XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 06:56

İran prezidentinin Azərbaycan barədə danışan köməkçisinə tutarlı cavab

Samir Adıgözəlli: “Türklər İran əhalisinin azlığını deyil, etnik çoxluğunu təşkil edir”

“İran Azərbaycanın Xəzərin enerji resurslarından faydalanaraq güclənməsini istəmir”

İran prezidentinin milli və dini azlıqların işləri üzrə yardımçısı Əli Yunisi “İran kimliyi” mövzusunda keçirilən konfransda sensasion açıqlamaları ilə diqqət çəkib. O bildirib ki, İran yaylası bütün İran millətlərinin, mədəniyyətinin və dillərinin qabıdır.
“Kiçik mədəniyyətlər və kiçik millətlər başqa yerlərdən gəlsələr də, zaman-zaman onların dil və mədəniyyətləri iranlılaşıb” – deyə prezident köməkçisi bildirib.
Ə.Yunisi türk kimliyini inkar edərək bir daha türkləri “azərilər” adlandırıb. “Azərilər ən qədim İran qövmlərindən biridir və onlar İran imperatorluğunun qurucularından olublar. Bəzi azərilər türk dilini qəbul edib, lakin bu dil İran yaylasına daxil olduqda iranlılaşıb və başqa ölkələrin türkcəsindən fərqlənib”-İran rəsmisi deyib.
İranda coğrafi adların dəyişdirilməsi prosesinin yeni vüsət aldığı bir vaxtda Yunisi başqa bir arzusunu da dilə gətirib. Bildirib ki, “yaxşı olardı “Xəzər” adının yerinə “Kaspian” adından istifadə edək! Bütün dünya da onu bu adla tanıyır”.
İran yaylasının böyük bir əraziyə malik olduğunu deyən Yunisi İraqla da bağlı iddialı çıxış edib: “İraq sadəcə bizim mədəniyyət hövzəmizdə deyil, o bizim kimlik, mədəniyyət, mərkəz və paytaxtımızdır. Bu məsələ həm indi belədir, həm də keçmişdə belə olub”.
Yunisi öz çıxışında türklərə nifrətini başqa bir şəkildə də dilə gətirib. O vurğulayıb ki, “İran yaylasında yaşayanların hamısına dəstək verəcəyik və onları islam fanatizmi, təkfirçilik, yeni Osmanlıçılıq, vəhhabilik, Qərb istilası və sionizmdən qoruyacağıq”.
Bir daha qeyd edək ki, Əli Yunisi İran prezidenti Həsən Ruhaninin milli və dini azlıqların işləri üzrə yardımçısıdır.

Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında İran rəsmisinin sərt tənqid etdi:

“Görün bu sözləri kim deyir? İranda yaşayan millətlərin problemlərini həll etməkdə görəvli olan bir adam. İrandakı millətləri “qövm” adlandıran prezident yardımçısı hər bir fürsətdə fars dilindən başqa digər dilləri etibarsız göstərmək üçün ağlasığmaz dəlil və sübutlardan istifadə etməyə çalışır. Ancaq onun nəzərinə çatdırmaq istəyirik ki, bu belə deyil. Hazırda İran adlanan ərazinin böyük bir hissəsini Cənubi Azərbaycan torpaqları təşkil edir. Biz tarixi gözəl bilirik və əminəm ki, həmin ifadələrin müəllifi də bunları bilməmiş deyil. Türklər İran əhalisinin azlığını deyil, etnik çoxluğunu təşkil edir. Azərbaycanın ikiyə bölünməsinin əsası 200 il bundan əvvəl qoyulub. Siz bilirsiniz ki, mənim təmsil olunduğum təşkilat İranda yaşayan soydaşlarımızın pozulan hüquqları ilə aktiv şəkildə məşğul olur. Bir növ, məlum fikirlərin müəllifinin görməli olduğu işləri həyata keçirir. Xəzər dənizinin adının dəyişdirilməsinə də heç bir lüzum görmürük. Belə çağırışları biz zaman-zaman İran rəsmilərinin dilindən çox eşidirik. Əslində, onları narahat edən başqa şeydi. Xəzərin adı bəhanədir. İran Azərbaycanın Xəzərin enerji resurslarından faydalanaraq güclənməsini istəmir. Xəzərin hərbiləşdirilməsi istiqamətində İranın atdığı son addımlar bunun bariz nümunəsidir”.
Məhəmmədəli QƏRİBLİ