XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 06:29

15 mart mitinqi ilə bağlı müəmma

15 mart mitinqi ilə bağlı müəmma

Milli Şura xalqa səsləndi; YAP aksiyanın sifarişinin xaricdən gəldiyini bəyan etdi

Dünən günün birinci yarısında facebook-da və bəzi saytlarda Bakı Şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə 15 mart mitinqinə razılıq verilmədiyinə dair məktub yayılıb. Bir qədər sonra Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı “Azadlıq”a açıqlama verərək xəbərin təxribat olduğunu bəyan edib. O bildirib ki, həmin məlumatı görən kimi Zaur Ramazanovla əlaqə saxlayıb. Ramazanov deyib ki, onun imzası ilə yayılan məktub saxtadır.
Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqi ilə bağlı cavabı hələ hazırlamayıb. Cavab hazır olan kimi təşkilatçılara göndəriləcək. BŞİH rəsmisi bu mövzuda təşkilatçıların xəbəri olmadan yayılan istənilən məlumata inanmamağı məsləhət görüb.
F.Qəhrəmanlı mitinqdə iştirak məsələsinə toxunaraq bildirib ki, aksiyada konkret kimlərinsə iştirakına qadağa qoyulmayıb. Müsavata gəlincə, adıçəkilən partiya da bu mitinqdə iştirak edə bilər: “Dediyimiz kimi, bu, ümumxalq aksiyasıdır. Sosial statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu aksiyaya qatıla bilər. Aksiyaya Azərbaycan xalqı dəvət olunub”.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı mətbuata açıqlamasında 15 mart mitinqi ilə bağlı Milli Şuradan müraciət daxil olmadığını deyib. O, Milli Şuranın Müsavatın təşkilat olaraq aksiyada iştirakını arzulamadığını da təəssüflə vurğulayıb.
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə “Trend”ə bildirib ki, Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin sifarişi xaricdən gəlib: “Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar bunun xeyirli tərəflərinin nədən ibarət olması ilə əlaqədar cəmiyyətə kifayət qədər informasiya verildi. Milli Şura adlanan ölü bir qurum özünün mövcud olmasını göstərmək üçün belə addımlar atır. Deyirlər ki, tikilən stadiona və yaxud da yolların, müxtəlif ərazilərin abadlaşdırılması üçün bu qədər xərc çəkilib. Təbii ki, bu işlərdə minlərlə azərbaycanlı çalışıb, evlərinə çörək aparıblar, ölkəmiz abadlaşıb. Bu pullar havayı yerə xərclənməyib ki. O qədər bisavad, əsassız bəhanələr gətirirlər ki. Təbii ki, bunların da sifarişləri xaricdən gəlir, daxili məsələ deyil. çünki daxildə ictimaiyyət bunların hamısını başa düşür, ictimaiyyətin bu məsələlərə reaksiyası bəllidir və o mitinqə də heç kim gəlməyəcək. Bu mitinqin heç bir əsası yoxdur”.
MŞ isə dünən mitinqlə bağlı xalqa çağırış edib. Müraciətdə siyasi mənsubiyyətindən asılı olmayaraq öz taleyinə, ölkəmizin və xalqımızın gələcəyinə görə narahat olan hər kəs “Talana son!” şüarı ilə 15 mart 2015-ci il tarixdə saat 15. 00- da, “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək mitinqə çağırılır.