XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 09:23

YAP seçki marafonuna start verib: Etimadı doğrultmayan deputatlar müəyyənləşdirilib

YAP mitinq.jpg

Yeni Azərbaycan Partiyası Milli Məclisdə etimadı doğrultmayan deputatlarını müəyyənləşdirib.

Strateq.az bildirir ki, bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya müsahibəsində danışıb. YAP funksioneri qeyd edib ki, növbəti parlament seçkiləri ilə əlaqədar partiyada araşdırmalara başlanıb: “Bəli, etimadımızı doğrultmayanlar var. Apardığımız araşdırmanın artıq bəlli olan müəyyən nəticələri var və aşkar olunub ki, həmən şəxsin yerlərdə də növbəti dəfə namizəd olmasını seçicilər də istəmir. Belə şəxslər var və bunlar çox deyil, konkret müəyyən fərdlərdir. Hələ ki, adlarını açıqlamasam da, bu məsələ sonda dediyim kimi, partiya rəhbərliyi tərəfindən müzakirə olunacaq. Hətta elə insanlar da var ki, bu müddət ərzində deputat kimi beynəlxalq təmsilçilikləri yaxşı olub, amma yerlərdə müəyyən dərəcədə problemləri var. Biz bunları da nəzərə alacağıq, çünki beynəlxalq aləmdə Azərbaycanın təmsilçiliyi vacib şərtlərdən biridir”.

S. Novruzovun sözlərinə görə, son parlament seçkilərində YAP-ın namizədlərindən 71 nəfər seçilib: “Onlardan bir neçəsi dövlət vəzifəsinə təyinat aldığı üçün mandatını təhvil verdi, biri dünyasını dəyişdi, digəri isə mandatdan məhrum edildi. İndi biz də bunu nəzərə alaraq, ümumiyyətlə, növbəti parlament seçkiləri ilə əlaqədar partiyada araşdırmalara başlamışıq. Araşdırmaları apardıqca orada bir neçə istiqamətdə bəzi məsələləri həll edirik. Bunlar partiyanın yerli təşkilatlarının bizi parlamentdə təmsil edən şəxs barədə rəyi, ona seçicilərin münasibəti, xarici beynəlxalq təşkilatlarda təmsilçiliyi, ictimaiyyət tərəfindən qəbul olunması, partiya fəallığı, dövlətçiliyə sədaqət məsələsi kimi bütün məqamlardır. Bunlar tərəfimizdən araşdırılır və tam araşdırma başa çatdıqdan sonra YAP-ın rəhbər orqanında müzakirə olunub qərar veriləcək”.

YAP icra katibinin müavini qeyd edib ki, partiya öz seçki planına uyğun olaraq fəaliyyətini həyata keçirir: “Artıq bir sıra işləri yekunlaşdırmışıq. Bir neçə məsələlər qalır ki, bununla bağlı da işlər gedir. Bizim rayon-şəhər təşkilatlarının toplantısı olacaq. Bu toplantıda seçki ilə bağlı konkret məsələlər onların qarşısında qoyulacaq. Bunlar seçki qərargahlarının yaradılması, imza toplayacaq şəxslərin müəyyən olunması, onların treninq və sairdir. Növbəti iki ay ərzində, avqustun 1-ə qədər bu texniki məsələləri həll edib artıq hansı dairədən kimlərin namizədliyi irəli sürülməli olması məsələsinə baxılacaq. Burda bir məsələ də var. YAP ilə digər partiyalar namizədlər irəli sürürlər. Biz indi onları da təqib etməliyik ki, ola bilsin ki, operativ dəyişikliklər edək, o dairələrdə onlardan irəli sürüləcək namizədlərə alternativ kimləri irəli sürəcəyimizi bilək. Yəni ola bilsin ki, həmən dairələrdə son anda bəzi yerdəyişmələr olsun”.

“YAP sıralarında kifayət qədər fəal, intellektual gənclər var. Biz növbəti parlament seçkilərində onların da namizədliyi ilə bağlı düşünürük”, – deyə S.Novruzov vurğulayıb.