XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 11:28

“Düşmən və havadarları hazırlaşır, bunu əsla unutmaq olmaz!” –Prezidentin Almaniya səfəriylə bağlı rəylər

ilham-merkel-esas

Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Almaniyaya səfər edib. Azərbaycanın dövlət başçısının Almaniyaya səfəri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də Berlinin ATƏT-in sədrliyini həyata keçirdiyi bir dönəmdə Azərbaycan prezidentinin səfəri Qarabağ məsələsinin müzakirəsi və həll yolunun araşdırılması baxımından önəmlidir. 

Xatırladaq ki, Azərbaycan prezidentinin ötənilki səfəri zamanı Merkel Azərbaycanın mövqeyinə uyğun gələn münasibəti ilə diqqət çəkmişdi. O, hətta atəşkəsin pozulması hallarına görə Rusiyanı qınayan münasibət sərgiləmişdi. Bu il isə aprel əməliyyatlarından sonra Almaniyanın ATƏT sədri olaraq masa üzərinə 7 bənddən ibarət Qarabağ təklifləri qoyacağı barədə xəbərlər dövriyyəyə buraxılmışdı. Elə döyüşlərdən az sonra həmsədrlərin ATƏT sədri ilə görüşərək durumu müzakirə etməsi də belə qənaət yaratmışdı ki, Berlin münaqişənin həlli istiqamətində ciddi fəaliyyətə başlamaq niyyətindədir. 

Lakin sonrakı dönəmlərdə sanki quyuya daş atıldı və aktivlik müşahidə olunmadı. Düzdür, Merkel Sərkisyanla görüşdü. Ancaq belə qənaətə gəlmək olar ki, bu görüş daha çox Ermənistanın və erməni lobbisinin arzularını çin etməyə yönəlibmiş. Almaniya Bundestaqının saxta “erməni soyqrımı”nı tanıması da daha çox bundan xəbər verir. Belə görünür ki, Sərkisyan Berlindəki brifinqdə Rusiyanı tənqid etməsinin mükafatı olaraq “soyqırım”ın tanınması barədə qərarı əldə etdi və bununla da hakimiyyətinin ömrünün uzadılmasına nail oldu. 

Məhz belə bir ərəfədə prezident İlham Əliyevin Almaniyaya səfəri birmənalı qarşılanmır. Hesab olunur ki, bəlkə dövlət başçısı səfərini bir az ertələsə, daha düzgün olardı. Ancaq əksəriyyətin mövqeyi bundan ibarətdir ki, İlham Əliyev Berlində kanslerə və Almaniya ictimaiyyətinə həm də Türkiyənin haqsızlığa məruz qaldığını deyəcək və bu mənada səfərin önəmi böyükdür. Hər halda, Azərbaycan prezidentinin “Türkiyənin olmadığı yerdə mən varam” bəyanatı unudulmayıb. Üstəlik, Qarabağ cəbhəsindəki nisbi sakitliyin çox da uzun çəkməyəcəyi hər kəsə bəllidir. 

Bu mənada Azərbaycan prezidentinin ATƏT-in hazırkı sədri olan dövlətlə hərtərəfli müzakirə aparması olduqca zəruridir. Düzdür, iyunda prezidentlərin görüşünün olacağı anonsu verilib, ancaq hələlik nə yer, nə zaman bəllidir. Bu mənada Almaniya kimi aparıcı ölkə ilə təmas imkanını əldən vermək Ermənistanın əlavə tribuna qazanması demək olardı ki, yəqin Türkiyə də bu kimi arqumentlərlə razılaşaraq prezident Əliyevin səfərindən narahat olmaz.  

Politoloq Arzu Nağıyev qeyd etdi ki, Bundestaqın saxta “soyqırım”la bağlı qərarı qəbul etməsində əsas məqsədi məhz Türkiyəni dünyada baş verən bir çox siyasi məsələlərdən uzaqlaşdırmaq və ya nüfuzdan salmaqdan ibarət idi: “Məlumdur ki, Türkiyə bu qərara qarşı adekvat addımlar atacaq və hətta miqrant məsələsində də müəyyən korrektələr edəcək. Bununla da Avropa Birliyi qarşısında götürülən öhdəlikləri yerinə yetirə bilməyəcək və demək olar ki, birliyin üzvlüyü məsələsində də problemlər yaşanacaq”. 

Siyasi təhlilçi təsdiqlədi ki, ATƏT-in  sədri olaraq Almaniyadan münaqişənin həlli ilə bağlı müsbət gözləntilər çox idi: “Əslində belə gözləntilər hələ də var. Təbii ki, cənab İlham Əliyevin səfərindən də Almaniya tərəfindən müəyyən müsbət addımlar gözlənilir. Zənnimcə, bu səfər zamanı Almaniya-Türkiyə münasibətlərinə də bir aydınlıq gətiriləcək. Digər tərəfdən, bir sıra dövlətlərin parlamentləri qondarma soyqırımı tanıyıb, lakin bunun Qarabağ münaqişəsinin həllinə heç bir müsbət təsiri olmayıb. Almaniya ilk növbədə Avropada üç söz sahibi olan dövlətlərdən biri olaraq enerji təhlükəsizliyini də nəzərə almalıdır və bu məsələdə Azərbaycanın, həmçinin Türkiyənin rolu böyükdür. Bundan başqa, Almaniyada milyonlarla  türk yaşayır və onlar potensial seçicilərdir. Hərbi tərəfdən də Türkiyə və Almaniya NATO üzvləridir. Məlum məsələdir ki, Almaniya siyasi ambisiyalara uyaraq belə qərarla həm də öz gələcək nəsillərini Osmanlı İmperiyasının tərəfdaşları kimi böyük bir siyasi bəlaya saldı. Bir sözlə, Azərbaycan prezidentinin səfərindən çox məqamlar asılıdır. Bu, həm Dağlıq Qarabağ münaqişəsinin həllinə, həm də Türkiyə-Almaniya münasibətinə aiddir”.

Politoloq Şahin Cəfərli isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə uydurma “soyqırım”ın tanınması arasında birbaşa əlaqə qurmaq doğru olmaz: “Bunlar bir-birindən fərqli məsələlərdir, biri bizə birbaşa aidiyyəti olmayan tarixi olay, digər isə hazırda davam edən münaqişədir. Əlbəttə, ”erməni soyqırımı"nın dünyanın aparıcı dövlətləri tərəfindən tanınması neqativ tendensiyadır və bizim maraqlarımız baxımından da arzuolunmaz durumdur. Bu, ermənilərin əzabkeş obrazını gücləndirir və dünyada ermənilərə münasibətdə acıma duyğusunun və bu duyğudan qaynaqlanan simpatiyanın yaranmasına səbəb olur. Lakin belə bir vəziyyət yenilik deyil, Almaniyanın qərarından əvvəl də ermənilərə bu cür münasibət mövcud idi. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə bu məsələnin birbaşa təsiri yoxdur. Mən Bundestaqın qərarından sonra Almaniyanın ermənipərəst siyasət yeritməyə başlayacağına inanmıram". 

Ş.Cəfərli konkret Dağlıq Qarabağ məsələsində də Almaniyanın mövqeyində bir dəyişiklik gözləmir:“Xatırlatmaq istərdim ki, Bundestaq vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli sənədlər qəbul edib, bu məsələ nədənsə bizim ictimaiyyət tərəfindən unudulur. Məsələn, Bundestaqın 14 may 2009-cu il tarixli iclasında qəbul edilmiş ”Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi" adlı qətnamə çox mühümdür. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur, sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi vurğulanır və bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının sənədləri yerinə yetirilməlidir. 

Bundan başqa, Bundestaqın Xarici Siyasət üzrə İşçi Qrupunun 2012-ci ildə yaydığı “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənədi, eləcə də Bundestaqının Petisiya Daimi Komitəsinin elə həmin il Xocalı qətliamı ilə bağlı qəbul etdiyi sənədi xatırlatmaq da yerinə düşər. Bunlar kifayət qədər obyektiv, hətta bizim maraqlarımıza uyğun önəmli sənədlərdir. Biz bunları almanların özlərinə də xatırlatmalıyıq. Almaniya indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı həmsədr ölkələrdən, xüsusən Fransa və Rusiyadan fərqli, daha obyektiv mövqe tutmağa çalışıb. Hesab edirəm ki, Almaniya-Türkiyə gərginliyinin Qarabağ tənzimlənməsinə hər hansı təsiri olmayacaq".

Qarabağ cəbhəsində isə nisbi sakitlik hökm sürür.

Müdafiə Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, ötən sutka ərzində ayrı-ayrı istiqamətlərdə ara-sıra atışmalar qeydə alınsa da, ciddi bir hadisə baş verməyib. Ancaq bu vəziyyət aldadıcı da ola bilər, ermənilər dəfələrlə xain basqınları, diversiya-təxribat hərəkətləri ilə bunu sübut ediblər. Üstəlik, iyunun 4-də axşam Ermənistan müdafiə naziri Seyran Ohanyanın Qarabağda peyda olması da bu ehtimalı təsdiqləyir. Yayılan məlumata görə, erməni nazir qondarma “DQR müdafiə naziri” Levon Mnatsakanyanla birlikdə bütün gecəni təmas xəttində keçirib.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Ohanyan və Mnatsakanyan Ağdərə rayonunun Mataqis və Talış kəndləri istiqamətində təmas xəttinin müxtəlif istiqamətlərində olublar. Onlar qoşunların döyüş hazırlığını yoxlayıb, təchizat məsələləri ilə maraqlanıb və digər məsələləri müzakirə ediblər. Ermənistan müdafiə naziri gecəni postlardan birində keçirib. İyunun 5-də isə Ohanyan təmas xəttinin digər istiqamətlərini gəzib. Güman etmək olar ki, son vaxtlar istefası tələb olunan və hər an cəzalandırılacağı gözlənilən erməni nazir ordusunun vəziyyətini yerindəcə qiymətləndirməkdən, hərbçilərə dayaq olmaqdan ötrü ön xəttə gəlib. 

Ola bilsin bununla o, bölgəni tərk edən erməni əhalini evlərinə qayıtmağa da sövq edəcəyini düşünür. Ancaq o da istisna deyil ki, Ermənistan imkan düşən kimi Azərbaycana aprel uğursuzluğunun əvəzi olaraq zərbə endirməyə tədarük görür.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə şübhəli məqamların olduğunu düşünür: “Son vaxtlar cəbhə bölgəsində atəşkəsin pozulması hallarının sayının nədən azalması bir çox suallar doğurur. Sual olunur, görəsən, nə baş verir ki, bədnam qonşularımız bir az sakitləşiblər?

Əslində isə onlara havadarlarından göstəriş daxil olub ki, işlərini sakitcə görsünlər, hazırlaşsınlar və diqqəti çox da cəlb etməsinlər. Əgər belə olmasaydı, bu həyasızlar, vicdan və reallıq hissini itirən binəvalar aprelin əvvəllərində aldıqları sarsıdıcı zərbədən sonra ”olmayan papaqlarını" qarşılarına qoyub yaxşı-yaxşı fikirləşərdilər ki, bu işlərin axırı onlar üçün heç də yaxşı heç nə vəd etmir. Gah atəşkəsi pozmaqla, gah Azərbaycanı hansısa sarsaq hədələrlə hədələməklə, itirdikləri əraziləri geri qaytarmaqla bağlı hədyanlar səsləndirməklə diqqəti özlərinə cəlb etdilər. Amma beynəlxalq qurumlar da, xüsusən də ATƏT-in bivec Minsk Qrupu da onların hoqqabazlıqlarına sanki göz yummuş kimi görünür. Ötən həftə bu cinayətkar rejimin müdafiə naziri Seyran Ohanyan yenə Qarabağda peyda olub və qondarma “DQR müdafiə naziri” Levon Mnatsakanyanla birlikdə bütün gecəni təmas xəttində keçirib.

Sual olunur: əgər bunlar işğal altında havadarları Rusiya vasitəsilə saxladıqları əraziləri danışıqlar masası ətrafında boşaltmağa hazırlaşırlarsa, onda bu hoqqabazlıqlar kimə lazımdır?". 

Ü.Cəfərova görə, deməli, bunların məqsəd və məramları tamam başqadır və böyük ehtimalla, bunlar iyinin sonlarında hansısa formal danışıq keçirməklə özlərinə əlavə vaxt əldə etdikdən sonra yenə bizə ağılsız öküz kimi “kəllə atmağa” başlayacaqlar: “Bu, heç kimdə şübhə doğurmamalıdır. Onların cani prezidenti Sərkisyanın da itirdikləri əraziləri guya sentyabrın əvvələrində geri qaytaracaqları ilə bağlı verdiyi sərsəm bəyanat da elə-belə, öz ağlının məhsulu deyil. İstisna etmək olmaz ki, ona bu sözləri rəsmi Moskva dedizdirir. Düşmən və havadarları hazırlaşır, bunu əsla unutmaq olmaz! Bu ilin yay fəsli sözün hər mənasında Silahlı Qüvvələrimiz və bütövlükdə Azərbaycan üçün çox isti keçəcək. Şəxsən mən bunu görürəm və düşmənin də hərəkətləri, atdığı addımlar belə düşünməyə əsas verir. Özü də düşmənin aprelin əvvəllərində ciddi itki verdiyi və nəzarətində olmuş Ağdərə rayonunun Mataqis və Talış kəndləri istiqamətindəki hazırlıqları tam əminliklə deməyə əsas verir ki, ermənilərin sülh yolu ilə torpaq azad etmək niyyətləri yoxdur. Beynəlxalq güclər də onların nazı ilə oynamaqda davam edir”.

Musavat.com