görüş keçirdiyi və hətta aksiya üçün səfirlikdən maddi dəstək əldə etdiyi vurğulanırdı.
Bu gün səfirlikdən “Qafqazinfo“ya daxil olan açıqlamada bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Sekuta mayın 26-sı Demokratik Qüvvələrin Milli Şurasının Sədri Cəmil Həsənli ilə görüşüb: “Bu görüşdən öncə səfir Sekuta Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov daxil olmaqla partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi və həmçinin Azərbaycan Respublikası Parlamentinin spikeri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib. Bu kimi görüşlər səfir Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir. ABŞ səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır, nə də partiyaları maliyyələşdirir”.