XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 13:54

Müsavat AXCP-nin mitinqinə qatılmaq istəyir

   Arif Hacılı mitinqlə bağlı Cəmil Həsənli ilə danışdığını açıqladı

Müsavat 15 mart mitinqində iştirak etmək istəyir

“Milli Şuranın 15 mart tarixində aksiya keçirmək istəyi ilə bağlı müraciətinə hələ ki Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hər hansı cavab verilməyib və ola bilsin ki, bu, bayram günləri ilə əlaqədardır”. Bunu moderator.az-a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib.

O.Gülalıyevin sözlərinə görə, əgər müraciətə müsbət cavab verilməsə, o zaman məsələ yenidən Milli Şura daxilində müzakirə olunacaq: “Əgər BŞİH tərəfindən Milli Şuranın müraciətinə arzuedilən cavab verilməsə, o zaman aksiyanın keçirilib-keçirilməməsi məsələsi yenidən qurum daxilində müzakirə ediləcək və alınacaq qərara uyğun da addım atılacaq”.
Müxalifətin digər aparıcı qüvvəsi olan Müsavat Partiyasının Milli Şuranın 15 mart mitinqinə münasibətini öyrənmək üçün partiyanın başqanı Arif Hacılı ilə danışdıq.
A.Hacılı bildirdi ki, hazırda ölkədə yaranmış həm siyasi, həm iqtisadi vəziyyət etiraz aksiyalarını aktual edir. Bu baxımdan mart ayının 15-nə elan olunmuş mitinqin hədəfləri doğrudur: “Təəssüf ki, mitinq təyin olunarkən bizə müraciət olunmadı. Lakin mən təkəbbürlü adam deyiləm, bundan əvvəlki mitinqlərlə bağlı Milli Şuranın bizə göstərdiyi münasibətdən asılı olmayaraq, mart ayının 2-də Elmar Hüseynovun anım mərasimi zamanı Cəmil Həsənli ilə görüşərək ona bildirdim ki, əgər Milli Şura Müsavat Partiyasının bu mitinqdə iştirakını arzu edirsə, biz bundan sonrakı mərhələdə də mitinqin həm təşkilatçılıq işində, həm də bütövlükdə bu mitinqlə bağlı bütün məsələlərdə öz resurslarımızı cəlb etməyə hazırıq. Təəssüf ki, bu günə kimi Milli Şuradan bu müraciətimə heç bir cavab verilməyib. Açıq-aydın görünür ki, Milli Şura bu aksiyada Müsavat Partiyasının bir təşkilat olaraq iştirakını arzulamır”.
“Müsavatın partiya şəklində olmasa belə, müsavatçıların fərdi şəkildə mitinqdə iştirakı gözləniləndirmi” sualına Arif Hacılı belə cavab verdi: “Biz bundan əvvəl Milli Şuranın təşkil etdiyi mitinqlərdə iştirak etmişik. üzvlərimiz bu mitinqlərdə kifayət qədər fəal olub. Baxmayaraq ki, Müsavat Partiyası mitinq keçirərkən Milli Şura nümayəndələri nəinki bu mitinqdə iştirak etmədilər, əksinə, mitinqin əleyhinə təbliğat apardılar və faktiki olaraq aksiyaya qarşı mövqelərini gizlətmirdilər. Bununla belə, biz çalışacağıq ki, AXCP-nin bizə bu məsələdə göstərdikləri mövqelərə adekvat olmayan mövqe nümayiş etdirək. Yəni bu məsələ müzakirə olunarkən AXCP-nin bizə göstərdiyi münasibət yox, Azərbaycan cəmiyyətinin mənafeləri nəzərə alınacaq”.
Müsavat başqanı 15 mart mitinqi və bundan sonrakı dövrdə keçiriləcək mitinqlərdə kütləviliyin necə ola biləcəyi haqda sualımıza da cavab verdi: “Siyasi və iqtisadi problemlər, eyni zamanda bu il parlament seçkilərinin keçirilməsinin planlaşdırılması ölkədə siyasi fəallığın artacağından xəbər verir. Hesab edirəm ki, əgər ölkədə kifayət qədər resurslara malik olan qüvvələr ilk mitinqi birgə təyin etsəydilər, həm ictimai rezonans baxımından, həm də iştirakçıların sayı baxımından fərqli bir aksiya olardı. Ancaq mövcud reallıqları nəzərə alaraq vəziyyəti dəyərləndiririk. Müsavat Partiyasında kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar məsələlər ciddi müzakirə olunur. Hələ ötən ay kütləvi aksiyaların aprel ayından gec olmayaraq başlanmasının zəruri olduğu barədə fikrimizi bildirmişik. Bu il keçiriləcək aksiyalar əvvəlki illərdə keçirilən-ən azı 2014-cü ildə keçirilən aksiyalardan fərqli olacaq”.