XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2016 - 14:58

XİN:"Beynəlxalq təşkilatlar Ermənistanın yeni təxribatları barədə məlumatlandırılıb"

hikmet

BMT-nin Sivilizasiyalar Alyansın Bakıda keçirilən 7-ci Qlobal Forumu ərəfəsində və forumun keçirildiyi dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqeləri və ərazidə sıx yaşayan mülki insanlar və obyektləri ağır silahlarla, o cümlədən D-30 haubitsaları və beynəlxalq konvensiyalarla qadağan olunmuş silah növləri ilə atəşə tutmaqda davam edib. Ermənistanın bu əməlləri nəticəsində xüsusilə Tərtər rayonunda özəl və dövlət mülkiyyətinə ciddi ziyan dəyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

H.Hacıyev deyib: “Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Gi Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb. Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatlar verilib”.

XİN-in mətbuat katibi qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ünvanlanmış məktublarda və BMT və ATƏT yanında daimi nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə olunmuş atəşkəsi pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iriçaplı silahlardan atəşə tutduğu bildirilib.

Məktubda nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edib. Beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin aprelin 5-də əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, Ermənistanın atəşkəslə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsini və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını tələb etməyə çağırıb.