XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 16:09

Azərbaycanda icbari hərbi xidmət ləğv olunacaq? –Deputatdan açıqlama

azerbaycan-ordusu

"Azərbaycanda icbari hərbi xidmətin ləğvi indiki şəraitdə ölkəyə heç bir xeyir gətirməyəcək".

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov Gürcüstanda icbari hərbi xidmətin ləğv edilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili deyib ki, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu bir vaxtda ordumuzda bu cür islahatlar aparmaq lazım deyil: "Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır, minlərlə şəhid vermişik. Prezidentimizin qəti mövqeyi var ki, bir qarış torpağımızı heç kimə güzəştə getməyəcəyik və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayacaq. Çox təəssüflər olsun ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupu da heç bir müsbət iş görməyib, BMT-nin 4 qətnaməsi hələ də icra olunmayıb və vəziyyət olduğu kimi qalır. Amma bu ilin aprel ayında erməni təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinə öz gücünü, peşəkarlığını göstərdi, işğal altındakı bəzi ərazilərimiz düşmən tapdağından azad edildi. Bunu Azərbaycan əsgəri, Azərbaycan zabiti etdi. Bu gün bizim ordumuz elə qurulub, elə silahlanıb ki, bu orduya heç bir halda toxunmaq olmaz. Hazırda Azərbaycan Ordusunu gücləndirmək, qüdrətləndirmək lazımdır".

B.Sadıqov deyib ki, hansısa dövlətin öz ordusunda islahat aparması onun daxili işidir. Gürcüstan indiki halda Azərbaycana nümunə ola bilməz: "Düzdür, Gürcüstanın da torpaqları işğal altındadır. Amma Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələdə öz konkret mövqeyini ortaya qoyub. Artıq elə bir vəziyyətə çatmışıq ki, bizim kifayət qədər gücümüz də var, qüdrətimiz də. Azərbaycan Ordusunda çox yüksək peşəkarlığa malik hərbçilər var. Bu vəziyyətdə Azərbaycan Ordusunda belə bir islahat keçirmək yalnız bizim ziyanımıza ola bilər. Hazırda yalnız torpaqlarımızın işğaldan azad edilməsini fikirləşməliyik".

Millət vəkili bildirib ki, Gürcüstan ordusunun müqavilə əsasında hərbi xidmətə keçməsi ordunun güclənməsinə mənfi təsir göstərə bilər: "Çünki icbari hərbi xidmətin ləğv edilməsi ilə peşəkar ordu sisteminə keçid müəyyən vaxt aparacaq. Bu proses tamamlanandan sonra həmin ordu güclənməyə başlayacaq".

Trend.az