ABŞ konqresmeni Xocalı Faciəsi ilə bağlı bəyanat verdi
ABŞ Konqresmeni Stiv Kohen Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Strateq.az-a daxil olan məlumata görə, konqresmen 26 fevral 1992-ci il tarixində Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 600-dən çox mülki şəxsin qətlə yetirildiyini bildirib.
Konqresmen Kohen atəşkəsin imzalanmasından 20 ildən artıq zaman keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla 20% ərazisinin işğal altında qaldığını və 1 milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.
Stiv Kohen Azərbaycanın çox çətin qonşuluqda təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini qabardıb.
Konqresmen öz bəyanatında Azərbaycanın aparıcı rol oynadığı Cənubi Qaz Dəhlizinin inşasının Avropa üçün önəmli alternativ təşkil edəcəyini bildirib, habelə ölkəmizin İsrailin neft istehlakının təxminən 40%-ni təmin etdiyini qeyd edib.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri olan konqresmen Stiv Kohen dünya azərbaycanlıların Xocalı Faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda, ABŞ-ın münaqişənin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.