XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 06:27

Saxta mühacir biznesi və Azərbaycanın dövlət maraqları…

Müsavat Partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta təqib sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı. Bildirilirdi ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçikanın Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri araşdırılıb və saxta olduğu təsdiq olunub.

Saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyev isə mətbuata açıqlamasında bunları deyib: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim – 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. özləri də mənə dedilər ki, “2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak et, şəkillərin olsun. O halda, mühacir statusu almağın daha asan olacaq”. Onlar özləri orada ticarətlə məşğuldur. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.

Saxta müsavatçı olmaqda ittiham olunan bildirir ki, arayışları ona Gülağa Aslanlı satıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Mesajlar, “Facebook” yazışmaları, “WHatsApp” yazışmaları var əlimdə. Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacağam”.

G.Aslanlı isə açıqlamasında E.Mirzəyevin dediklərini böhtan adlandırıb: “Doğrudur, onunla mənim aramda inboks yazışması olub. O yazışmada da qeyd edib ki, Müsavatın üzvüdür. Soruşmuşam ki, Müsavatın üzvüsüzsə, hansı təşkilatın üzvüsən? O da deyib ki, özümü Novxanı müsavatçısı hesab edirəm. Mən də demişəm ki, Müsavatda “Novxanı müsavatçısı” anlayışı yoxdur. Ya Binəqədi, ya da hansısa başqa rayon müsavatçısı ola bilər. Sonra o mənə yazıb ki, məni Tofiq Yaqublu partiyaya qəbul etdirib. Mən də bunu vəkili vasitəsilə Tofiq bəydən soruşmuşam. O da deyib ki, əgər partiyaya üzv olmaq üçün onun ərizəsi yoxdursa, qəbul etdirmək söhbəti olmaz. Mən Tofiq Yaqubluya özüm qədər inanıram. O belə iş görməz”.

Bu qalmaqaldan sonra məsələ daha da şişdi. Hazırda Avropa ölkələrindən birində yaşayan jurnalist Elbəyi Həsənli bu mövzuda daha ciddi faktları açıqladı. Həmin açıqlamadan məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaların bir çoxu saxta təqib arayışlarının satılması üzrə ixtisaslaşıb. Ən maraqlısı isə budur ki, bu ittihamları müxalifətlə opponentlik edən qüvvələr irəli sürmür. özləri-özlərini ifşa edirlər.

Daha bir etirafa diqqət edək.

Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunan Səxavət Əlisoy hesab edir ki, Müsavat Partiyasının vəsiqəsini mühacirlərə verənləri araşdırıb tapmaq çətin deyil. Onun sözlərinə görə, Avropada olduğu zaman Müsavat Partiyasının vəsiqəsini gəzdirən bir şəxslə tanış olub:

“Bu çox ciddi məsələdir. Hətta o qədər ciddidir ki, bu məsələyə tam aydınlıq gətirilməlidir. Avropada olduğum zaman mənə danışırdılar ki, bəzi şəxslər Müsavat Partiyasının və ya digər müxalif partiyaların adı ilə gəlsələr də, onların təmsil etdikləri qurum haqqında elementar bilikləri də olmur. Bilirəm ki, bu oyunda Müsavat Partiyasının bəzi funksionerlərinin əli var. Başda isə Arif Hacılı dayanır. Hesab edirəm ki, ciddi bir araşdırma aparılarsa, hər şey ortaya çıxacaq”.

Bütün bu etiraflardan görünür ki, problemin mövcudluğu təsdiqini tapır, ancaq bunun Azərbaycan dövlətinin imicinə vurduğu ziyan araşdırılmır. Mexanizmə diqqət edək. Həmin saxta təqib arayışlarını alan vətəndaşlar üz tutduğu ölkələrdə özlərini siyasi mühacir kimi qələmə verir. Nəticədə saxta bir statistika ortaya çıxır. Beynəlxalq təşkilatlar da həmin siyahıya əsaslanaraq Azərbaycanı qeyri-demokratik ölkə olmaqda suçlayır.

Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev açıqlamasında bildirdi ki, belə saxtakarlıqlar Azərbaycanın imicinə doğrudan da zərbə vurur: “Ola bilər ki, hansısa siyasətçi və tanınmış ictimai xadim ölkədə yaşamaqla bağlı problem görür. Elə adamların xaricə üz tutmasında problem görmürəm. Sizi əmin edirəm ki, həmin adamlardan Azərbaycana heç bir ziyan dəyə bilməz. Saxta yolla gedənləri isə Vətənin üz qarası sayıram. Onları hansı istiqamətə istəsələr yönəldə bilərlər. Mən Avropada tez-tez oluram. Biabırçı bir mənzərəyə şahidlik etməli olursan. Heç kimin tanımadığı, Azərbaycanda gedən siyasi proseslərə zərrə qədər də aidiyyəti olmayan adamlar Avropada məskunlaşaraq rahat həyat yaşayırlar. Onları dövlətin maraqları qəti düşündürmür. Bu vəziyyətin yaranmasında başlıca günahı saxta təqib sənədləri verən partiyalarda görürəm. Bu gün kimsə mən rüşvət verib saxta sənəd alaraq Avropaya gəlmişəm deyirsə, həmin adam gəlib etdiyi cinayətə görə cavab verməlidir. çünki rüşvət vermək və saxta sənəd əldə etmək cinayət sayılır”.

Məhəmmədəli QƏRİBLİ