XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2015 - 06:30

Siyasi mübarizənin sonu… – Məmməd Süleymanov

Azərbaycanda siyasətin subyekti siyasətdən aralı gəzir. Yəni xalq kütlələri. Paradoksallığı artıran ikinci reallıq: bu ölkədə artıq siyasətçilər də siyasətlə məşğul olmurlar.

Vəziyyət filosof Jan Bodriyyarın özünün “Terrorizmin güzgüsü” əsərində təsvir etdiyi mənzərəni xatırladır: “Siyasi hadisələr sanki tamaşaçıların kənarlaşdırıldırıldığı boş stadionda cərəyan edir. Tamaşaçıların potensial canlı reaksiyaları arzuolunmazdır. Və hadisə yerindən televiziya siqnalından (təsvir, statistika, sorğuların nəticələri) başqa heç nə yayımlanmır…”

Yayılan siqnallar isə reallığın təhrifli formasını yayır.

Əlbəttə, ənənəvi səbəblərə get-gedə yeniləri də qoşulur. Köhnə siyasətçilər və partiyalar generasiyasının iflası əslində yeni şəxslərin və təşkilatların yaranması ilə nəticələnməli idi. Bu isə yoxdur. Son illərdə bir neçə yeni qurum özünü elan edib, ancaq məramlar da, taktikalar da, davranışlar da, hətta simalar da eynidir.

Məsələn, Qubad İbadoğlu öz hərəkatını təsis etdi və dərhal da uzun müddətə ABŞ-a yollandı. Yeni təşkilatın formalaşması mərhələsinin əcaib mənzərəsi yarandı, üstəlik, bu addım onu keçmiş partiyadaşlarının ironik münasbəti ilə üz-üzə qoydu.

Yaxud yetərincə tanınmış şəxslərin toplandığı “125-lər” təşkilatı var: heç bir yeni fikir, enerji, hədəf və ideologiya ortaya qoyulmur.

Yəni say nəinki keyfiyyətə keçmir, əksinə, keyfiyyət enişini daha da sürətləndirir, pərakəndəliyi və sektantlığı artırır. Bu anaxronizmə get-gedə vur-tut tanışlıq dərnəklərinə çevrilən ənənəvi partiyaların arasındakı şiddətli təfriqələr də qoşulur (və bu təfriqələr qətiyyən ideoloji deyil, şəxsi xarakter daşıyır).

Burada hakimiyyətin sifarişinin olduğunu iddia edənlər həqiqətdən heç də uzaq deyillər. Ancaq məsələ ondadır ki, rejimin “parçala və hökm sür” siyasəti çox münbit torpağa düşdü. Yəni müxalifət daxilindəki merkantil maraqlar indiyədək şirma və vitrin rolunu oynamış “mübarizə” iddialarını asanlıqla kənara tulladı. üstəlik, siyasi mübarizədə indiyədək formal da olsa birləşdirici amil rolunu oynamış problemlərin də bundan sonra daha müttəfiqliyə aparıb çıxarmayacağını ortaya qoydu.

Məsələn, martın 15-də Milli Şura bahalaşma əleyhinə mitinq təyin edib. Bu quruma daxil olmayan Müsavat Partiyası isə “ayrı-ayrı üzvlərimiz istəsələr, iştirak edə bilər” deyir. Yəni partiya kimi iştirak nəzərdə tutulmur. Artıq ümumi olan sosial problem də müxalif qurumları bir ortaq meydana yığa bilmir.

Hakimiyyətin müxalifəti bölmək taktikasının rolunu şişirtməzdim. Bölünməyə hazır olanı bölmək olur. Yaxud müxalifətin təbliğat resurslarının hakimiyyət tərəfindən basqıya məruz qalmasını da indiki reallığın əsas səbəblərindən biri saymaq olmur – ideyalar varsa, onları yaymaq həmişə (xüsusən də indiki dövrdə) mümkün olur.

Klassik nümunə I dünya müharibəsi illərindəki çar Rusiyasıdır – ən əlverişsiz şəraitdə belə sosialist partiyaları (bolşeviklər, menşeviklər, eserlər, eser-maksimalistlər) mübarizələrini və təbliğatlarını dayandırmadılar. Sonu məlumdur – inqilab.

Yəni məhdud resurslar da hakimiyyətin müxalifətə qarşı ağır təzyiqləri və repressiyaları da, “dərnəkləşmə” də çoxsaylı səbəblərdəndir, ancaq heç biri əsas və həlledici deyil.

Zatən Azərbaycan siyasəti çoxdan meydanlardan, diskussiya klublarından və ideoloji təbliğatdan uzaqlaşaraq qəzet formatına keçmişdi. Və bu “qəzet siyasəti”nin əsas personajları da siyasətçilər yox, jurnalistlər idi. Məhz onlar rəy formalaşdırır, analiz aparır, tənqid edir, az-çox ideoloji mübarizənin rudimentlərini yaradır, düşüncə adamı rolundan çıxış edirdilər. Azəri siyasətçiləri isə bütün bu illər ərzində mətbuatın onlar haqda yarada bildiyi rəylə “dolanırdılar”.

Artıq bu rəy yoxdur, qəzetlər analitika, təhlil, ideoloji mətnlərdən çoxdan əl çəkiblər. Siyasi gündəmin yeri boşdur, siyasi müsahibə bir janr kimi ölüb gedir. Dəb yaradanların yoxluğunda dəbə minənlər də dəbdən düşüb.

Digər mühüm səbəb isə adi ölərilərin son 15 ildə siyasətçilərin dilindən orijinal heç bir yeni fikir eşitməməsindədir. Partiya lideri də, işsiz fəhlə də, dükan alverçisi də hazırda eyni leksikonla danışır. üstəlik, fəhlə ilə alverçinin hakimiyyətə qarşı leksikonu siyasətçidən daha radikaldır.

Digər səbəb də var: ideoloji boşluq. Hakimiyyət istəyən istənilən qüvvənin gələcək cəmiyyətlə bağlı modeli olmalıdır – bu strategiya yoxdur.

Odur ki, iqtidarçı ilə müxalifətçinin manipulyasiya etdikləri terminlər də eynidir. Yaxud kapitalizm apologeti olan müxalifət partiyalarının hakimiyyət modelində elə bir bənd yoxdur ki, onu kapitalizm yolu tutmuş indiki iqtidar da bölüşməsin.

Müxalifətin ən əsas məsələlərə baxışı iqtidardan qətiyyən fərqlənmir: bazar iqtisadiyyatı, özəlləşdirmə, bunların fonunda mütləq və mütləq sosial siyasətin məhvi, mülkiyyət məsələsi, neoliberal reseptlər, kredit siyasəti, pulsuz təhsil və səhiyyəyə münasibət – hamısı eynidir (danışıqda başqa terminlərə əl ata bilərlər, ancaq kapitalizm yalnız kapitalistlər üçün yerüstü cənnətidir).

Və bir mühüm səbəbi də unutmamaq lazım: bütün dünya ümidsizlik zolağına girib. Qərbin onun əlinə oynamaq istəməyən rejimlərin başına “demokratikləşdirmə” adı altında açdığı oyunlar hədəf ölkələrdə elə biabırçı fəlakətlərlə nəticələndi ki, oralarda xalqlar status-kvonun nostalgiyasına qapıldılar. Yəni pis lap pislə əvəzləndi.

Siyahı uzundur: İraq, Liviya, MAR, Mali, Yəmən, Suriya, Ukrayna…

Bununla da siyasi subyektlərə təlqin etdilər: “Heç nəyi dəyişməyin, yoxsa daha da pis olacaq”.

Toplumlar skepsisə və depressiyaya salındı. Elə bu da siyasətin subyektinin istənilən dəyişiklik cəhdinə inamsızlığını və biganəliyini şərtləndirdi.

Eynilə Jan Bodriyyarın yazdığı kimi: “Müasir trans-siyasi arena bu cürdür: kütləvi fəzanın şəffaf forması – bu fəzadan bütün iştirakçılar yox edilib və oradan hadisənin təmiz forması – bütün ehtiraslar sıxışdırılıb…”