XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 07:22

İran və Rusiyanın Xəzərdə güclənməsinin sirri

Qabil Hüseynli: “1923-cü ildə imzalanmış müqaviləyə əsasən, İranın Xəzərdə heç bir hərbi qüvvə saxlamağa icazəsi yoxdur”

“Bir sözlə, bütün bu təxribatlar “Transxəzər”ə pul qoyan dövlətləri qorxudaraq layihədən çəkindirməyə hesablanıb”

Xəzərin statusu ilə bağlı müzakirələrin aktiv fazaya qədəm qoyduğu bir vaxtda Rusiya ilə İran dənizdə öz hərbi arsenalını artırır. Məhz belə bir vaxtda məlum olub ki, İranın Hərbi-Dəniz Qüvvələri sürətli və çevik hərbi gəmini təhvil alıb.
“Damavand” adlı destroyer İranın Xəzər donanmasının tərkibinə qatılacaq. Uzunluğu 90 metr, ağırlığı 1300 ton olan gəmi qanadlı raketlərlə, torpedo və elektron hərbi avadanlıqlarla təchiz olunub. İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Həbibulla Səyyari deyib ki, “Damavand” bundan əvvəl İranın Fars körfəzi sularında dislokasiya olunmuş donanmasına verilən “Camaran” destroyer gəmisindən daha sürətli və çevikdir. İran mediası xəbər verir ki, hazırda ölkənin cənubundakı tərsanələrdə “Damavand” tipli daha üç hərbi gəmi inşa olunmaqdadır. İran son illər Xəzərdəki hərbi qüvvələrini gücləndirir, onu kiçik sualtı qayıqlarla və raket gəmiləri ilə təchiz edir.
İranla yanaşı, Rusiya da dənizdə mövqelərini gücləndirir. Məsələn, bu ilin əvvəlində Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının tərkibinə yeni döyüş gəmisi daxil edilib. “Velikiy Ustyuq” adlı gəmi, Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınmaqla, Xəzər Flotiliyası üçün xüsusi olaraq tikilib. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi “Kalibr-NK” universal raket kompleksi ilə silahlandırılıb. Digər tərəfdən, Rusiya bu il ərzində Xəzər donanmasının tərkibinə 4 ədəd 23370 layihəli çoxfunksiyalı hərbi kater daxil edəcək. Yaxın vaxtlarda katerlərin dövlət sınaqları başlanacaq. Katerlərin cari ilin birinci yarısında istifadəyə qəbulu gözlənir. Ehtiyac olmadığı halda Xəzərə belə hərbi texnikanın cəmləşdirilməsi onun sürətlə hərbiləşdirilməsi deməkdir ki, bu, dənizin hüquqi statusunun müəyyən olunmasında ciddi maneə yaradır. Digər tərəfdən, belə hal dənizdə yeni layihələrin həyata keçməsinin də qarşısını alır. Bu sırada ilk olaraq “Transxəzər” layihəsinin adı çəkilir. Avropanın “Transxəzər”lə bağlı yenidən fəallığı isə Rusiya və İranın Xəzərdə maraqları ilə ziddiyyət təşkil edir.
İndi dənizdə güc nümayiş etdirməklə həmin ölkələr burada gərgin vəziyyət formalaşmasında maraqlı tərəf kimi çıxış edir və bu, “Transxəzər”in çəkilməsinə maneə kimi qiymətləndirilir.
Əksər ekspertlər bu qənaətdədir ki, Rusiya və İranın dənizdə hərbi qüvvələr cəmləşdirməsinin əsas səbəblərindən biri məhz “Transxəzər”in çəkilişinin qarşısını almaqdır. Ekspertlər hesab edir ki, “Transxəzər”in çəkilməsini istəyən Qərb bu məsələni mütləq həll etməlidir. Hazırda Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq niyyəti fonunda Türkmənistan “Transxəzər”in icrasının reallaşdırılmasına Qərbin dəstəyi ilə fəal şəkildə qoşula bilər. Xatırladaq ki, 2011-ci il sentyabrın 7-də Avropa İttifaqı “Transxəzər” layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Elə o vaxtdan Rusiya “Transxəzər”ə qarşı daha fəal siyasət aparır. Bu sırada İran da yer alır. Hər iki ölkə “Transxəzər”in çəkilməsinə qarşıdır və məqsədlərinə nial olmaq üçün ən müxtəlif variantlardan istifadə etməyə hazır olduqlarını gizlətmirlər.


Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, iki böyük ölkənin Xəzərdə əzələ nümayiş etdirməsi birbaşa onların təmin olunmamış maraqları ilə bağlıdır: “Razılaşıram ki, başlıca səbəb “Tarnsxəzər”dir. Hər iki ölkə bu layihəyə qarşı çıxıb. Yada salmaq istəyirəm ki, Rusiyanın yüksək dövlət rəsmisi Roqozin açıqlamasında bildirmişdi ki, onun təmsil olunduğu dövlət lazım gələcəyi təqdirdə hərbi güclə də olsa “Transxəzər”in reallaşmasına imkan verməyəcək. İran rəsmiləri də dəfələrlə buna bənzər bəyanatlarla çıxış edib. Hazırda hər iki ölkə Xəzəri partlamağa hazır olan barıt çəlləyinə çevirməkdə maraqlıdır. Bunu görən bütün Xəzəryanı dövlətlər öz hərbi güclərini artırır.
Ancaq bu, Rusiya ilə müqayisə oluna bilməz. Hesab edirəm ki, İranın Xəzərdə hegemonluğa keçməsi də Rusiya ilə razılaşdırılmış şəkildədir. 1923-cü ildə imzalanmış müqaviləyə əsasən, İranın Xəzərdə heç bir hərbi qüvvə saxlamağa icazəsi yoxdur.
Ancaq buna məhəl qoyulmur. Rusiyanın özü Qara dənizin dibi ilə ikinci kəmərini çəkməyə hazırlaşır. Bir dənə də belə kəməri Baltik dənizindən çəkib. Buna deyirlər qolu zorlu siyasət.
Mənə olar, başqalarına yox. Bir sözlə, bütün bu təxribatlar “Transxəzər”ə pul qoyan dövlətləri qorxudaraq layihədən çəkindirməyə hesablanıb”.