XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 15:57

Alman deputat:“Avropa Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır”

Olav Quttinq

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Olav Quttinq “TV BERLİN” televiziya kanalının “Bundestaqdan” adlı verilişinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgəsində ermənilərin son təxribatlarından, münaqişənin həlli prosesindən, Almaniya-Azərbaycan, NATO, Avropa İttifaqı və Azərbaycan münasibətlərinin gələcək inkişafından, habelə Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın artan rolundan bəhs edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) apa.az-a verilən məlumata görə, O. Quttinq təəssüflə bildirib ki, 25 illik tarixi olan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib.

Münaqişənin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qaldığını deyən deputat Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğal edildiyini vurğulayıb. Azərbaycandakı qaçqın və məcburi köçkünlər məsələsinə diqqət çəkən millət vəkili  qeyd edib ki, Avropa və dünya ictimaiyyəti tərəfindən bu problemə lazımi diqqət yetirilmir.

“BMT, ATƏT və Avropa Şurasının bir neçə qətnaməsi var. Orada birmənalı olaraq göstərilib ki, erməni qoşunları tərəfindən Dağlıq Qarabağ və digər ərazilərin işğalı beynəlxalq hüquqa ziddir. Bu işğal 20 ildən artıq davam edir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin dəfələrlə təkrarən təsdiq olunmasına baxmayaraq, bu sənədlərin icra edilməsində heç bir irəliləyiş yoxdur”, – deyən O. Quttinq həmin sənədlərin müvafiq qaydada icrasına nail olmaq üçün siyasi iradənin çatışmazlığından gileylənib.

Aparıcının “Sizin təmsil etdiyiniz Cənubi Qafqaz üzrə işçi qrup bu məsələ ilə  məşğul olur. Bu o deməkdir ki, hər il bu ərazilərin azad edilməsinə dair müvafiq sənədlər  qəbul edirsiniz. Dağlıq Qarabağ beynəlxalq hüquqa zidd olaraq işğal edilən Azərbaycanın bir hissəsidir. Nəticə etibarilə heç nə baş vermir”, – iradına almaniyalı deputat belə şərh verib: 

“Doğrudur. Bildiyimiz kimi, region mürəkkəb geosiyasi məkanda  yerləşdiyindən heç nə baş vermir. Biz tərəfləri vəziyyəti gərginləşdirən istənilən hərəkətlərdən çəkindirməyə çalışırıq. Gec-tez bu münaqişə öz həllini tapmalıdır. Ərazilərin qanunsuz işğalı dayandırılmalı, Ermənistan ordusu oradan çıxmalıdır. Eyni zamanda biz Rusiya ilə də yeni münaqişəyə cəlb olunmaq fikrindən daşınırıq”.

Millət vəkili bildirib ki, Almaniya bütün mümkün vasitələrlə münaqişənin kəskinləşməsinin, hərbi qarşıdurma müstəvisinə keçməsinin qarşısını almağa çalışır:

“Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Bunun üçün Avropa, NATO və əlbəttə ki, Rusiyanın birgə səyləri lazımdır. Azərbaycan xarici siyasət kursuna sadiq qalaraq hər iki tərəflə balanslaşdırılmış siyasət yeridir”.

Aparıcının “Hər iki tərəf dedikdə, nəyi nəzərdə tutursunuz?” – sualını cavablandıran O. Quttinq deyib ki, söhbət Azərbaycanın Avropa, NATO və Rusiya ilə münasibətlərindən gedir:

“Son zamanlar rəsmi Bakı NATO və Avropaya doğru addımlar atır. Bu, Azərbaycanın Qərblə bağlılığının nümunəsidir. Fikrimcə, bu reverans Rusiya orbitindən çıxmaq kimi yozulmamalıdır. “Hər iki tərəf” ifadəsi o deməkdir ki, hər iki tərəfdaş siyasi müzakirələrin iştirakçısı olmalıdır. Yəni, Qərblə yaxınlaşma, NATO-ya mümkün üzvlük çox ehtiyatla həyata keçirilməlidir. İkincisi, Suriya və Ukraynada şahidi olduğumuz hadisələrin təkrar baş verməsinə imkan vermək olmaz. Buna görə də regiondakı bütün siyasi gedişlər yaxşı ölçülüb-biçilməlidir. Ümumiyyətlə, Cənubi Qafqaz hələ də Rusiyanın təsir dairəsindədir. Bu, Rusiyanın “arxa həyəti”dir və onun üçün Qərbin bu regiona çox da müdaxilə etməməsi önəmlidir. Bir daha təkrar edirəm ki, Azərbaycan çox ağıllı hərəkət edir. Çünki bu vəziyyətdə iki böyük oyunçu, iki nəhəng dövlətlə və regional güclərlə daim danışıqlarda olmaq, körpüləri sındırmamaq gərəkdir”.

Jurnalistin “Nə üçün Krım məsələsində Rusiyaya qarşı embarqo tətbiq olundu, amma Azərbaycanın məsələsində belə olmadı və bu haqda heç danışılmadı” sualına cavab olaraq O. Quttinq 20 il əvvəl bu münaqişənin dünyanın diqqət mərkəzində olmadığını bildirib: “Qərb o zaman indi Ukrayna məsələsində olduğu kimi Qarabağ münaqişəsinin nizamlanmasında vahid mövqe sərgiləmirdi.  Qarabağ məsələsinə də oxşar münasibət olsaydı, onda Ermənistana qarşı sanksiyalar tətbiq edilərdi”.

Deputatın sözlərinə görə, qısamüddətli və ortamüddətli nəticələr danışıqlar vasitəsilə əldə edilə bilər.

“Münaqişənin həlli naminə müxtəlif variantlardan istifadə etmək lazımdır. Danışıqlar yolu ilə əldə ediləcək bir kompromis variant isə Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi və Qarabağ ətrafında işğal olunan ərazilərin Azərbaycana qaytarılması ola bilər. Düşünürəm ki, bu, münaqişənin mümkün həlli ola bilər”.

Avropanın enerji təhlükəsizliyinin təminatı və enerji ehtiyatlarının şaxələndirilməsi məsələlərindən bəhs edən O. Quttinq neft hasilatçılarının enerji yarışında Azərbaycanın özünəməxsus yer tutduğunu vurğulayıb.  “Çünki Azərbaycan potensial cəhətdən Avropaya qaz ixrac edən altıncı ölkədir. Karbohidrogen ehtiyatlarının ixracı kontekstində Almaniya Azərbaycanın rolunu gücləndirmək istəyir. Xammalın istənilən inhisarı təhlükəlidir:

“Bu səbəbdən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək olduqca vacibdir. Hazırda cəbhə xəttindən 100 kilometrdən az məsafədə neft və qaz boru kəmərlərinin marşrutu keçir. Bu, Avropaya daşımalara təhlükə yaradır. Ona görə də Avropa bu münaqişənin həllində maraqlı olmalıdır. Özü də danışıqlar yolu ilə bütün iştirakçı tərəfləri razı sala biləcək qənaətbəxş həll vasitəsilə. Bizə yeni münaqişə yox, sülh lazımdır. Mühüm məsələlərdən biri də odur ki, Azərbaycan müsəlman ölkəsidir, lakin dünyəvi müsəlman ölkəsidir. Bu amili nəzərdən qaçırmaq olmaz. Çünki həm İran, həm də Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanı islamlaşdırmaq üçün təzyiqlər var. Biz Azərbaycana kömək etməliyik ki, bu tendensiyalar orada baş qaldırmasın. Bu, münaqişəni daha da gərginləşdirə bilər”, – deyə O. Quttinq vurğulayıb.

Sonra alman siyasətçi Qərbin və onun timsalında NATO-nun Gürcüstan və Ukraynada buraxdığı səhvləri Azərbaycanda təkrarlamamağı tövsiyyə edib. Onun sözlərinə görə, regionda baş verən proseslərdən Rusiyanı kənarda qoymaq olmaz: “Azərbaycanın NATO-ya üzvlüklə bağlı heç bir iddiası yoxdur. Hazırda bu, müzakirə predmeti deyil. Lakin Avropa İttifaqının öz maraqları var ki, enerji daşımalarına görə orada sabitliyin bərqərar olunması təmin etməlidir. Avropa İttifaqı öz vəzifələrini yaxşı bilir. Bizə heç bir münaqişədə Birləşmiş Ştatların iştirakı lazım deyil. Bəzən iddia olunur ki, Dağlıq Qarabağ münaqişəsi bu iki blok və dövlət arasındakı proksi-münaqişədir. Fikrimcə, bu yanlış yanaşmadır. Avropa İttifaqı öz maraqları naminə danışıqlara nail olmalıdır. Yerindəcə. Hətta ruslarla. Bu, ABŞ-ın mütləq aparıcı rol oynadığı region deyil. Məsələnin həll yoluna yalnız avropalılar, azərbaycanlılar və rusların birgə səyləri ilə nail olmaq olar”.

Müsahibənin videosu ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

Part1:

https://www.youtube.com/watch?v=w0SzVs98K6M

Part2:

https://www.youtube.com/watch?v=7c_SFxQbtA4