XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 17:04

Nazir Ramil Usubov səfiri qəbul etdi –Müzakirə (FOTO)

ramil-usubov-fransa-sefiri-qebul

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib. 

Strateq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdəki diplomatik fəaliyyətində ona uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. 

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan, respublikamızda səfirliyi fəaliyyətə başlayan ilk dövlətlərdən biri olduğunu xatırladan nazir son illər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, bu əlaqələrin qurulmasnda Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətlərini məmnunluqla vurğulayıb, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində ikitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu nəzərə çatdırıb.

Fransalı diplomata müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi hadisələr, xalqın tələbilə Ümummilli Lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, onun rəhbərliyi altında həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi barədə məlumat verilib, ölkəmizin Avropaya inteqrasiya etdiyi, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul olunduğu, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən fransalı mütəxəssislərin böyük rolu olduğu, həmin qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. 

Fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində beynəlxalq əməkdaşlığın da əhəmiyyətli rolu olduğunu deyən nazir son 10 ildə 7 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun ümumi işə müsbət təsir göstərdiyini qeyd edib.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Fransa Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğu, həmin sənədin imzalanmasının əlaqələrin daha da inkişafına əlverişli hüquqi zəmin yaradacağı bildirilib. 

General-polkovnik Ramil Usubov insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində əhəmiyyətli işlər görüldüyünü, DİN rəhbərliyinin bu işə xüsusi həssaslıqla yanaşdığını nəzərə çatdırıb. 

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb. Xüsusən terrorçuluqdan ölkəmizin hər zaman əziyyət çəkdiyini xatırladan nazir ötən il Parisdə baş vermiş terror hadisələri zamanı dinc və günahsız vətəndaşların həlak olması ilə əlaqədar səfirə bir daha başsağlığı verib.

Xanım Orelia Buşez səmimi qəbula, ətraflı məlumata və başsağlığına görə təşəkkür edib, ölkəmizdə tolerantlıq mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.