Sovet Azərbaycanının siyasi elitası çox böyük çətinliklər hesabına yaranmışdı. SSRİ-nin ali rəhbərliyində təmsil olunmaq şansı və ən əsası, bu sovet elitasını sənə qulaq asmağa vadar etmək faktı çox nadir nümunələrdəndir.
Siyasi elita ölkənin uğurlarında mühüm rol oynayır. Əgər hədəflər eyni olursa, bu, daha yaxşı effekt verir. Zamanın nəbzini itirənlər üçünsə bəzən fəlakətli nəticələr doğurur.
“Zaman axarında” layihəsində təqdim etdiyimiz foto bu baxımdan maraqlıdır: 1984-cü il. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev Bakıya gəlib. Onu Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, Mərkəzi Komitənin katibi Həsən Həsənov və Komsomol Komitəsinin 1-ci katibi Vaqif Hüseynov müşayət edir.
Mərhum Heydər Əliyev üçün kadrların peşəkarlığı çox mühüm amil idi. Zaman isə sakit zamanlardı. Bu zəmanədə idarəetmə üçün sakit bir adamın – Kamran Bağırovun şəhər ziyalılığı, Həsən Həsənovun təsərrüfatçılığı, Vaqif Hüseynovun gənclik pafosu əl verirdi.
Lakin zaman burulğanının bəzən münasibətləri gizlədən bəzəkli pərdəni bir tərəfə vızıldadaraq, tam ayrı bir mənzərəni orta qoymaq qüdrəti də var. Cəmi bir neçə il keçəcək. Qorbaçov “Yenidənqurma”sı hələ ki monolit görünən Azərbaycan siyasi elitasının bu nümayəndələrini çox sınaqlar qarşısında qoyacaq.
Həsən Həsənov 90-larda hakimiyyət uğrunda apardığı siyasi intriqaları ilə gündəmə gələcək, komsomol lideri Vaqif Hüseynov Dövlət Təhülkəsizliyi Komitəsinin sədri postunu tutacaq, Kamran Bağırov isə Qarabağ dalğasının ilk qurbanı olacaqdı. Şəhər mühitinin yetişdirdiyi bu sakit və ziyalı rəhbər ölkənin başı üzərini almış qorxunc fırtınanı anlamayacaqdı. SSRİ rəhbərliyindən uzaqlaşdırılıb təqaüdçü həyatı yaşayan Heydər Əliyevi də unutmağa çalışacaqdı – onu rəhbər vəzifəyə tövsiyə edən şəxsi…
Vaqif Hüseynovun bəxtinə ölkədən qaçmaq taleyi yazılıbmış… Ağır 20 yanvar qırğınını günahkarlarından biri kimi…
Həsən Həsənovu isə müstəqil ölkənin xarici siyasətinə rəhbərlik etmək, sonra qərib ellərdə səfir həyatı yaşamaq gözləyirdi.
Yalnız Heydər Əliyev çərxi-fələyin bu oyunundan salamat çıxıb qayıdacaq…
Hələ ki gələcəyə baxırlar sanki… Ömrün sürprizlərindən xəbərsiz halda…
Xaqani SƏFƏROĞLU
Strateq.az