XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 21:07

Rusiyalı professor:"Ermənilər Azərbaycana aid tarixi faktları saxtalaşdırırlar"

Professor-Nesterov

Bakı Slavyan Universitetində (BSU) “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində Rusiya Federasiyasının B.Yeltsin adına Ural Federal Universitetinin kafedra müdiri, BSU-nun bu ali məktəbdə fəaliyyət göstərən Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri, professor Aleksandr Nesterov “Tarixi siyasət” mövzusunda mühazirə oxuyub.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, mühazirədə universitetin müəllimləri və tələbələr iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev A.Nesterovun Ural Federal Universitetində azərbaycanşünaslıq üzrə elmi araşdırmalara və azərbaycanşünaslığın tədrisinə, bu sahədə azərbaycanlı və rusiyalı gənc tədqiqatçıların elmi işlərinə rəhbərlik etdiyini diqqətə çatdırıb. Rektor BSU-nun bu universitetlə bir sıra müştərək layihələr həyata keçirdiyini məmnunluqda qeyd edib.

Görkəmli tarixçi alim mühazirəsində bildirib ki, tarix qədim zamanlardan siyasi məqsədlər, dövlətlərarası məsələlərin həlli, ərazi iddiaları, tarixi şəxsiyyətlərin və mədəniyyət abidələrinin milli mənsubluğu barədə iddiaları əsaslandırmaq üçün istifadə olunub. Bütün bunlar çox vaxt tarixi faktların saxtalaşdırılmasına gətirib çıxarıb. Hazırkı dövrdə də tarixdən müəyyən siyasi, ərazi iddialarını təmin etmək üçün qərəzli şəkildə istifadə olunur. Bu cür tarixi falsifikasiyanın bariz nümunəsi kimi professor A.Nesterov Azərbaycana dair həqiqətlərin ermənilər tərəfindən geniş şəkildə saxtalaşdırılmasını göstərib. Rusiyalı alim bildirib ki, Qarabağ, o cümlədən Azərbaycanın digər əzəli ərazilərinə dair ermənilərin yürütdüyü torpaq iddiaları tamamilə əsassızdır. Qeyd edilib ki, ermənilər azərbaycanlılara qarşı öz əsassız ərazi iddialarını əsaslandırmaq üçün real həqiqətlərin üstündən keçir, Azərbaycana aid tarixi faktları saxtalaşdırırlar. Tarixi Azərbaycan torpaqlarında yerləşən və azərbaycanlılara məxsus qədim abidələri öz adlarına çıxır, tarixdə olmayan faktlar uydurur, gerçəklik barədə susur, tarixə süni əlavələr edirlər. Ermənilər bu gün də tarixi faktlar və müasir proseslər barədə beynəlxalq aləmdə yalan məlumat yaymaqda davam edirlər.

A.Nesterovun sözlərinə görə, tarixi həqiqətlərin bu cür saxtalaşdırılmasının qarşısını almaq üçün mübarizə aparılmalıdır. Azərbaycanlı mütəxəssislərin və obyektiv elmi mövqedə olan xarici alimlərin müştərək tədqiqatlar aparmasının vacibliyini vurğulayan rusiyalı alim Ural Federal Universiteti ilə BSU alimlərinin bu istiqamətdə apardıqları birgə tədqiqatları elmi əməkdaşlığın uğurlu nümunəsi kimi səciyyələndirib.

Sonda müəllim və tələbələrin suallarını cavablandıran qonaq universitet kollektivinə uğurlar arzulayıb, konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.