XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2015 - 11:44

“Hökumət dediyim şərtləri yerinə yetirməsə…”

“Hökumət dediyim şərtləri yerinə yetirməsə...”

Sərdar Cəlaloğlu: “Mübarizə ayrı-ayrı adamlara qarşı yox, sistemə qarşı aparılmalıdır”

Manatın devalvasiyasından sonra ölkədə yaranmış vəziyyət gündəmin əsas mövzusu olaraq qalır. Hökumət qiymət artımına qarşı sərt tədbirlər görüləcəyini desə də, Azərbaycana ixrac olunan məhsulların qiymətində artımın olacağı qaçılmaz görünür. Müsavat Partiyasında keçirilən dinləmələrdə ölkə müxalifətinin təmsilçiləri də vəziyyəti təhlil edib konkret təkliflər veriblər. Adətən orijinal təkliflərlə çıxış edən ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a müsahibəsində maraqlı fikirlər söylədi:
– Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatına uyğun tənzimlənmir. ümumiyyətlə, manatın dəyərinin sabit saxlanılması bazar iqtisadiyyatına ziddir. Dünyanın ən inkişaf etmiş ölkələrinin, həmçinin ABŞ-ın milli valyutalarına baxsaq, görərik ki, bunlar il ərzində dəfələrlə öz qiymətlərini dəyişirlər. Onda sual olunur, necə olur bütün dünya valyutaları qiymətini dəyişir, Azərbaycan manatı isə yox? Bu, onu göstərir ki, Azərbaycanda manata münasibət iqtisadi münasibət olmayıb. İndiyədək manatın kursunun sabit saxlanılmasında məqsəd ictimai-siyasi vəziyyəti sabit saxlamaq idi. çünki başqa cür olsaydı, Azərbaycanda zaman-zaman sosial və siyasi çıxışlar, çaxnaşmalar olmalı idi. çünki biz bilirik ki, bazar iqtisadiyyatının əsas özəlliklərindən biri də hakimiyyətlərin uzun müddət qalmamasıdır. Əgər bir ölkədə hakimiyyət uzun müddət qalırsa, bu, o deməkdir ki, onlar bazar iqtisadiyyatı ilə məşğul deyillər, buna görə də bəzi iqtisadi göstəricilər inzibati yollarla tənzimlənir. Hökumətin bu addımları hakimiyyəti saxlamaq üçün atılırdı və dövlət büdcəsindən də kifayət qədər pul xərcləndi. 10 il ərzində tədricən manatın kursuna dəyişiklik edilsəydi, insanlar öz pul ehtiyatlarını tədricən kompensasiya edə bilərdilər və çox ciddi itkilər olmazdı.
– Prezidentin milli valyutanın ucuzlaşması ilə bağlı dediklərini necə qarşıladınız?
– Təbii ki, prezidentin manatla bağlı söylədiyi fikirlərlə razıyam. Azərbaycan manatının dollar, avro, yaxud rubla münasibətini olduğu kimi saxlamaq yanlış idi. Bu, siyasi məqsədlər daşıyırdı. Elm sübut edib ki, iqtisadiyyat yalnız iqtisadi prinsiplərlə idarə olunduqda inkişaf, tərəqqi, artım ola bilər.
– Müxalifət təmsilçisi olaraq nə təklif edirsiniz, hökumət konkret hansı addımları atmalıdır ki, kütləvi kasıblaşma, ciddi krizis halı yaşanmasın?
– Manatın sərbəst buraxılması zəruridir, amma bu zaman çox ciddi hadisələri nəzərə almaq lazımdır. Ancaq ölkədə əlində manatı olmayan insanlar var ki, bazarda qiymətlərin və pulun kursunun oynaması onlara külli miqdarda ziyan vurur. Eyni zamanda banklarda yatırımı olanlara, kredit alanlara, depoziti olanlara külli miqdarda ziyan dəyir. Qiymətlərin oynaması qeyri-aşkarlıq şəraitində bəzi adamların süni surətdə bahalaşma yaratmasına səbəb olur. Digər tərəfdən, hökumət minimum əmək haqqını indeksasiya etməlidir. Yəni cüzi bahalaşmaya qarşı kəskin tədbirlər görməlidir. Bu mübarizə ayrı-ayrı adamlara qarşı yox, bütövlükdə sistemə qarşı aparılmalıdır. Monopoliya ləğv olunmalıdır, çünki qiymətlərin süni qalxmasını təşkil edən amillərdən biri də odur. Nəhayət, hökumət banklardakı kreditlərin tənzimlənməsi istiqamətində nəzarəti artırmalıdır. Həmçinin, hökumət istəyirsə ki, xüsusən orta və xırda biznes çökməsin, mütləq təcili kredit faizlərini aşağı salmalıdır. Orta və kiçik biznesin məhvi sosial fəlakət deməkdir. Azərbaycanda 20 ildir ki, “Holland sindromu”na uyğun bir istehsal böhranı davam edir. Yəni neftdən başqa heç nə istehsal olunmur. Amma iqtisadiyyat elmi sübut edib ki, istehsal krizi mütləq maliyyə-kredit krizinə keçməlidir. İndi bizim pulumuzun oynaması artıq bizim yeni mərhələyə, maliyyə-kredit böhranına keçdiyimizi göstərir. Bundan sonra iki böhran var: hökumət mən dediyim şərtləri yerinə yetirməsə, sosial böhran gələcək. Bu, o deməkdir ki, aztəminatlı ailələr məhv olacaq, banklarda pulu olan, ixtisar edilən insanların çox böyük narazılığı baş qaldıracaq və ölkədə idarə olunmayan xaosun elementlərinin daşıyıcıları meydana çıxacaq. Nəhayət, deyilən şərtlər yerinə yetirilməzsə, ağır sosial-iqtisadi böhranın arxasından siyasi böhran da qaçılmazdır.
– Bu halda nə baş verə bilər?
– Bu, ölkədə iki hadisəyə aparıb çıxara bilər: ya hakimiyyətə qarşı xalq üsyanı olacaq, ya da hakimiyyət özü gedəcək. Hər ikisi Azərbaycan dövləti və cəmiyyətinə olduqca ciddi zərbələr vuracaq. Başqa dövlətlər də müdaxilə edə, çox ciddi problemlər yarana bilər. Ona görə də iqtidar üsyan, inqilab, dövlət çevrilişinin olmasını istəmirsə, onda dərhal konkret işlər həyata keçirməlidir. Əvvəla, maliyyə-kredit böhranının istehlak böhranına keçməsinin qarşısını almalıdır. İnsanlar istehlak sahəsində məhdudiyyətlərə məruz qalmamalıdır. Bu, həm bazarda alıcılıq qabiliyyətini aşağı salacaq, həm də insanlar üsyankar olacaq. Ona görə də biz hökumətə təklif edirik ki, istehlak böhranına keçməməsi üçün maliyyə-kredit böhranı tənzimlənsin. Yolunu bilmirlərsə, təkliflərimizi verə bilərik. Ancaq istiqamətlərini dedim.