XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2016 - 10:07

“İyunun sonuna qədər münaqişənin həllində real addımlar atılmasa,.. ” –Xəbərdarlıq

elxan-sahinoglu-esas

"İyunun sonuna qədər münaqişənin həllində real addımlar atılmasa, Ermənistan Qarabağ ətrafındakı rayonların boşaldılmasına dair mərhələli həll planını qəbul etmə hazırlığını nümayiş etdirməsə, aydındır ki, bu görüşdən də nəticə çıxmayacaq".

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq müşahidələrinə söykənərək Ermənistanın Qarabağ ətrafındakı rayonları boşaltmağa tələsmədiyini də açıqlayıb:

“İrəvan rayonların boşadılması ilə statusun müəyyənləşməsi məsələsinin yenə eyni vaxtda həll olunmasını istəyir. Bakı buna getmir, çünki bu, paket həll variantdır. Bu müddətdə böyük dövlətlər Ermənistan hakimiyyətinə təsir və təzyiq etməsələr, onlar status məsələsini kənara qoyub, rayonları boşaltmayacaqlar. Beləliklə də iyun görüşündən də nəticə çıxmayacaq. Bu o deməkdir ki, yay aylarında müharibə riski yaranacaq”.

E.Şahinoğlu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yeri ilə bağlı ehtimalını da bildirib:

“Bir müddət öncə mayın sonu, iyunun əvvəlində Rusiya prezidentinin bölgəyə səfər edəcəyi ilə bağlı xəbərlər  yayıldı. Bu kontekstdə, düşünürəm ki, Vladimir Putin görüş yeri olaraq Moskvanı təklif edə bilər”(Axar.az).

Qeyd edək ki, mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Tərəflər iyunda növbəti danışıqların yerini və vaxtını müəyyənləşdirmək barədə razılığa gəliblər.

Bir çox ekspertlər isə Vyanada növbəti görüşlə bağlı əldə olunan razılığı siyasi cəhətdən Ermənistana verilən vaxt kimi də dəyərləndirirlər.