"Prezident İlham Əliyevin ötən həftə cəbhə bölgəsinə səfərini xalq və iqtidar birliyinin bariz ifadəsi kimi qəbul edirik. Amma bunun beynəlxalq bir əhəmiyyəti də var. Prezident bununla bütün dünyaya çox əhəmiyyətli mesajını verir: Azərbaycan xalqı Prezident başda olmaqla, öz torpaqlarını işğaldan azad etməyə hazırdır, bu yolda hər bir addım atmağa qüdrəti, cəsarəti çatır. Hətta ölümə getmək lazım olsa belə, ölümə də getməyə hazırdır".
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov jurnalistlərə deyib.
Ə.Əhmədov qeyd edib ki, İlham Əliyevin istər döyüş bölgəsində yaşayanlar, istərsə də səngərlərdə Azərbaycanın ərazi bütövlüyünü qoruyan, canından keçməyə hazır olan əsgərlərlə görüşü Prezidentin onlarla bir olduğunu bildirmək, bu mesaji bütün cəmiyyətə vermək istəyidir.
Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin ötən həftə cəbhə bölgəsinə səfər etməsi buradakı insanların əhval-ruhiyyəsinə müsbət təsir edib: "Hesab edirəm ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi bir yandan onun vəzifəsidir ki, bu səfər də onun bu vəzifəsinin icra edilməsi çərçivəsində reallaşır. İkinci tərəfdən, Ali Baş Komandan kimi onun əsgərlərlə görüşməsi əsgərlərimizin əhval-ruhiyyəsinin yüksəlməsinə, döyüş qabiliyyətinin güclənməsinə təsir göstərir. Digər tərəfdən, döyüş bölgəsində atışmadan zərərçəkmiş insanlarla görüşlər onlara Prezident tərəfindən göstərilən qayğıdır. Onların ruhlandırılmasıdır. Bu səfər bütövlükdə, cəmiyyətdəki ab-havanın, əhval-ruhiyyənin yüksəldilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir".