XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 16:00

90 saylı dairə diqqətdə –Beynəlxalq müşahidəçilərdən ilk seçki açıqlamaları

sechki-90

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir.
 
Strateq.az APA-ya istinadla bildirir ki, Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi – AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu hazırda seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.
 

shennak-1
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ilkin təəssüratlarını bölüşüb: “Mən indiyədək 6 seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. Seçicilər sərbəst seçimlərini edirlər. Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Müşahidələr zamanı gördüm ki, bəzi vətəndaşlar 90 saylı Ağdaş seçki dairəsi üzrə ötən ilin noyabrında keçirilən seçkilərin nə üçün ləğv olunması və təkrar seçkilərdə nəyə görə iştirak etdiklərini bilmirlər. Bəzi yerli müşahidəçilər də seçkilərdə nəyə diqqət yetirməli olduqlarını bilmirlər. Biz bəzi seçicilərin deputatlığa namizədlər barədə kifayət qədər məlumatlı olmadığını müşahidə etdik”. 

musahideci-1

“Günortayadək Ağdaş şəhərində və kəndlərdə 8 seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər” – bunu isə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda deyib.

Azərbaycanda belə bir məsul missiyanı yerinə yetirdiyinə görə şad olduğunu vurğulayan S. Preda hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirib: “Ümumilikdə Ağdaşda seçki prosesinə ciddi hazırlıq işlərinin görüldüyünü müşahidə edirəm. Seçkilər tam demokratik keçir və baş çəkdiyim məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişəm”. 

S. Preda seçki məntəqələrində səsvermənin normal keçdiyini vurğulayıb.

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.

Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər – Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov (“Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov (“Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).

Səsvermə saat 19:00-da başa çatacaq.