XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 07:04

Baş konsul 800 nəfəri “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nə topladı – FOTO

nesimi-agayev-cixis.JPG

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Respublika Günü ilə əlaqədar tədbir keçirib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a daxil olan məlumata görə, səkkiz yüz nəfərə qədər qonağın iştirak etdiyi tədbir bir çox maraqlı məqamları ilə yadda qalıb. Belə ki, bayram tədbiri “Tolerantlıq və Dinlərarası Harmoniyanın Musiqili Bayramı” devizi altında Los Ancelesin ən qədim kilsələrindən biri olan “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”ndə keçirilib.

Qeyd edək ki, “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri” dini cərəyanı ABŞ-ın ən nüfuzlu dini cərəyanlarından biridir.

Tədbirdə bir sıra ölkələrin baş konsulları, müxtəlif dini icmaların rəhbərləri, Los Anceles vilayət və şəhər rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspora üzvləri və digərləri iştirak edbilər.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, belə bir mənalı və tarixi önəm daşıyan tədbirə evsahibliyi etdiyinə görə “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nə öz təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, 1918-ci ildə yaradımış Azərbaycan Xalq Cümhuriyyəti də məhz Azərbaycan xalqının qədim tolerantlıq ənənələrinə söykənərək, heç bir ayrıseçkilik qoymadan müxtəlif dini və etnik azlıqların təmsil olunduğu parlament və hökumət formalaşdırmış, tam dini etiqad azadlığını təmin etmişdi.

N.Ağayev bildirib ki, bu gün Prezident İlham Əliyevin müdrik rəbərliyi altında Azərbaycan bu tolerantlıq ənənələrini uğurla davam etdirir və respublikamızda bütün dini icmaların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşamaları üçün hər cür şərait yaradılıb. Baş konsul vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində dini ixtilafların baş qaldırdığı bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi uğurlu tolerantlıq modeli bütün dünya üçün gözəl bir örnəkdir.

Daha sonra baş konsul, Respublika Günü ilə əlaqədar Nevada, Nyu Meksiko, Havay və Arizona ştatlarının qubernatorları, Los Anceles də daxil olmaqla Kaliforniyanın 10 şəhəri tərəfindən qəbul edilmiş, həmin ştat və şəhərlərdə 28 mayın “Azərbaycan Milli Günü”nün elan edilməsinə dair bəyannamələri, həmçinin bu məqsədlə Baş Konsulluğa ünvanlanmış təbrik məktublarını qonaqların diqqətinə çatdırıb. Sonra 10 milyonluq Los Anceles Vilayətinin İdarə Heyəti adından Respublika Günü münasibətilə qəbul edilmiş təbrik bəyannaməsi baş konsula təqdim olunub.

Növbəti çxış üçün söz “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri” dini cərəyanının Los Anceles Nümayəndəliyinin rəhbəri Stiven Rada verilib. S.Rad müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanın öz sevimli milli gününü kilsədə müxtəlif etiqadlara mənsub insanlarla birgə keçirməsinin olduqca önəmli hadisə olduğunu bildirərək, belə addımların dünya xalqları arasında dostluğa və qarşılıqlı ehtirama böyük töhfə verdiyini qeyd edib.

Daha sonra Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu Sinay Sinaqoqunun idarə heyətinin üzvü, Los Anceles yəhudi icmasının tanınmış üzvü Keri Lerman çıxış edib. O, hazırda çətin sınaqlarla üzləşən bəşəriyyət üçün Azərbaycanın öz milli-mədəni dəyərləri və ənənələri ilə nümunəvi bir model təşkil etdiyini bildirib. K.Lerman qısa müddət əvvəl Azərbaycanda səfərdə olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, xüsusilə qədim tolerantlıq ənənələrinin gündən-günə daha da güclənməsinin əyani şahidi olduğunu vurğulayıb. Digər icmalar kimi yəhudilərin də əsrlər boyu Azərbaycanda hər hansı təqibə və ya ayrıseçkiliyə məruz qalmadan yaşadığını bildirən K.Lerman Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş dağ yəhudisi Albert Aqarunova Milli Qəhrəman adının verilməsinin və onun xatirəsinin daim ölkəmizdə əziz tutulmasının olduqca ibrətamiz bir hadisə olduğunu qeyd edib.

Tədbir sonra konsert proqramı ilə davam edib. Tanınmış azərbaycanlı orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova, türk opera müğənnisi Oya Ergün və pianoçu Cem Oslu tərəfindən Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərinin ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Sonda tamaşaçılar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq ediliblər.