XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 09:46

Dəmirtaşı Ərdoğanın koalisiya ortağı edə bilsələr…

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.

2002-ci ildən davamlı olaraq hakimiyyəti qoruyub saxlayan AKP bu seçkiləri qazanacağı və tək partiya hökuməti quracağı təqdirdə Türkiyənin yeni konstitusiyasının qəbulu və prezident idarəçilik sisteminə keçidi baş verə bilər. Bu səbəbdən də Türkiyədə gərgin seçki kampaniyası davam edir. Hakim AKP ilə yanaşı, parlament partiyaları CHP və MHP, o cümlədən yeni yaradılmış, kürdlərin partiyası olan HDP fəal seçki kampaniyası aparır. Hazırda parlamentdə təmsil olunan 3 partiyanın yenidən parlamentə daxil olacağı, eyni zamanda nəticədən asılı olaraq HDP-nin 4-cü təşkilat kimi parlamentə daxil olacağı ilə bağlı ehtimallar var. Seçkinin favoriti isə yenə də hakim AKP hesab olunur.

PKK-nın siyasi qolu hesab edilən HDP-nin hazırda ciddi kampaniyaya start verdiyi nəzərə çarpır. Bir sıra politoloqların ehtimalına görə, HDP-nin seçki barajını aşaraq parlamentdə təmsil olunmaq şansları da yüksəkdir. Belə olacağı təqdirdə əsasən kürdlərin təmsil olunduğu partiyanın koalision ortağı olmaq şansı çoxalır. Yaranması ehtimal olunan vəziyyət Türkiyə üçün nələri vəd edə bilər?

Uzun müddət Türkiyədə yaşayan politoloq Qabil Hüseynli vəziyyəti şərh edərkən bildirdi ki, ilkin sorğular əsasında seçkinin nəticələri ilə bağlı proqnozlar verilir. Onun fikrincə, proqnozlara əsasən, səs faizlərində müəyyən dəyişikliklər olacaq: “Seçkilər ərəfəsində fəallıq göstərən sosioloji qurumların çoxu AKP-nin təsiri altında olan təşkilatlardır. Onlar isə, bir qayda olaraq, AKP-nin öndə olduğunu, hətta qarşıya qoyduğu təkbaşına iqtidar olmağa yetəcək qədər səs toplayacağını bəyan edirlər. Amma az da olsa müstəqil sosioloji sorğu mərkəzləri də var. Onların bir qismi xaricdə, o cümlədən Amerikada yerləşir. Bunların, demək olar ki, hamısı iddia edir ki, seçkilər bu gün keçirilərsə, AKP-nin ala biləcəyi səs 33,34, ən uzağı 35 faiz civarındadır. Məlum olduğu kimi, CHP də 35 faiz səs uğrunda mübarizə aparır. Və bu hədəflərə mütləq çatacağını iddia edir.

MHP-nin səs səviyyəsi sabit sayılır. Hardasa 18-20 faiz arası səs toplayacağı proqnozlaşdırılır. Kürdlərin partiyası olan Xalqların Demokratik Partiyası (HDP) ciddi seçkiqabağı təbliğat aparsa da, bəzi sosioloji rəy mərkəzləri onun seçki baryerini aşa bilməyəcəyini, bəziləri isə aşa biləcəyini göstərir. Aşa bilməyəcəyini göstərənlər daha çoxdur. Aşa biləcəyi təqdirdə isə bu, hardasa parlamentdə 61-62 mandat deməkdir. Bu isə haradasa AKP-nin maraqlarına da uyğundur. AKP-nin gələcək koalisiya hökumətini CHP və ya MHP ilə deyil, HDP ilə qurmağı arzuladığı daha çox diqqəti çəkir. Bunun da Türkiyə üçün yaxşı nəsə vəd etdiyini düşünmürəm”.

Məhəmmədəli QƏRİBLİ