XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 04:33

Ekspert: “Qərbi tənqid etmək, onu satqınlıqda ittiham etmək asandır”
Azərbaycanlı ekspert: “Qərb Ukraynanı satmayıb...”
Ukraynanın Rusiya ilə faktiki qarşıdurma şəraitində olması, ölkənin ağır sosial-siyasi və iqtisadi zərbələr alması yerli siyasilərin pessimist bəyanatları ilə müşahidə olunur. ölkənin ilk demokrat prezidenti Viktor Yuşşenko bu günlərdə bəyan edib ki, Qərb Ukraynanı satıb, onu problemlərilə tək qoyub.
Yuşşenko deyib ki, Ukrayna böhranı İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük faciədir. Eyni zamanda o bildirib ki, dünya ölkələri Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təminat versələr də, son hadisələr zamanı sözlərini tutmadılar.
Sitat: “Mən 1994-cü ildə ABŞ-ın bizim müstəqilliyimizə qarantiya verdiyini xatırlayıram. Ukrayna məhz buna görə özünün nüvə potensialından imtina etdi. Zəmanəti ABŞ, Rusiya, Fransa, çin və Böyük Britaniya verdilər. Diplomatlar üçün memorandum və razılıqlar Bibliya kimi bir şeydir. Mən təəccüblənirəm ki, dünyanın bu qədər zəif yaddaşı var”.
Əlbəttə, Ukrayna Şərqi Avropanın ən iri ölkəsi olaraq SSRİ-dən qalan böyük hərbi mirasa, o cümlədən nüvə silahına malik olub. Və beynəlxalq səviyyədə ərazi bütövlüyü təminatı qarşılığında bu silahlardan imtina edib. Ancaq son hadisələr zamanı həqiqətən də Ukrayna ərazilərinin faktiki olaraq bölünməsi, Krımın ilhaq olunması və bütün bunların qanlı savaşla müşayiət olunması ölkəyə böyük zərbə vurub.
Ancaq ortada reallıq var ki, Qərb məhz Ukraynaya qarşı rəftarına görə Rusiya ilə əlaqələri məhdudlaşdırıb, Moskvaya qarşı ciddi embarqolar tətbiq olunub, Putin küncə sıxışdırılıb. Bütün bunların fonunda Qərbin Ukrayna siyasətini xəyanət kimi dəyərləndirmək doğrudurmu?
Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Qərb Ukraynanı satmayıb, ancaq dövlətlərin bu münaqişəyə və Rusiyaya münasibətdə fərqli yanaşmaları var və bu da özünü müəyyən vaxtlarda büruzə verir: “ABŞ və Avropa İttifaqının fərqli maraqları var. ABŞ Ukraynanı Rusiyadan qorumaq istəyir və bunun üçün Kiyevə gərəkli dəstəyi verir. Avropa İttifaqı da Ukraynaya siyasi və iqtisadi dəstəyini davam etdirir. Ancaq Ukraynada bəziləri dövlətin bütün dərd və yüklərini Qərbin boynuna yıxmağa çalışır. Bu isə artıq Qərbdəki dairələrin xoşuna gəlmir. Yuşşenkonun bəyənmədiyi Qərb Ukraynaya görə az qala Rusiya ilə düşmən olub, özünün zərəri hesabına belə Moskvaya qarşı sanksiyalar elan edib. Qərb bundan artıq nə etməlidir ki? Durub Ukrayna ordusunun əvəzinə Krım və Donbas uğrunda döyüşməli deyil ki”.
Ukraynada siyasətçilərinin problemləri Qərbin üzərinə atması tendensiyasının olduğunu qeyd edən ekspertin fikrincə, hazırkı hökumətin gərəkli addımlar atmaması, ciddi islahatlara gedə bilməməsi Ukraynada böhranı daha da dərinləşdirir: “Ukrayna Krımın ilhaqına mane olmadı, ordusu işğalçılara qarşı bir güllə belə atmadı. Bu səhnəni izləyən beynəlxalq aləm Krım uğrunda Rusiya ilə savaşmalı deyildi ki. Digər tərəfdən ABŞ və Avropa İttifaqı Ukrayna hakimiyyətindən struktur islahatları tələb edir. Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arseniy Yatsenyuk isə hələ ki, elə bir ciddi islahat aparmayıblar. Əksinə, hakimiyyət içində qovğalar başlayıb. İndi əgər Ukrayna hakimiyyəti islahat aparmayacaqsa, Qərb bu ölkəyə daim niyə maliyyə yardımı etməlidir ki?
Ukraynaya bu günə qədər edilən maliyyə yardımlarının taleyi heç bəlli deyil, hara və necə xərclənib. Ona görə də öz fəaliyyətsizliyini ört-basdır etmək üçün Qərbi tənqid etmək, onu satqınlıqda ittiham etmək asandır. önəmli olan Ukrayna hakimiyyətinin hesabat verməsidir ki, bu müddətdə hansı işləri görüb, Krım və Donbasın geri qaytarılması üçün hansı fəaliyyəti həyata keçirib və s. Bu fəaliyyət olmayacaqsa, Qərb Ukraynanın əvəzinə bu ölkənin problemlərini həll edəsi deyil. Ukraynada bəziləri özlərini körpəyə bənzədirlər, sanki hamı onların qayğısına qalmalıdır”.