XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 00:02

Əli Kərimli Elçibəyin 4 xidmətini saydı
Əli Kərimli
İyunun 7-də mərhum prezident Əbülfəz Elçibəyin prezident seçilməsinin 23 ili tamam olur. Bununla bağlı AXCP sədri Əli Kərimli Facebook səhifəsində fikirlərini paylaşıb. Strateq.az AXCP sədrinin Elçibəyin xidmətləri haqda yazdığı fikirlərini təqdim edir:
“Tam 23 il bundan əvvəl Azərbaycanda keçirilmiş ilk və təəssüf ki, hələlik son demokratik prezident seçkilərində Əbülfəz Elçibəy prezident seçilmişdi. Əbülfəz Elçibəy yalnız bir il prezident ola bildi. Sonra onu hərbi qiyamla devirdilər. Amma o bir ildə də Əbülfəz bəy imkan tapıb çox böyük işlər gördü, vacib islahatlara imza atdı. İndi facebook statusunda həmin islahatların hamısını sadalamaq istəmirəm. Amma bu gün Əbülfəz Elçibəyin prezident kimi xalq qarşısında yerinə yetirdiyi 4 mühüm xidmətini yada salmaq istəyirəm. Bu xidmətlər elə xidmətlərdir ki, zaman keçdikcə də onların Azərbaycan üçün önəmi artır ki, azalmır:
1. Məhz Əbülfəz Elçibəyin qəti tələbilə Rusiya ordusu Azərbaycanı tam olaraq tərk etdi. Rusiya ordusu Azərbaycanı tərk etməyə məcbur olanda hələ Şərqi Almaniya və Polşanı tərk etməmişdi. Xüsusilə də son illərdə Rusiya ordusunun Gürcüstan və Ukraynada etdiklərini gördükdən sonra hər bir azərbaycanlı Əbülfəz Elçibəyin öz hakimiyyətini itirmək bahasına da olsa, nail olduğu bu uğurun önəmini qiymətləndirə bilməlidir.
2. Məhz Əbülfəz Elçibəyin prezidentliyi zamanı Azərbaycan Ordusu quruldu və yenicə qurulan milli ordu Qarabağda ciddi qələbələrə imza atdı. 25 ildir ki, ölkəmiz Ermənistanla müharibə vəziyyətindədir, lakin yalnız Əbülfəz Elçibəyin prezident olduğu 1 ildə xalqımız qələbənin dadını bildi. Həmin 1 ilin ərzində ordumuz Ağdərə, Laçın və Şuşanın əksər kəndləri daxil olmaqla, o zamana qədər işğal olunmuş Azərbaycan torpaqlarının 40 faizə qədərini işğaldan azad etmişdi. Ordumuz Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi. Bəzi gerizəkalı, vicdansızların hələ də milyonlarla şahidi sağ olan dövrü saxtalaşdırmaqla, torpaqlarımızın işğalını Elçibəy hökumətinin adına yazmağa etdiyi həyasız cəhdlərə baxmayaraq, bu bir faktdır ki, Əbülfəz Elçibəyin prezidentliyi dövründə yalnız Kəlbəcər rayonu işğal olunub. Baxmayaraq ki, Kəlbəcərin də işğalı əslində xarici və daxili düşmənlərin Əbülfəz Elçibəyi devirmək üçün həyata keçirdiyi bir təxribat idi, hətta bu zorən məğlubiyyətdən sonra da Elçibəy hakimiyyətinin azad etdiyi torpaqlar itirdiyi ərazilərdən çox idi.
3. Əbülfəz Elçibəy hökumətinin ali məktəblərə qəbulu test üsuluna keçirməsi təhsil sahəsində inqilabi dəyişiklik idi və milyonlarla azərbaycanlının həyatını dəyişdi.
4. Əbülfəz Elçibəy rüşvət almadan, korrupsiyaya qurşanmadan, varlanmadan prezidentlik etdi.
Təkcə Elçibəy nümunəsi 22 il davam edən sülalə hakimiyyətinin rüşvətxorluğuna, əliəyriliyinə haqq qazandırmaq üçün xüsusi xidmət orqanlarının düzüb-qoşub, bəzi sadəlövh adamların arasına buraxdığı “rüşvət bizim qanımızdadır”, “kim gəlsə, öz cibini güdəcək”, “guya başqası olsa, rüşvət almayacaq?” kimi primitiv tezisləri məhv edir.
Təəssüf ki, Əbülfəz Elçibəy prezident kimi xalqımıza daha uzun müddət xidmət edə bilmədi. Lakin o öz ideyaları, yaratdığı nümunə ilə xalqımıza hələ çox xidmət edəcək. Allah Əbülfəz Elçibəyə rəhmət etsin”.