XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 07:45

Müsavat indi də “siyasi mühacir istehsalı” qalmaqalı ilə silkələnir…

Müsavat Partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı. Bildirilirdi ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçikanın Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri araşdırılıb və saxta olduğu təsdiq olunub.

Saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyev isə mətbuata açıqlamasında bunları deyib: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim – 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. özləri də mənə dedilər ki, “2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak et, şəkillərin olsun. O halda, mühacir statusu almağın daha asan olacaq”. Onlar özləri orada ticarətlə məşğuldur. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.

Saxta müsavatçı olmaqda ittiham olunan bildirir ki, arayışları ona Gülağa Aslanlı satıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Mesajlar, “Facebook” yazışmaları, “WHatsApp” yazışmaları var əlimdə. Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacağam”.

G.Aslanlı isə açıqlamasında E.Mirzəyevin dediklərini böhtan adlandırıb: “Doğrudur, onunla mənim aramda inboks yazışması olub. O yazışmada da qeyd edib ki, Müsavatın üzvüdür. Soruşmuşam ki, Müsavatın üzvüsüzsə, hansı təşkilatın üzvüsən? O da deyib ki, özümü Novxanı müsavatçısı hesab edirəm. Mən də demişəm ki, Müsavatda “Novxanı müsavatçısı” anlayışı yoxdur. Ya Binəqədi, ya da hansısa başqa rayon müsavatçısı ola bilər. Sonra o mənə yazıb ki, məni Tofiq Yaqublu partiyaya qəbul etdirib. Mən də bunu vəkili vasitəsilə Tofiq bəydən soruşmuşam. O da deyib ki, əgər partiyaya üzv olmaq üçün onun ərizəsi yoxdursa, qəbul etdirmək söhbəti olmaz. Mən Tofiq Yaqubluya özüm qədər inanıram. O belə iş görməz”.

Göründüyü kimi, bu məsələdə bir tərəf ittiham edir, digər tərəf isə deyilənlərin böhtan olduğunu söyləyir.

Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunan Səxavət Əlisoy isə hesab edir ki, Müsavat Partiyasının vəsiqəsini mühacirlərə verənləri araşdırıb tapmaq çətin deyil. Onun sözlərinə görə, Avropada olduğu zaman Müsavat Partiyasının vəsiqəsini gəzdirən bir şəxslə tanış olub:

“Bu çox ciddi məsələdir. Hətta o qədər ciddidir ki, bu məsələyə tam aydınlıq gətirilməlidir. Avropada olduğum zaman mənə danışırdılar ki, bəzi şəxslər Müsavat Partiyasının və ya digər müxalif partiyaların adı ilə gəlsələr də, onların təmsil etdikləri qurum haqqında elementar bilikləri də olmur. Onlardan biri ilə mən danışdım. Dedilər ki, bu şəxs Müsavat Partiyasının adından istifadə edərək gəlib. Ondan soruşdum ki, partiyanın ikinci şəxsi kimdir? Mənə cavab verdi ki, Zərdüşt Əlizadə. Yəni bu şəxsin Müsavat Partiyası haqqında heç bir bilgisi yox idi. Adətən Müsavat Partiyasından oturum alan insanlar orada aksiyalar, tədbirlər keçirilən zaman bir yerdə toplaşırlar. Hətta mədəniyyət mərkəzlərində həmin insanlar cəlb olunub. Ancaq təsadüfi adamlar həmin yerə yaxın durmurlar”.

S.Əlisoy bildirdi ki, bu kimi şəxslərin hansı mərkəzdən idarə olunduğunu konkret olaraq bilmir: “Mühacirlərimiz konkret adlar çəkirlər. Lakin mənim belə bir faktım olmadığına görə bir kimsəni burada ittiham etmək fikrində deyiləm. Lakin bilirəm ki, bu oyunda Müsavat Partiyasının bəzi funksionerlərinin əli var. Başda isə Arif Hacılı dayanır. Hesab edirəm ki, ciddi bir araşdırma aparılarsa, hər şey ortaya çıxacaq”.

Məhəmmədəli QƏRİBLİ