XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 16:18

Müdafiə Nazirliyi:"David Tonoyanın mülahizələri fikri yayındırmağa yönəlib"

Mudafie Nazirliyi

David Tonoyan hərbi forma geyinməsinə baxmayaraq, qeyri-peşəkar və mülki şəxsə məxsus mülahizələrlə çıxışı ilə erməni hərbi rəhbərliyinin bu əməliyyatlarda bacarıqsızlığını ört-basdır etməyə, eyni zamanda, xarici dövlətlərin nümayəndələrinin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışıb.

Bunu Ermənistanın müdafiə nazirinin müavini David Tonoyanın xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələri təqdim edərək, guya Azərbaycanın hücuma birinci keçməsi barədə açıqlamaları ilə bağlı Azərtac-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin xəritələr adi işçi xəritələridir. Təlimlərdə belə istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil.

“Atəşkəs elan edilməsinə baxmayaraq, biz Ermənistan ilə müharibə şəraitində yaşayırıq. Bu səbəbdən də hərbi birliklərdə, qoşun növlərində istifadə olunan bütün döyüş sənədləri real vəziyyəti və qarşıya qoyulan tapşırıqları əks etdirir. Hərbi texnika, digər hərbi vasitələr, eləcə də döyüş təminatını yerinə yetirən qüvvələrimizin cəbhəboyu zonada qarşı tərəfdən daha əlverişli, üstün mövqelərdə yerləşdirilməsi, yerdəyişməsi və tətbiqi hərbi maraqlarımıza xidmət edir və qoşunlarımızın düşmən üzərində qələbəsini təmin etmək məqsədini daşıyır.

Bildiririk ki, Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var. Onların əhəmiyyətini, vacibliyini nəzərə almaqla araşdırılması, işlənilməsi və təhlilinin aparılması müvafiq xidmətlər tərəfindən icra edilir”, – deyə Müdafiə Nazirliyinin açıqlamasında xüsusi vurğulanıb.