XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 20:56

Təbrizdə Azərbaycana dəstək konfransı:"Qarabağ – İslam torpağı" - Fotolar

teb-14

Xəbər verdiyimiz kimi, mayın 7-də İran İslam Respublikası Şərqi Azərbaycan ostandarlığının paytaxtı Təbriz şəhərində Qarabağla bağlı boyük konfrans təşkil olunub.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Strateq.az-a verilən məlumata görə, tədbir Azərbaycanda fəaliyyət göstərən Qarabağ Uğrunda İslami Müqavimət HərəkatıTəbriz Universitetinin birgə təşəbbüsü ilə həmin təhsil ocağında baş tutub.

Müzakirələrin məhz bu tarixə salınması isə Azərbaycanımızın dilbər guşəsi, musiqi və sənət beşiyi, artıq əsrin dörddə biri qədər müddətdə həsrət qaldığımız Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalının 24-cü ildönümüylə bağlı olub.

Bununla əlaqədar mayın 6-da Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, tanınmış politoloq Zərdüşt Əlizadə, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevjurnalist Qurban Cəbrayılın daxil olduğu 7 nəfərdən ibarət nümayəndə heyəti Bakıdan Təbrizə yola düşüb. İran tərəfi – universitet rəsmiləri Biləsuvar sərhəd-keçid məntəqəsində qonaqları mehribanlıqla qarşılayaraq, doğma ünvana qədər müşayiət ediblər.

… Qarabağa aid şüar və transparatların asıldığı müzakirələrin keçiriləcəyi məkana – Təbriz universitetinin böyük konfrans salonuna qardaş ölkənin özündən də xeyli elm, mədəniyyət, siyasət, mətbuat xadimləri toplaşıb. Əvvəl Qurani-kərim tilavət olunub və dövlət himnləri səsləndirilib. Dəyirmi masanı universitetin Tarix və Mədəniyyət Mərkəzinin sədr müavini, “Aran” Beynəlxalq Mədəniyyət Fondunun sədri Azad Mütəfəkkiri açıq elan edib, iştirakçıları salamlayıb, tədbirin məramı, məqsədi barədə məlumat verib.

Təbriz Universitetinin rektoru, doktor Məhəmmədrza Purməhəmmədi qonaqlara “xoş gəlmisiniz” deyərək, Azərbaycana xüsusi hörmətini, məhəbbətini bildirib və xalqımıza salamlarını yetirib. Qarabağ dərdini öz ağrısı sayan ustad, ölkəsində hamının belə düşündüyünü və işğal altındakı bütün İslam torpaqlarının azadlığı üçün hər kəsin töhfə verməyə hazırlığını söyləyib.

Sonra söz alan tarix tədqiqatçısı Rəhim Nikbəxt keçmişə qısa ekskursla Qarabağ bölgəsinin qədimliyindən, xanlıqlar dövründən, yüzillərlə formalaşan idarəçilik məziyyətlərindən söhbət açıb. Ermənilərin bu torpaqlara iddialarını gülünc adlandıran tarixçi, Qarabağın Azərbaycana məxsusluğunu və ermənilərin hansı zəmində yerləşdirilmələrini təsdiqləyən kifayət qədər mötəbər sənədlərin mövcudluğunu ərz eləyib.

Sərdar Kəbir isə çıxışını İslam Respublikasının Azərbaycana münaqişənin lap başlanğıcında – doxsanıncı illərdə göstərdiyi kömək üzərində qurub. Məlum olub ki, iranlı general o zaman iki dövlət arasındakı razılaşmaya əsasən cəbhə bölgəsində fəaliyyət göstərib: “Mən tək deyildim. Daha əvvəl sərdar Nouəqdəm, sərdar Zari və sərdar Əlaəddin (sərdar – İranda general rütbəsidir-müəl.) də könüllü şəkildə həmin prosesə qoşulmuşdular. İrandan 150 nəfərdən çox bəsic (könüllü), 20 milyon dollarlıq silah-sursat aparmışdıq. Cəbhə bölgəsində 8 min nəfərə hərbi təlim keçdik, müxtəlif silahlar və texnika ilə davranmağı öyrətdik. Azərbaycanlı qardaşlarımız heyrətamiz dərəcədə cəfakeş, şəhidpərvər idilər, onların bir çoxu ermənilərlə savaşda şəhidlik zirvəsinə yüksəldi.”

Millət vəkili Tahir Kərimli öncə iki qardaş ölkə və xalqlar arasında əlaqələrin günbəgün inkişaf etdiyindən məmnunluğunu söyləyib, həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb, həmçinin İranın rabitə və kommunikasiyalar naziri Mahmud Vaezinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmasını bu əlaqələrin sübutu sayıb. 

T.Kərimli Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə ağır mərhələlərdən keçdiyini, Qarabağ probleminin də onlardan biri olduğunu, münaqişədə öz doğmalarından da şəhid verdiyini dilə gətirib. O, Qarabağ yarasının SSRİ kimi nəhəng imperiyanın çöküşündən dəyən zərbələrdən miras qalması ilə razılaşsa da, sonradan dünya supergüclərinin əlində bir vasitəyə çevrildiyini, Qərbin erməni quldurlarına daim himayə göstərdiyini, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini qeyd edib. Sözügedən münaqişənin nizamlanmasından ötrü yaradılmış ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini tənqid atəşinə tutub və bütün dünyanın gözləri qarşısında zorla, qan-qada ilə Qafqazda Ermənistan dövləti yaradılmasına, onun tədricən sərsəm “Dənizdən dənizə” xülyası ilə Böyük Ermənistan imperiyasına çevirmə cəhdlərinə diqqət çəkib. Tahir bəy qonşu və qardaş İranın gənc dövlətimizə zaman-zaman göstrədiyi köməyə görə təşəkkür bildirməyi də unutmayib.

Hüquq elmləri doktoru, sabiq deputat İlyas İsmayılov Qarabağ münaqişəsi və onun həlli mexanizminə beynəlxalq hüququn prizmasından yanaşıb: “Bədnam qonşularımız öz müqəddəratını təyinetmə prinsipi pərdəsi altında bəzi hiyləgərliklərə əl ataraq siyasi gedişlər edirlər ki, törətdikləri təcavüz aktlarına haqq qazandırsınlar. Hiyləgərliklə özlərini gah "Qarabağ xalqı", gah "Artsax xalqı" adlandırırlar. Amma bütün bunların heç bir faydası yoxdur, erməni vəhşicəsinə özgə torpağına soxulmuş işğalçıdır və təcili həmin torpaqları tərk etməlidir”.

İlyas müəllim Qarabağ müharibəsinin hələ bitmədiyini, yalnız döyüşlərdə fasilə yarandığını qeyd edərək, gələcəkdə də dost, qardaş köməyinə ehtiyac duyulacağına işarə vurub və həmin məqamda İranı Azərbaycanın yanında görəcəklərinə inamını bildirib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı münaqişənin yalnız hərbi yolla həllinin mümkünlüyünü vurğulayıb. Belə qənaət üçün çoxsaylı əsasların üzərinə gəlib və söyləyib ki, təkcə aprelin əvvəlindəki “dörgünlük döyüşlər” ermənilərlə ötən müddət ərzində həyata keçirilən dialoqun, diplomatik yanaşmanın uğursuzluğunu ortaya qoyub. Akif bəy rəhbərlik etdiyi qurumun – QAT-ın fəaliyyətindən də danışaraq, Qarabağ müharibəsi və erməni terrorçularının qanlı əməlləri haqqında hazırladıqları vəsaitləri – kitabları, broşürləri, videodiskləri tədbir iştirakçılarına bağışlayıb.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli belə bir konfransa ev sahibliyi etdikləri üçün Təbriz Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Hacı Rövşən savaşın ilk dövrlərindən könüllü şəkildə cəbhəyə getdiyini və tarixi torpaqlarımızda erməni quldurlarının dinc xalqa hansı divanları tutduğunu öz gözləri ilə gördüyünü söyləyib. O, Qarabağa təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının dərdi kimi diqqət yönəldərək, Ali Rəhbərin bu xüsusda dəyərli sözlərini xatırladıb: “Seyid Əli Xamnei cənabları Qarabağı İslam torpağı adlandırıb. Çox şadıq ki, İran İslam Respublikası müstəqilliyimizi tanıyan və dəstəkləyən ilk dövlətlərdəndir. Qardaş ölkə Qarabağ uğrunda mübarizəmizə də daim haqq qazandırıb, yardımlarını əsirgəməyib. Ən başlıcası, dövlət səviyyəsində, ayrı-ayrı regional və beynəlxalq qurumların tribunasından Ermənistanı suçlayıb, işğalçı qoşunların dərhal ərazilərimizdən çıxmalarını tələb edib. Heç bir şübhə yoxdur ki, bundan sonra da həmin mövqeyində qalacaq, Azərbaycanı istər siyasət, istərsə də hərb meydanında yalqız qoymayacaq.”

R.Əhmədli növbəti ildəki əlamətdar günləri Şuşada və digər işğal altındakı rayonlarımızda keçirəcəyimizə ümidini ifadə etməklə yanaşı, vurğulayıb ki, əks təqdirdə gələn il – 2017-ci ilin 7-8 mayı ərəfəsində, Şuşaya təcavüzün 25-ci ildönümündə daha genişmiqyaslı tədbirlərin təşkili vacibdir.

Müzakirələrin gedişində Azərbaycandan şərqşünas Zərdüşt Əlizadə, kinosenarist Eldəniz Quliyev; İrandan doktor Məhəmmədrza Kəffaş, Ruhullah Mütəkkiri-Azad və digərləri fikirlərini bölüşüblər, şairlərdən Qurban Cəbrayıl, Sədr Məhəmmədi, İbrahim Qibleyi-Arbatan Qarabağ mövzusunda şeirlərini təqdim ediblər.

Dəyirmi masa Azərbaycanın, İslam dünyasının tezliklə əzəli-əbədi torpaqlarına – Qarabağa qovuşacağına tükənməz inam və dualarla yekunlaşıb.

Konfransdan əvvəl və sonra Təbrizin qədim, görməli yerlərinə – Azərbaycan muzeyinə, Şairlər Məqbərəsinə, El gölünə səyahətlər reallaşıb.

Mayın 8-də nümayəndə heyəti Ərdəbilə dönüb Ali Rəhbərin nümayəndəsi və şəhərin İmam-cüməsi Seyid Həsən Amili ilə görüşüb ki, bu barədə növbəti yazıda ətraflı məlumat veriləcək.             

Xəzər

Strateq.az

tebriz-2 tebriz-3 tebriz-4 teb-5 teb-6 teb-7 teb-8 teb-9 teb-10 teb-11 teb-12 teb-13 teb-14 teb-15