XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 14:46

Müdafiə nazirlərinin üçtərəfligörüşü başa çatdı

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başa çatıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda danışıqlardan sonra görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçirilib.

Konfransda general-polkovnik Zakir Həsənov çıxış edərək görüşün əhəmiyyətindən söz açaraq deyib: “Mən bir daha həmkarlarım İsmət Yılmaza və xanım Tinatin Xidaşeliyə dəvətimizi qəbul edib Qəbələ şəhərinə gəldiklərinə və bu görüşdə iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm. Görüş zamanı 3 dost, qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq. Üç ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub”.

Nazir Zakir Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. “Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaqdır. Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırılıb”, – deyə general-polkovnik vurğulayıb.

Nazir Z.Həsənov qeyd edib ki, ikitərəfli və üçtərəfli görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən də son zamanlar münaqişə zonasında gərginliyin artması ətraflı müzakirə edilib. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyi və bir-birimizin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşılmanın vacibliyi bir daha qeyd edilib.

Nazir deyib: “Əminəm ki, müdafiə sahəsində əməkdaşlıq üzrə üçtərəfli fəaliyyətimiz ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də regionda sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına öz töhfəsini verəcəkdir. Mən bir daha həmkarlarıma səmimi və səmərəli müzakirələrə görə təşəkkür edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və son hadisələr zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə türk və gürcü xalqlarına minnətdarlığımı bildirir, bütün regiona, sülh, əmin-amanlıq və rifah arzulayıram”.