XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 19:07

Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri:“Cənub Qaz Dəhlizinə başlıca təhdid həll olunmamış münaqişələrdir”

fuad-iskenderov

“Cənub Qaz Dəhlizi Avropa bazarına aparan real yoldur. Bu sadəcə boru xəttləri deyil, nəqliyyat şəbəkəsi yaratmaq üçün əsl imkandır. Cənubi Qafqaz Avropadan Asiyaya və Asiyadan Avropaya aparan nəqliyyat yollarının kəsişdiyi nöqtədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropa İttifaqının nüfuzlu mətbu orqanı sayılan "POLİTİCO" xəbər portalına müsahibəsində söyləyib.

F. İsgəndərov Azərbaycanın bu sahədə Rusiya ilə rəqabət aparmadığını da bildirib: “Bizim ixrac edəcəyimiz təbii qazın həcmi Rusiyanın Avropa İttifaqına  təmin etdiyi qaz həcminin 10%-ni təşkil edir. Bu layihə real alternativ yoldur, bütün çətinliklərə baxmayaraq, biz etibarlı tərəfdaşıq. Misal üçün, Trans Anadolu Boru Kəmərinin (TANAP)  tikintisinin 80%-i artıq həyata keçirilib, Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi nəzərdə tutulmuş vaxtda tamamlanacaq, “Şahdəniz  ll” layihəsi ilə bağlı işlər də qaydasındadır”.

Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri deyib ki, boru kəmərləri gələcəkdə ötürüləcək qazın həcmini artırmaq imkanına malikdir. O, Ukraynanın enerji nazirinin Cənub Qaz Dəhlizinə çəkilən xərcləri israf hesab etməsinə də münasibət bildirib: “Bu, həqiqətən də qəribə idi. Mən Ukraynanın narahatlığını anlayıram. Ukrayna müxtəlif layihələr üçün tranzit ölkə olmaq istərdi. Lakin biz heç kəslə rəqabət aparmırıq”.

İqtisadi çətinliklərin layihəyə təsirinə gəlincə, F. İsgəndərov qeyd edib ki, Azərbaycan 1990-cı illərin ortasında Bakı-Tbilisi-Ceyhan layihəsinə başlayarkən, bütün sənədlər imzalanan vaxt neftin 1 barelinin qiyməti 19 dollar olub: “Vəziyyət hər zaman dəyişir. Lakin irimiqyaslı və uzunmüddətli layihə haqqında danışarkən ümumi, gələcəyə yönəlmiş və strateji yanaşma nümayiş olunmalıdır. Elə buna görə də, layihənin həyata keçirilməsi istiqamətində maliyyə institutları da daxil olmaqla, müxtəlif Avropa institutlarından özümüzə qarşı dost münasibət görürük”.

Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Cənub Qaz Dəhlizinə başlıca təhdidin həll olunmamış münaqişələr olduğunu da vurğulayıb: “Boru xəttinin Azərbaycan ərazisindən keçən hissəsi Dağlıq Qarabağda işğalçı orduların yerləşdiyi cəbhə xəttindən onlarla kilometr aralıdadır. Aprel ayının əvvəlində baş verən son hadisələr zamanı, gərginlik Ermənistan qoşunlarının təxribatı nəticəsində meydana çıxdı, lakin Azərbaycan ordusunun baş verənlərə cavabı güclü oldu. Həmin vaxt biz anladıq ki, cavabımız sərt olmalıdır, çünki əgər biz bu hücumlara qarşılıq verməsəydik, bu kimi hallar dəfələrlə təkrarlanacaq və layihələrimizi təhdid altına salacaqdı”.